Qayıdış Könüllüləri Talış kəndində “Kod Qarabağ” intellektual oyunu keçirib - FOTO
Qarabağ
1597
18 Jul 2023 | 15:09

Qayıdış Könüllüləri Talış kəndində “Kod Qarabağ” intellektual oyunu keçirib - FOTO

“Qayıdış Könüllüləri” Proqramının “Ağdam Könüllüləri” qrupu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Tərtərin işğaldan azad olunan Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər üçün “Kod Qarabağ” məntiqi-intellektual komanda oyunu keçirilib.
 
İntellektual oyunun keçirilməsində məqsəd Qarabağı, işğaldan azad olunmuş əraziləri gənclərə daha yaxından tanıtmaq, şanlı Zəfər tariximizi onlar arasında təbliğ etmək və Talış kəndində məskunlaşan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək olub. Könüllülərin də iştirakı ilə ümumilikdə 30 nəfər yeniyetmə və gəncin 6 komanda şəklində qatıldığı oyunda iştirakçılara Qarabağ, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, həmçinin “Heydər Əliyev və Qarabağ” mövzularında düşündürücü suallar təqdim olunub. Üç mərhələdən ibarət oyunda ən çox suala düzgün cavab verən “Suqovuşan” komandası gərgin keçən mübarizənin qalibi elan olunub. “Dəmir Yumruq”  və “Zəfər” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər mükafatlandırılıb, onlara sertifikat və hədiyyələr təqdim olunub.
 
Qayıdış Könüllüləri tərəfindən Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə birlikdə “Heydər Əliyev İli” çərçivəsində Talış kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün həyata keçirilən fəaliyyət planına uyğun olaraq bu kimi maraqlı məzmunlu, müxtəlif tədbirlərin bundan sonra da davamlı olaraq hər ay keçirilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.
 
Proqram çərçivəsində könüllülərin işğaldan azad olunmuş ərazilərdə müxtəlif könüllü fəaliyyətlərdə, o cümlədən mütəmadi olaraq bu ərazilərdə keçiriləcək tədbirlərin təşkilində iştirak, buraya səfər edən yerli və xarici qonaqlarla iş, qayıdışa hazırlıq, bərpa və yenidənqurma işlərinə, məskunlaşmaya dəstək, həmçinin Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunmaları nəzərdə tutulub. Hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qrupları formalaşdırılıblar. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması planlaşdırılır.

 

Link kopyalandı!
Son xəbərlər