Sərhəddə silahlar susmursa... - “Onlar istənilən vaxt təxribat yarada bilər”
Qarabağ
284
16:42, Bu gün

Sərhəddə silahlar susmursa... - “Onlar istənilən vaxt təxribat yarada bilər”

Martın 16-sı saat 18:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar və Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu uzun müddət sonra sərhəddə baş verən ilk belə silahlı insidentdir.
 
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan ehtiyatda olan polkovnik Elxan Şıxəliyev bildirib ki, bu təxribatların arxasında İrəvanın havadarları dayanır:
 
“Son zamanlar Ermənistan tərəfindən sülh sazişinin müddəalarının razılaşdırılmasına dair mesajlar verilsə də, İrəvanın faktiki addımlarının bunun tam əksini göstərdiyini görürük. Son 1 gün ərzində Ermənistan silahlı qüvvələrinin birinci eşalon bölmələri tərəfindən 3 istiqamətdə atəşkəsi pozması, birbaşa yeni münaqişənin ola biləcəyinə dair Ermənistan tərəfinin təhrikləri kimi qiymətləndirilməlidir.
 
Ermənistanı buna təhrik edən qüvvələr var. Xüsusən, Ermənistanın silahlanmasında maraqlı olan dövlətlər sülh sazişinin imzalanmaması fonunda, silahlanmanı sürətləndirməyə və Ermənistandan külli miqdarda vəsait qazanmağa yönəlik siyasət yürüdürlər. Burada Fransa və Hindistan daha çox maraqlı olan ölkələrdir. Çünki Ermənistanın müdafiə və silah tədarükü xərclərinin böyük çoxu bu 2 ölkəyə gedir.
 
Digər tərəfdən, Ermənistanda həm Avropa İttifaqının, həm Rusiyanın, həm də ABŞ-nin maraqları kəsişdiyi üçün, Moskvanın Ukrayna ilə müharibədən sonra gələcəkdə mümkün ola biləcək Zəngəzur dəhlizinin açılmasında Rusiyanın nəzarətinin gücləndirilməsinə dair təzyiqləri olacaq”.
 
Ekspert qeyd edib ki, hazırda Ermənistanda bir sıra qüvvələr var ki, onlar istənilən vaxt təxribat yarada bilər:
 
“Bundan əlavə Ermənistan silahlı qüvvələrinin, Avropa İttifaqının Mülki Missiyasının, Rusiya FTX hərbçilərinin, “Yerkrapa”nın və Ermənistan hökumətinə tabe olmayan bir sıra qüvvələrin şərti sərhəddə istənilən təxribatı modelləşdirə biləcəyini gözləməliyik.
 
Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olmayan qüvvələr təxribatlara daha çox cəhd edəcək. Çünki atəşkəsin pozulması adətən yeni bir münaqişənin səbəbi kimi qəbul edilə bilər. Buna görə də sülh sazişi imzalanmayana qədər Ermənistan atəşkəsin pozulması hallarını həyata keçirərək, vaxtı uzatmağa çalışacaq.
 
Ermənistan tərəfini nə qədər də yeni müharibəyə təhrik etsələr də, mümkün ola biləcək 3-cü müharibədə Ermənistanın heç bir halda qalib gəlmə ehtimalı yoxdur. Hərbi güc nisbətində Azərbaycan Ermənistanda bütün komponentlərdə 31 pillə irəlidədir. Ermənistan nə qədər silahlansa belə, faktiki müharibədə qalib gələ bilməyəcəyini İrəvan çox yaxşı bilir”.
Link kopyalandı!
Son xəbərlər