“Açılış tədbirində hazırkı Prezidentimiz, Şuşamızın azadlığına nail olmuş cənab Ali Baş Komandan İlham Əliyev də iştirak edib...”
*** ***
Bu illər ərzində istedadlı rəssam olan qalereya rəhbəri 17 məhəllədən ibarət qədim Şuşanın bütün məhəllələrini yağlı boya ilə kətana köçürüb...
İşğaldan azad bölgələrimizin sakinləri ilə yanaşı, 29 il öncə insanlarla bərabər didərgin düşmüş bir sıra tarixi-mədəni obyektləri də sanki doğma məkanlara qovuşacağı günü gözləyir. Belə mədəniyyət-incəsənət müəssisələrindən biri də 1992-ci ildən bəri Bakının Nərimanov rayonunun keçmiş Montin parkı ərazisində, İ.Hidayətzadə küçəsi 16 ünvanında müvəqqəti fəaliyyət göstərən, amma artıq Şuşanın da azad olduğu bu günlərdə azad nəfəs alan Şuşa Dövlət Rəsm Qalereyasıdır.
Şuşa Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsinin rəhbəri Zahid Abbasov Moderator.az-a açıqlamasında bəhs etdiyimiz incəsənət obyekti haqda qısa məlumat verib:
“Şuşanın işğalından sonra 30 ilə yaxın müddətdə müvəqqəti olaraq Bakıda fəaliyyət göstərən Şuşa Dövlət Rəsm Qalereyasında hazırda bir çox eksponatlarımız var. Qalereyadakı rəsmlərdə Şuşanın qədim məhəllə və küçələri, görməli yerləri, təbii mənzərələri yağlı boya ilə aydın şəkildə təsvir olunub. Eyni zamanda qrafik əsərlərimiz də var. Hazırda yalnız Rəsm Qalereyası deyil, eyni zamanda Üzeyir Hacıbəyovun ev muzeyi, Xalça muzeyini də Bakıda əmanət kimi qoruyub saxlayırıq. İşğal zamanı Xalça muzeyini, demək olar ki, bütövlükdə çıxara bilmişdik. Hazırda eksponatların hamısı yerindədir. Və təbii ki, yaxın müddətdə onlar hamısı doğma Şuşamızdakı öz gerçək məkanlarına qovuşacaq. Təəssüf ki, 1992-ci ildə Şuşa Rəsm Qalereyasından yalnız 8 əsər çıxara bilmişdik. Ancaq 28 illik işğal müddətində biz 600-ə yaxın əsərdən ibarət böyük bir fond yaratmışıq. Və inşallah, onları da Şuşaya qaytaracağıq. Hazırda Heydər Əliyev fondu Şuşada Xalça muzeyi ilə yanaşı, Şuşa Dövlət Rəsm Qalereyası üçün də ayrılmış binanı təmir etdirir. İnşallah, təmir yekunlaşdıqdan sonra Bakıdakı eksponatlarımızı da oraya qaytararaq qalereyanı bütövlükdə bərpa edərək və fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəyik”.
Şuşa Dövlət Rəsm Qalereyasının direktoru, tanınmış rəssam, fəxri mədəniyyət işçisi, artıq 40 ilə yaxındır bu incəsənət obyektinə rəhbərlik edən Rövşən Bayramov qalereyanın yaranma tarixi və eksponatları haqda ətraflı danışıb.
Qeyd edək ki, 1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, daha sonra isə keçmiş SSRİ Rəssamlar İttifaqının üzvü olan Rövşən Bayramov Şuşanın tanınmış həkimlərindən doktor Mehrab Bayramovun və Qarabağ xanı İbrahim xanın - Xurşid banu Natəvanın nəslindən olan İsmət xanımın övladıdır. 1953-cü ildə Şuşada dünyaya göz açan Rövşən uşaqlıqdan əhatələndiyi gözəlliyin təsiri altında gördüklərini rənglər vasitəsilə ifadə etmək arzusu ilə doğma şəhərdə rəssamlığın ibtidai vərdişlərinə yiyələnib. Daha sonra Bakıda məşhur Əzim Əzimzadə adına Rəssamlıq məktəbində(hazırda akademiya) ixtisas təhsili alan Rövşən Bayramov təyinatla Şuşa Mədəniyyət Evində tərtibatçı-rəssam vəzifəsində işləməyə başlayıb.
1982-ci ildə respublika rəhbəri Heydər Əliyevin göstərişi ilə mədəniyyət, incəsənət məbədgahımız olan bu qədim Azərbaycan şəhərində Şuşa Dövlət Rəsm Qalereyası yaradılır. Qalereya XVIII əsrdə Şuşada yaşamış varlı tacir Kəblə Abbasqulu ağanın malikanəsindəki üçmərtəbəli binada fəaliyyətə başlayır. Elə ilk gündən də Rövşən Bayramov qalereyaya direktor təyin edilir.
“Yaxşı yadımdadır, Şuşa Rəsm Qalareyasının açılışını şəxsən mərhum Ulu Öndər Heydər Əliyev özü etdi. Bu yaddaqalan hadisə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı ilə eyni gündə baş verdi. Həmin tədbirlərdə, özünün də Şuşa səfəri zamanı söylədiyi kimi, atası ilə bərabər hazırkı Prezidentimiz, Şuşamızın azadlığına nail olmuş cənab Ali Baş Komandan İlham Əliyev də iştirak edib. Elə o gözəl və möhtəşəm gündən də mən qalereyanın rəhbəriyəm. O dövrdə Azərbaycanda ən böyük rəsm qalereyası bizimki idi. 10 salondan ibarət olan qalereyada 200-ə yaxın nadir təsviri sənət nümunəsi saxlanılırdı. Qalereyanın qızıl fondunu Mir Mövsüm Nəvvabın öz kitablarına çəkdiyi illüstrasiyalar təşkil edirdi. Bu təsviri sənət evində Qarabağın, eləcə də Bakıda yaşayıb-yaradan rəssamların fərdi sərgiləri təşkil olunur, yaradıcılıq gecələri keçirilirdi. Rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi incəsənət növlərinə aid sənət nümunələri nümayiş olunurdu”- şuşalı rəssam belə deyir.
1992-ci ildən Şuşasız qalan Şuşa Rəsm Qalereyası böyük çətinlik və məhrumiyyətlərə rəğmən Rövşən Bayramovun rəhbərliyi altında Bakıda fəaliyyətini yenə də davam etdirir. Bu illər ərzində istedadlı rəssam 17 məhəllədən ibarət qədim Şuşanın bütün məhəllələrini yağlı boya ilə kətana köçürüb, memarlıq incilərimiz olan Şuşa məscidlərinə aid tablolar yaradıb..
“Şuşanın işğalından sonra 200-300 əsər işləmişəm . Onların 100-dən çoxu yalnız mədəniyyət -musiqi beşiyimiz olan Şuşaya həsr olunub. Bu əsərlərin müəyyən qismi respublikamızda, eləcə də bir sıra xarici ölkələrdə şəxsi kolleksiyaları bəzəməkdədir. "Şuşada qış”, "Xarı bülbül”, "Cıdır düzü”, "Şuşa ətrafı”, "Gəncə qapısı”, "Vaqifin türbəsi”, "Şuşada küçə”, "Gövhər Ağa məscidi”, "Bulaq başında”, "Yağışı gün”, "Qədim eyvan”, "Zöhrabbəyovların mülkü” və s. adlı rəngkarlıq tablolarının rəng qatının hər parçasında doğma yurd, Şuşa həsrətimiz əks olunub.
Qalereyamız yaranandan dünyanın bir sıra ölkələrində sərgilərimiz keçirilib. Hələ 1990-cı ildə Venesiyada Şuşaya aid qrafika sərgisi açmışam. Işğaldan sonra İtaliyada, Rumıniyada və s. ölkələrdə də sərgilərimiz təşkil olunub. Doğma Şuşamız azad olunandan bəri Şuşanın tarixi binalarının görkəmi ilə bağlı Heydər Əliyev fondu ilə işləyirəm”
Rövşən Bayramov 29 il öncəki o müdhiş işğal günlərini də xatırlayır.
“Şuşanın işğalı günü özüm şəhərdən Laçına kimi piyada çıxmağa məcbur oldum. Əsərlərdən yalnız bir neçə kiçik qrafik əsəri maşınlardan birində çıxara bilmişdik. O vaxt rayon rəhbərliyi artıq vəziyyətin çox gərginləşdiyi günlərdə bizə əsərlərin hamısını çıxarmağa icazə vermədi. Dedilər ki, əgər buna izn versək, məlum olacaq ki, Şuşanı rəsmən boşaldırıq. Amma Şuşada qalmış əsərlərin, demək olar ki, hamısını yenidən işləyib yerinə qoymuşam. Onsuz da biz dünyadan köçsək də, bu əsərlər qalacaq. Tarixi Şuşanın əksər hissəsi ermənilər tərəfindən dağılıb. Amma mən işğaldan öncə əsərlərimdə şəhərin hər bir küçəsinin, evinin necə olduğunu işləmişəm. Təvazökarlıqdan uzaq olsa da, şəhərimizin yaratdığım təsvirləri olduqdan sonra artıq qədim Şuşanı bərpa etmək üçün memarlara da o qədər ehtiyac yoxdur. Bu rəsmlərə baxmaqla hər bir binanı yenidən tikmək olar”- deyə Şuşa Rəsm Qalereyasının rəbhəri vurğulayıb.
Şuşa rayonunun hər bir mədəniyyət müəssisəsi kimi Rəsm Qalareyasının da rəhbəri və kollektivinə yeni yaradıcılıq uğurları diləyir və “inşallah, Şuşada –doğma məkanınızda görüşək” deyirik.
Sultan Laçın