Rusiya sülhməramlılarının avtomobilində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb - FOTO
Qarabağ
2903
27 Apr 2023 | 12:11

Rusiya sülhməramlılarının avtomobilində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb - FOTO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
 
"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, Xankəndi-Laçın yolundan sülhməramlılara məxsus daha 4 avtomobil maneəsiz şəkildə hərəkət edib.
 
Belə ki, sülhməramlılara məxsus 2 hərbi sərnişin daşıyan avtomobildə Xankəndi istiqamətindən erməniəsilli şəxslər Laçın istiqamətinə aparılıb.
 
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
 
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 137 gündür davam edir.
 
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
 
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Link kopyalandı!
Son xəbərlər