“Tehran Elçibəyin İrana səfəri üçün təkid edirdi...” – Pənah Hüseyn bəzi GİZLİNLƏRİ AÇDI
Müsahibə
225
14:31, Bu gün

“Tehran Elçibəyin İrana səfəri üçün təkid edirdi...” – Pənah Hüseyn bəzi GİZLİNLƏRİ AÇDI

İran müharibəsinin getdiyi bu günlərdə sosial şəbəkələrdə maraqlı bir video yayılıb.

Moderator.az xəbər verir ki, 28 dekabr 1992-ci ilə aid videoda Azərbaycanın o zamankı dövlət katibi Pənah Hüseynin, daxili işləri naziri İsgəndər Həmidovun və Ali Sovetin sədr müavini Afiyəddin Cəlilovun İrana rəsmi səfər etdikləri görüntüləri əks olunub.

Musavat.com hazırda İran məsələsinin dünyanın bir nömrəli məsələsi kimi aktuallıq daşıdığını nəzərə alaraq, Pənah Hüseynə haqqında söhbət gedən səfərlə bağlı suallar ünvanlayıb.

- Pənah bəy, 28 dekabr 1992-ci ildə İrana səfəriniz necə baş tutmuşdu?

- Səfərimiz İran prezidentinin müavininin dəvəti əsasında reallaşmışdı.

- İranın o dövrkü ali dini lideri Seyid Əli Xamenei ilə və prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ilə görüş baş tutmuşdu?

- İran tərəfi mənə təklif etdi ki, Qumda ali dini rəhbər Əli Xamenei ilə görüş istərdinizmi? Lakin mənim səfər qrafikimə onunla görüş salınmamışdı. İran tərəfi isə belə bir görüşün reallaşmasında maraqlı olduqlarını bizə təklif şəklində çatdırdılar. Onlar bir sıra hərbi əlaqələr məsələsinin Ali Baş Komandan olan ali dini liderlə müzakirəsini istəyirdilər. Lakin prezident Elçibəy tərəfindən mənə Əli Xamenei ilə görüş mandatı verilməmişdi. Ona görə də görüşmədim.

Səfər zamanı İran prezidenti Rəfsəncani ilə görüşümüz oldu. Prezidentlə həm ikilikdə, həm də geniş tərkibdə görüş reallaşdı. Eyni zamanda, prezidentin müavini ilə görüşlər keçirib müzakirələr apardıq. Bir sıra məsələlərlə bağlı razılaşmalar birbaşa prezident Rəfsəncani ilə danışıqlarda əldə oluna bilmişdi. İran parlamentinin sədri Natiq Nuri ilə də görüşümüz və müzakirələrimiz olmuşdu. Natiq Nuri və bizim nümayəndə heyəti arasında sərt üslubda diskussiya haqda İran mətbuatı yazmışdı. Bundan əlavə Azərbaycan-İran İqtisadi Şurasının iclası keçirildi. Azərbaycan tərəfdən Afiyəddin Cəlilov həmin Şuranın sədri idi. İran tərəfindən isə İranın neft naziri Şuraya sədrlik edirdi.

- Səfər çərçivəsində razılaşmalar, müqavilələr imzalandımı?

- Səfər zamanı Azərbaycanla İran arasında 30-a yaxın müqavilə bağlandı. Bunlar - istər iqtisadi, istər digər istiqamətlərdə əməkdaşlığı müəyyən eləyən müqavilələr idi. Azərbaycanla İran arasında o zamanlar bir sıra mübahisəli predmetlər var idi. O cümlədən ixrac olunmuş dizel yanacağına görə Azərbaycana İran tərəfinin 30 milyon dollar borcu var idi. Səfər zamanı həmin vəsaitin Azərbaycana verilməsi təmin edildi. Həmin dövrdə Bakıda sərnişin daşınması sektorunda ciddi problemlər yaşanırdı. Səfərimiz zamanı İranın Azərbaycana sərnişin avtobusları satması razılaşdırıldı. 10 gün ərzində İranın istehsalı olan sərnişin avtobuslarının göndərilməsi təmin edildi.

- Səfəriniz Qarabağ müharibəsinin ən kəskin dövründə reallaşmışdı. Müharibə məsələsi müzakirə edilmişdi?

- Əlbəttə. Görüşlərdə Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ müharibəsi ilə bağlı bir sıra istiqamətlərdə müzakirələr aparıldı. Bu müzakirələr əsasən İranın Müdafiə Nazirliyinin və hərbi-siyasi sektorunun rəhbərləri aparılmışdı.

- Prezident Əbülfəz Elçibəyin nümayəndə heyətinin səfərinə qiyməti necə olmuşdu?

- Səfər zamanı İranla Azərbaycan arasında bir sıra problemlərin həlli istiqamətində addımlar atılmışdı. Səfərin yekunları Azərbaycan Prezidenti Əbülfəz Elçibəy və ölkənin siyasi rəhbərliyinə daxil olan digər şəxslər tərəfindən müsbət dəyərləndirilmişdi.

-Əbülfəz Elçibəyin siyasətində həmişə Güney Azərbaycan məsələsi ön sıralarda olub. Güney Azərbaycan məsələsi ilə bağlı İran tərəfinin sizlərə hansısa iradı, fikri oldumu?

- İran tərəfi təkidlə xahiş edirdi ki, prezident Əbülfəz Elçibəyin İrana rəsmi səfəri təşkil olunsun. Mənimlə müzakirələrdə də İran tərəfi bu təklifi səsləndirdi. Lakin prezidentin razılığı olmadığı üçün təklifə müsbət cavab verə bilməmişdik. Görüşlərdə bir sıra mübahisəli məqamlar publik də olmasa müzakirə olunmuşdu. Cənubi Azərbaycan türklərinin hüquqları məsələsi, Bütöv Azərbaycan ideyasının təbliği kimi mövzularda da müzakirələr aparılmışdı. Qarşı tərəfin bu məsələdən razı qalmadığı hissi edilirdi. Lakin biz bildirdik ki, dövlətin siyasəti ilə ictimai təşkilatların, o cümlədən Xalq Cəbhəsinin mövqeyini, siyasi kursunu eyniləşdirmək doğru deyil. Səfərdə Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri Tofiq Seyidov da iştirak edirdi. Onun bu səfərdə iştirakını İran tərəfi ilə razılaşdırmaq müəyyən problemlərlə rastlaşmışdı.

- İrana getmişkən Təbrizə də getdiniz?

- Nümayəndə heyətinin bəzi üzvlərinin Təbrizə səfər etmək barədə xahişləri olmuşdu. Ancaq İran tərəfindən deyildi ki, protokol qaydasında Məşhədə səfər təşkil olunur. Biz Məşhədə də getdik və o zonanın qubernatorları ilə, dini rəhbərləri ilə görüşdük.

Link kopyalandı!
Son xəbərlər