Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını təhlükəsizlik mütəxəssisi, sabiq MTN polkovniki İlham İsmayıl cavablandırıb.
Müsahibəni təqdim edirik:
- İlham bəy, bu gün İrana qarşı hərbi əməliyyatların iki həftəsi tamam olur. Siz 14 günlük nəticələri necə qiymətləndirirsiz?
- ABŞ və İsrail qüvvələri İranda heç bir strateji məqsədinə nail olmayıb. Birinci strateji hədəf rejimin dəyişməsi idi. Amma Əli Xameneinin qətlindən sonra oğlu yeni rəhbər seçildi. İkincisi, İranda bu əməliyyatlar zamanı xalq ayağa qalxmadı. ABŞ və İsrailin hücumları zamanı strateji hədəflərdən biri də bu idi. Eyni zamanda, indi Tramp deyir ki, İranda zərbə vurmağa yer qalmayıb. Necə qalmayıb ki, İran öz hərbi potensialından istifadə etməkdədir və körfəz ölkələrini vurur?! Ən əsas strateji məqsəd isə Hörmüz boğazını nəzarətə götürmək olmalı idi. Çünki İranın əsas gücü Hörmüz boğazına nəzarətdir. Biz bunu İslam inqilabından da, İran-İraq savaşından da görmüşük. İsrail isə hardasa İranın hərbi potensialına zərər vurub və özü üçün bunu nəticə hesab edir. Ancaq strateji hədəf deyil. Ən əsası, hazırda İran uranın zənginləşdirməsini dayandırmayıb. Hətta Tehran bu istiqamətdə işini davam etdirir, azmış kimi, müharibədə dəyən zərərə görə kompenasasiya tələb edir.
- Strateji məqsədlərə çatmağa nə mane oldu - müttəfiqlərin İrana dəstəyi, yoxsa sistemin dayanıqlı olması?
- Yox, kənardan verilən dəstək məsələsi əsas deyil. Yəni məhz Çin və ya Rusiyanın dəstəyi ilə rejim ayaqda qalmadı. Sadəcə, teokratik sistem 47 il insanların beynini “yuya” bilib və İran artıq bir ideoloji cəmiyyətdir. Ona görə xarici müdaxilə olanda insanlar ideoloji cəhətdən birləşir. Hətta Kanadadan bir iranlı dini xadim xalqa rejimin əleyhinə çıxmamağa çağırış edib. Ona görə də əgər sabah Tramp müharibənin bitdiyini elan etsə, özünün və ABŞ-nin nüfuzuna zərər vuracaq. Üstəlik, İran Yaxın Şərqdə güclənəcək və Tehran rejimi bəyan edəcək ki, Birləşmiş Ştatlar onu sıradan çıxara bilmədi. Bu da Vaşinqtonun nüfuzuna xələl gətirəcək.
- Bəs hazırkı gedişat nədən xəbər verir, ayın sonuna qədər hərbi əməliyyatlar yekunlaşa bilərmi?
- Əvvəla, ABŞ-də respublikaçılar da bu müharibənin əleyhinədir. Bundan başqa, bu müharibəyə mükəmməl hazırlıq yoxdur və kəşfiyyat məlumatları tam yerinə yetirilməyib. Bu əməliyyatların gedişində əsas məsələ dediyim kimi, Hörmüz boğazına nəzarəti ələ keçirmək olmalıdır. Çünki sabah müharibə bitsə, İranda rejimin bir müddət də möhkəmlənməsi deməkdir. Əgər sanksiyalar qalacaqsa, onda xalq bir də ayağa qalxacaq. Yəni kənardan dəyişiklik mümkün deyil, yalnız içəridən dağıla bilər. İrana zərbələr endirməklə sistem dağılmayacaq, daxildə xalqın iştirakı ilə baş verə bilər.