“Cəbrayıl işğal olunan vaxt mən rayonda idim. Doğrusu, heç bir güllə atılmadan rayon işğal olundu. Çünki həmin vaxt bizim ordumuz yox idi, o istiqamətdə Rusiyanın köməyi ilə ermənilər rayonu işğal etdilər”.
Bunu Moderator.az-a açıqlamasında Cəbrayılda doğulub boya-başa çatan yazıçı Elçin Hüseynbəyli deyib. O, açıqlamasında bu gün özünü çox xoşbəxt hiss etdiyini dilə gətirib:
“Ancaq həqiqi mənada mən bu gün özümü çox xoşbəxt hiss edirəm ki, bizim Cəbrayıl rayonu artıq işğaldan azad olunub. Bizim aslan kimi oğlanlarımız torpağımızı azad edib. Orda mənim qohum-əqrabalarımdan həyatını, gözünü, ayağını itirənlər var. Sözün həqiqi mənasında mənim üçün çox xoş bir gündür. Əlbəttə, Füzuli rayonu da bizim qonşu rayon idi və o da həmin vaxt işğal olunmuşdu. Ona görə də bu günlə fəxr etməliyik. Bu gün bizim tariximizə, adımıza yazılan, ləkəmizi silən bir gündür. Vaxt var idi "bu gün Cəbrayılın işğal günüdür" - deyib musiqi dinləmirdik, bunu sanki yas kimi qeyd edirdik. Amma indi hamı qol qaldırıb oynaya da bilər. Çox sevincliyəm, xoşbəxtəm ki, Qarabağımız azad olunub”.
Qeyd edək ki, 1993-cü ilin 23 avqustunda Füzuli və 24-də isə Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunmuşdu. 2020-ci il Vətən müharibəsi zamanı ordumuz oktyabrın 4-də Cəbrayılı, 17-də isə Füzulini düşmən tapdağından azad etdi.
Vasif Əlihüseyn