Amerikalı jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
1425
03 Aug 2023 | 18:30

Amerikalı jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Bir qrup amerikalı jurnalist və media eksperti Quba Soyqırımı Memorial Kompleksinə baş çəkib.

Qonaqlar 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Qonaqlar həmçinin dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlar, Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə də tanış olublar.

Link kopyalandı!
Son xəbərlər