Bahar Səmədova: “Ağalıda yaşamaq üçün lazım olan hər bir iş görülüb” - FOTO
Qarabağ
1463
19 Jul 2023 | 12:20

Bahar Səmədova: “Ağalıda yaşamaq üçün lazım olan hər bir iş görülüb” - FOTO

“Ağalının bundan sonra inkişafı biz sakinlərdən asılıdır”.

Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndinə ilk köçən sakinlərdən olan Bahar Səmədova deyib.

O bildirib ki, Ağalıda həyatın normala dönməsi üçün lazım olan hər bir iş görülüb:

“Artıq bir ildir buradayıq. Dövlətimizin daim var olması üçün dua edirik. Bura gələndə evimizi tam hazır olaraq təhvil aldıq. Digər şəraitin yaradılmasında da bizə dəstək olundu. Artıq qalan işlər bizdən asılıdır. Su, işıq varsa, məncə, qalan işləri özümüz görə bilərik. Bundan sonra əkin işləri, ehtiyacların təmini bizim zəhmətimizlə olmalıdır. Əsas odur ki, biz Ağalıdayıq və buna görə çox şükür edirik”.

B.Səmədova söyləyib ki, səhhəti ilə bağlı cəmi bir dəfə iki günlük Bakıya gedib, Ağalıda olmadığı bu iki gündə geri dönmək üçün səbirsizlənib:

“Bu gün doğma kəndimizdə olduğumuz üçün başda Prezident İlham Əliyev olmaqla dövlətimizə minnətdarıq, şəhidlərimizin ruhu qarşısında baş əyirik. İllərdir məcburən Ağalıdan uzaqda yaşasaq da, bu gündən etibarən bura daha çox bağlanmalı, daha çox qurub yaratmalıyıq”.

“Mən bütün məcburi köçkünlərə tezliklə öz ata-baba yurdlarına qovuşmağı arzu edirəm. Kənarda nə qədər yaxşı imkanımız olsa da, bu gün hər birimiz işğaldan azad edilən torpaqlarımıza qayıtmağa və buraları cənnətə çevirməyə borcluyuq. Çünki, bu torpaqlar şəhidlərimizin qanı ilə yoğurulub, bizlərə əmanət edilib. Gəlin, yaşayaq, yaradaq ki, şəhidlərimizin də ruhu şad, dövlətimiz firavan olsun”, - Ağalı kənd sakini fikrini tamamlayıb.

Qeyd edək ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür.

30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz ötən ilin bu günü öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıb.

Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib.

Yenidən qurulan Ağalı kəndində küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib. Həmçinin, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.

Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə “ASAN”, “DOST”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektlər və s. mövcuddur.

Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işlər davam edir və təmir işləri başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər