“İran müharibəsi sonlanır, əgər bu ay yekunlaşmasa…” – SENSASİON gözlənti
Müsahibə
187
15:40, Bu gün

“İran müharibəsi sonlanır, əgər bu ay yekunlaşmasa…” – SENSASİON gözlənti

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli cavablandırıb. Mövzu İranda davam edən hərbi əməliyyatlar və bundan sonrakı gözləntilər olub.

- Natiq bəy, Rusiya Kiyevi üç günə tutmaq ehtirasında idi, alınmadı. ABŞ-İsrail qüvvələrinin də İranda eyni aqibətlə üzləşdiyini demək olarmı?

- Ukraynaya təcavüzlə İrana hücumu müqayisə etmək olmaz. Rusiya qurudan hərbi əməliyyatlar aparır və klassik savaş metodundan istifadə edir. Bu da Ukrayna ərazilərinin işğalından ibarətdir. İrana isə quru qoşunlarının girməsi mümkün deyil. Tramp hərbi əməliyyatların 4-5 həftə davam edəcəyini açıqlamışdı. Ona görə əməliyyatların bu ay yekunlaşması yüksəkdir, əks halda, bəli, sizin dediyiniz kimi, ABŞ və İsrailin bataqlığa düşməsindən danışmaq olar. İranın daxili sisteminə gəlincə, ərəb ölkələrindən fərqlənir. Əgər hadisələrin gedişində SEPAH mobilizə olarsa, hər məhəlləyə belə adam yerləşdirə bilər. Ümumiyyətlə, İran forması, quruluşu, xarakteri və tarixi fərqli ölkədir. Ancaq əvvəlki gücdə deyil, xeyli dəyişib və zəifləyib. Sadəcə, xarici müdaxilə vətəndaşları rejimlə birgə olmağa vadar etdi. Bu da gözlənilən idi. Amma kifayət qədər güclü fiqurlar öldürüldü və hazırda ikinci nəsil şəxslər üçün fərqli mövqe tutmaq fürsəti var. Məncə, danışıqlar üçün müəyyən zəmin hazırlanır.

- Əgər sistem dəyişmirsə, bu əməliyyatların davam etməsinin mənası nədir?

- Onsuz da Tramp deyir ki, hədəf sistem dəyişikliyi deyil. Əsas məsələ budur ki, İranla danışıqlarda anlaşa biləcəkləri komanda olsun. Necə ki Venesuelada sistem dəyişmədi, üstəlik, Rodrigez sərt ritorika ilə danışır, amma ABŞ ilə anlaşa da bilirlər. İranda da bənzər şəxslər var. Siyasətin görünməyən tərəfləri budur. Ona görə ABŞ özünü qalib elan edəcək ki, qarşı tərəfin bütün hərbi potensialını vurduq, İran da deyəcək ki, axıra kimi dözdük və sistemi qoruduq.
Əslində isə Pezeşkianla danışıqlar mümkündür. O, milyonların səsini almış liderdir və bəyanatlarında müəyyən yumşalmaya getmişdi. Amma sonra daxildən təzyiq oldu və ritorikası sərtləşdi. İndi bağlı qapılar arxasında danışıqlar olacaqsa, vəziyyətin yumşalmasına doğru gedəcək. Artıq bunun müəyyən əlamətləri də var: bəzi ölkələr hava məkanını açıb, bəzi dövlətlər uçuşları bərpa edib. Sadəcə, ritorikanın sərtləşməsi fonunda bunun necə inkişaf edəcəyini demək çətindir.

Lakin burada çox maraqlı geosiyasi mənzərə yaranıb: ABŞ Ukrayna müharibəsində moderatordur, həm də Kiyevə silah dəstəyi verir. Rusiya da İrana dəstək verir, amma həm də bu proseslərdə moderator kimi görünür. Yəni ABŞ və Rusiyanın məqsədi qlobal danışıqlarda bir-birindən güzəşt qoparmağa hesablanıb. Belə desək, böyük oyunçuların danışıqlarında öz maraqları var, amma məsələn, Ukrayna öz suverenliyi üçün çalışır. İran haqda da eyni sözləri demək olar. Ona görə böyük güclərin təkliflərini rədd edə bilmirlər.

- Ancaq İran parlamentinin sədri deyir ki, atəşkəs istəmirik. Bu arxayınlıqdır, xalqa hesablanmış çıxışdır, yoxsa tək Rusiya deyil, Çinin də dəstəyindən irəli gələn əminlikdir? Ümumiyyətlə, savaşın sonu görünürmü, çünki Tramp belə demişdi…

- Əlbəttə, Çin də İrana dəstək verir. Amma Çin-ABŞ münasibətləri haqda mifologiya çoxdur. Trampın bu ayın sonu və ya gələn ayın əvvəli Çinə səfəri gözlənilir. Əgər səfər baş tutacaqsa, deməli, razılaşma var və sənədlər imzalanacaq. ABŞ lideri səfər xatirinə Pekinə getməz. Bu da çox əhəmiyyətli məsələdir və müharibənin gedişində mühüm əhəmiyyət kəsb edir. Bundan sonra İranda ritorika sərtləşəcək və bu da təbiidir. Çünki ölənlər var, məktəblilər həlak olub, dini liderlər öldürülüb, qəzəblidirlər. Başqa necə ola bilər? Bu baxımdan İran rəsmilərinin daxili auditoriya üçün ritorikasının sərtləşməsi mümkündür. Ancaq sabah ABŞ əməliyyatları dayandırsa, necə olacaq, təkrar hücum edəcəkmi? Eyni zamanda, neftin qiymətlərinə baxmaq lazımdır. Hazırda qiymətlər qalxır və bu da müharibəni sonlandırmaq üçün şərtlərdən biri ola bilər.

Link kopyalandı!
Son xəbərlər