Bizi sosial şəbəkələrdən izləyin:
İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də kiçik gizir Amin Taciddin oğlu Novruzovdur.
Amin Novruzov 16 avqust 1996-ci ildə Balakən rayonunun Qullar kəndidə anadan olub. Amin 2002-ci ildə Balakən rayon Cərətli kəndində Mikayıl Muşviq adına orta məktəbdə I sinifə gedib. 2009-cu ildə Balakən rayonu Humanitar və texniki təmayüllü liseyin VII sinfinə qəbul olub, 2014-cü ildə həmin liseyin XI sinfini bitirib. Orta təhsilini bitirəndən sonra Amin Novruzov həqiqi hərbi xidmətə gedib. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olan Amin 2016-cı ilin aprel döyüşlərində iştirak edib.
Amin Novruzov 2017-ci ildən Dövlət Sərhəd Xidməti sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. 5 aylıq hazırlıq kursunu müvəffəqiyyətlə tamaladıqdan sonra Amin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında tuşlayıcı-operator vəzifəsində xidmətə başlayıb. Xidmət etdiyi müddətdə intizamlı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirən, keçirilən taktiki təlimlərdə yüksək nəticələr əldə edən Amin hərbi hissənin ən yaxşı tuslayıcı-operatorlardan biri olub.
2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti hərbi təxribatının qarşısının alınması üçün əks hücum əməliyyatı başlayanda Amin Novruzov da ön cəbhəyə yollanıb. 44 günlük Vətən Müharibəsinin ilk günlərindən döyüşə atılan Amin Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi fədakarlıq göstərib.
Amin 16 oktyabr 2020-ci il tarixdən Cəbrayıl-Zəngilan istiqamətində İran İslam Respublikası ilə dövlət sərhədinin azad edilməsində, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətli yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda döyüşlərdə xüsusi qəhrəmanlıq və şücaəti ilə fərqlənib. Noyabrın 1-də 1117.0 adsız yüksəkliyinin azad edilməsində Amin şəxsi igidlik nümunəsi göstərib. Həmin gün yüksəkliyin geri alınması məqsədilə düşmənin əks-hücumun qarşısını alarkən Amin Novruzov boğazından ağır güllə yarası alaraq şəhid olur. 3 noyabr 2020-ci il tarixdə Balakən rayonu Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən kiçik gizir Amin Novruzova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Bundan başqa Amin Novruzov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun adının əbədiləşdirilməsi üçün də tədbirlər görülüb. Hazırda Balakən şəhəri Humanitar və texniki təmayüllü lisey Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun adını daşıyır.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.