Litva səfiri:
Müsahibə
174
11:25, Bu gün

Litva səfiri: "Qlobal güc mərkəzləri Azərbaycanın artan çəkisini yüksək qiymətləndirir" - MÜSAHİBƏ

Azərbaycan və Litva arasında ikitərəfli əlaqələr həm tarixi köklərə, həm də müasir geosiyasi reallıqlara əsaslanaraq dinamik inkişaf dövrünü yaşayır. Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus Teleqraf İnformasiya Agentliyinə müsahibəsində xalqlarımızın müstəqillik uğrunda apardığı bənzər mübarizə yollarından tutmuş, Şimali Baltik Səkkizliyinin (NB8) Bakı səfərinə, Qarabağda Litva iş adamlarının həyata keçirdiyi konkret layihələrdən sülh gündəliyinə qədər bir çox mühüm məqamlara toxunub.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Litva və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, dövlətlərimiz və xalqlarımız arasındakı bağlar olduqca səmimidir. Bu münasibətlərin təməlində hər iki millətin müstəqillik uğrunda apardığı mübarizə, sarsılmaz həmrəylik və azadlığın ortaq dəyərləri dayanır. Bununla belə, praktiki müstəvidə hələ də reallaşdırılmamış geniş imkanlarımız mövcuddur və mən bu istiqamətdə daha dinamik tərəqqinin şahidi olmaq istərdim.

- Azərbaycan və Litva arasında ikitərəfli gündəliyin mərkəzində dayanan əsas sahələr hansılardır? İqtisadi, enerji və təhsil əlaqələrini bu kontekstdə necə dəyərləndirirsiniz?

- İlk növbədə, son dövrlər getdikcə siyasi dialoqumuzun artırılmasının xüsusi əhəmiyyətini vurğulamaq istərdim. Hazırda iqtisadiyyat, energetika, nəqliyyat və ticarət əlaqələri ikitərəfli gündəliyimizin mühüm sütunlarını təşkil edir. Eyni zamanda, təhsil sahəsindəki sıx əməkdaşlığımızın bariz nümunəsi olaraq, Litvanın Bakıda keçirilən son ixtisaslaşmış yarmarkada rekord sayda -13 ali təhsil müəssisəsi ilə geniş tərkibdə təmsil olunmasını xüsusi qeyd etmək istərdim.

Münasibətlərimizin digər bir prioritet istiqaməti isə müdafiə sektorudur. 2002-ci ildən mövcud olan əməkdaşlıq sazişinə əsasən, biz həm ikitərəfli müstəvidə, həm də NATO çərçivəsində tərəfdaşlıq edirik. Bu əməkdaşlıq çərçivəsində azərbaycanlı zabitlər Litvada təlimlər keçir, həmçinin kibertəhlükəsizlik sahəsində ingilis dilində birgə proqramlar icra edirik.

Hesab edirəm ki, müasir dövrdə hibrid təhdidlərə qarşı işbirliyimiz strateji əhəmiyyət kəsb edir. Həm cəmiyyətlərimizin, həm də dövlət təsisatlarımızın bu tip təhlükələrə qarşı dayanıqlığını artırmaq olduqca vacibdir. Belə ki, Litva və Azərbaycanın üzləşdiyi hibrid təhdidlərin bir çoxu, hətta deyərdim ki, əksəriyyəti mahiyyət etibarilə eynidir.

- Yaxın gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi üçün hansı imkanlar mövcuddur?

- Mən də bu istiqamətdə olduqca nikbinəm. Cənubi Qafqazda sülh prosesində əldə olunan tərəqqi bütövlükdə region üçün yeni perspektivlər vəd edir. Biz bunu sülhün yaratdığı qarşılıqlı iqtisadi fayda kimi xarakterizə edirik. Nəqliyyat-logistika layihələri genişləndikcə, ticarət dövriyyəmiz də buna mütənasib olaraq artacaq.

Əlbəttə ki, hazırda müəyyən çətinliklərlə də üzləşirik, xüsusilə Rusiyanın Ukraynadakı müharibəsi səbəbindən logistik marşrutların dəyişməsi daşınma xərclərini və müddətini artırıb.

Məsələn, Azərbaycanda böyük rəğbətlə qarşılanan və yüksək qiymətləndirilən Litva süd məhsullarının tədarükü Ukrayna və Rusiya üzərindən keçən əvvəlki tranzit marşrutla müqayisədə indi daha mürəkkəbdir. Lakin inanıram ki, bölgədəki mövcud müsbət tendensiyalar bu çətinlikləri üstələməyə və gələcək əməkdaşlığımızı daha üst səviyyəyə daşımağa imkan verəcək.

- Azərbaycanın azad edilmiş ərazilərini ziyarət edə bilmisiniz? Litva şirkətləri bu ərazilərdəki tikinti-bərpa işlərində iştirak etməyə maraq göstərirmi?

- Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri həqiqətən təqdirəlayiqdir. Mən Qarabağda üç dəfə olmuşam, Kəlbəcər, Xankəndi, Şuşa və Cəbrayılı ziyarət etmişəm. Bu ərazilərin necə sürətlə və peşəkarlıqla yenidən qurduğunun şahidi oldum. Artıq Litva biznesi də bu prosesə inteqrasiya olunub. Cəbrayılda zavod tikintisi, Kəlbəcərdə isə sağlamlıq mərkəzinin inkişafına töhfə kimi konkret layihələrimiz var.

- Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığı çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq necə inkişaf edir?

- Şübhəsiz ki, bu tərəfdaşlıq əlaqələrimizə ciddi təsir göstərir. Hər bir Avropa İttifaqına üzv dövlət blokun ümumi siyasətinin formalaşmasında əhəmiyyətli söz sahibidir. Litva, Avropa İttifaqına üzv dövlət kimi, Azərbaycanın Aİ ilə daha sıx və strateji əlaqələrinin gücləndirilməsi istiqamətində həm həm fəal tərəfdar, həm də etibarlı müdafiəçi kimi çıxış etməyə hazırdır. Biz Azərbaycanın keçdiyi tarixi mərhələləri və mövcud reallıqları dərindən dərk edirik.

Keçmişimizdəki ağrılı təcrübə - Sovet işğalı dövründəki məhrumiyyətlər xalqlarımızı bir-birinə daha çox yaxınlaşdırır. Ötən müddət ərzində Litva bütün dövlət təsisatlarında, xüsusilə müdafiə sistemində köklü islahatlar həyata keçirib. Bu gün biz iqtisadi-maliyyə sektorundan tutmuş sosial sferaya qədər müxtəlif istiqamətlərdə qazandığımız zəngin təcrübəni azərbaycanlı həmkarlarımızla bölüşməkdə maraqlıyıq.

Xüsusilə vurğulanmalıdır ki, Litva Azərbaycanda "Tvinninq" (Twinning) layihələrinin həyata keçirilməsində ön sıralarında olmuşdur. Bu platforma bərabərhüquqlu tərəflər arasında qurulan effektiv əməkdaşlıq mexanizmidir. Məsələn, istər pensiya islahatları, istərsə də prokurorluq orqanları arasındakı işbirliyi çərçivəsində mütəxəssislərimiz mütəmadi təmaslar qururlar və müxtəlif innovativ layihələri birgə həyata keçirmək üçün böyük potensial mövcuddur. Belə praktik layihələr Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətləri daha da möhkəmləndirmək üçün ən effektiv vasitələrindən biridir.

- Cənubi Qafqaz regionu Avropa İttifaqı üçün nə dərəcədə önəmlidir və Aİ hazırda Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyini necə qiymətləndirir?

- Xəritəyə diqqət yetirdikdə, Azərbaycan və Cənubi Qafqazın nə qədər strateji bir mövqedə qərarlaşdığı aydınca sezilir. Hazırda bu regionun önəmi sürətlə yüksəlməkdədir, çünki Rusiyanın artıq etibarlı tərəfdaş olmadığı reallığı ilə qarşı-qarşıyayıq. Moskva müntəzəm olaraq mavi yanacaq resurslarından və iqtisadi rıçaqlardan siyasi təzyiq aləti kimi istifadə edir.

Digər tərəfdən, İran ətrafındakı təhlükəsizlik mühiti də mövcud vəziyyəti qəlizləşdirir. Belə bir konyuktura daxilində həm Azərbaycanın, həm də bütövlükdə bölgənin rolu daha həssas və kritik xarakter daşıyır.

Bu areal həmçinin Avropa İttifaqının Mərkəzi Asiya və digər qitə dövlətləri ilə işbirliyi üçün mühüm tranzit qovşağıdır. Birliyin regiona verdiyi yüksək dəyərin bariz nümunəsi olaraq, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın cari ildə ölkənizə reallaşdırdığı tarixi səfəri göstərmək mümkündür. Bir çox qlobal güc mərkəzi rəsmi Bakının və ətraf ərazilərin artan çəkisini yüksək qiymətləndirir.

Qənaətimcə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması rəsmi Brüssel üçün mütləq prioritetdir. Biz Azərbaycan və Ermənistanın müştərək səyləri sayəsində əldə edilən irəliləyişi təqdir edirik. Litva, həm Avropa İttifaqının üzvü kimi, həm də ikitərəfli münasibətlər çərçivəsində, regionda sabitliyi təmin edəcək hər növ təşəbbüsü dəstəkləməyə hazırdır.

Hazırda tərəflərin ikitərəfli formatda apardığı danışıqlar və əldə olunan nəzərəçarpan tərəqqi bizi olduqca sevindirir. Ümid edirik ki, yaxın gələcəkdə yekun sülh sazişi imzalanacaq.

- Avropa İttifaqı Qarabağın yenidən qurulmasında iştirak etmək niyyətindədirmi və bu istiqamətdə hansı investisiya imkanları nəzərdən keçirilir?

- Avropa İttifaqı iş dünyasının bu prosesə diqqətinin getdikcə artdığının şahidiyik. Burada bir məqamı dəqiqləşdirmək lazımdır, Aİ özü birbaşa bu kimi kiçik miqyaslı biznes layihələrini həyata keçirmək səlahiyyətinə malik deyil. Lakin söhbət genişmiqyaslı infrastrukturdan, xüsusilə nəqliyyat bağlantılarından və dəmir yollarından gedirsə, rəsmi Brüsselin rolu olduqca böyükdür.

Hazırda biz Naxçıvanla bağlı bəzi planlarda qurumun iştirakını müzakirə edirik. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən texniki-iqtisadi əsaslandırma işləri aparılır. Beləliklə, Aİ "Global Gateway" proqramı vasitəsilə irihəcmli strateji projelərə qoşula bilər.

Konkret iqtisadi müəssisələrə gəlincə isə, bu, tamamilə özəl sektorun və fərdi sahibkarların qərarıdır. Qarabağdakı fəaliyyətə gəldikdə, biz biznes ictimaiyyəti tərəfindən həmin ərazilərə yönələn rəğbətin sürətlə yüksəldiyini müşahidə edirik.

- Martın 18-də Şimali Avropa və Baltikyanı ölkələrin əməkdaşlıq formatı (Şimali Baltik Səkkizliyi - NB8) nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi nədir?

- İnaniram ki, Şimali Avropa və Baltikyanı ölkələrin əməkdaşlıq formatı dünya miqyasında bənzərsiz bir modeldir. Səkkiz dövləti birləşdirən bu platforma, üzvlərin fərqli inkişaf yolları keçməsinə rəğmən, iqtisadi azadlıq, innovasiyalar və cəmiyyət quruculuğu kimi sahələrdəki dərin oxşarlıqlara söykənir.

Bu tərəfdaşlıq təhsil, mədəniyyət və parlamentlərarası münasibətlər daxil olmaqla, bir çox sferada ciddi əlavə dəyər yaradan unikal bir layihədir. Biz sözügedən regional kooperasiya təcrübəsini Azərbaycanla bölüşməyə hazırıq. Ümid edirik ki, sülh əldə olunduqdan sonra Cənubi Qafqazın üç ölkəsi arasında da belə sıx regional əməkdaşlıq qurulacaq və bu, hər kəs üçün faydalı olacaq.

Qeyd etməliyəm ki, NB8 dövlətlərinin altısı Avropa İttifaqının, səkkizinin hər biri isə NATO-nun üzvüdür. Bu fakt bizə beynəlxalq təşkilatlarda olduqca güclü və təsirli səs haqqı qazandırır. Beləliklə, biz həm öz təcrübəmizi bölüşə, həm də ortaq prioritetləri qlobal müstəvidə daha effektiv şəkildə irəli apara bilərik.

- Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Litva nümayəndə heyətinin iştirakı gözlənilirmi?

- Bəli, Litva bu tədbirdə iştirak etməyi planlaşdırır. Nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi hələ dəqiqləşməsə də, səfirlik olaraq biz bu tədbiri və Litvaın iştirakını səbirsizliklə gözləyirik.

Link kopyalandı!
Son xəbərlər