Tanınmış rəssam Mehriban Alişova Moderator.az-ın suallarını cavablandırıb.
-Mehriban xanım, öncə sizi 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə ürəkdən təbrik edirəm. Adətən evin yükü daha çox qadının üzərində olduğu üçün hər şeyi öncədən planlaşdırırlar. Bəs siz necə, işlərinizi planlayırsınız?

-Mən də sizin vasitənizlə bütün qadınlarımızı ürəkdən təbrik edirəm. Həqiqətən də Azərbaycan qadınları zəhmətkeş, öz həyat yoldaşlarına, ailəsinə, övladlarına bağlıdır və xoşbəxt olmağa, yaxşı yaşamağa layiq xanımlardır. Ümumiyyətlə mənim həyatımda heç vaxt plan olmayıb. Hər şey qəfil beynimə gəlir və ona doğru gedirəm. Demirəm ki, filan şeyi bu il, filan işi gələn il görərəm. Bəlkə də bu mənim valideynlərimdən gəlir.. Rəhmətlik anam həmişə deyərdi ki, bizim nəsilə öncədən demək düşmür. Həqiqətən də elə idi. Əvvəldən nəyisə planlaşdırırdıqsa, o planla yaşayıb və üstəlik ətrafa da deyirdiksə bizdə o iş alınmırdı. Bu söz mənə anamdan qalıb. Bəzən evdə də deyirəm ki, filan işi görmək istəyirəm. O dəqiqə özümə deyirəm ki, yox, demə, gizli saxla. Bəlkə bu doğurdan da belədir, yaxud da bu sözə köklənmişəm deyə belə alınır. Amma plan qurmayanda onun nəticəsi də yaxşı olur. Dost-tanışa da deyirəm ki, qəfil eşidə bilərsiniz ki, Mehriban xanım bunu etdi. Bu zaman məndən küsüb inciməyin.
-İndiki dövrdə plansız yaşamaq olduqca çətindir. Bu xüsusiyyətinizə görə əziyyət çəkirsiniz?

-Buna görə çox əziyyət çəkirəm. Həmişə də qaça-qaçdayam, gərginəm. Bu sağlamlığıma da təsir edir. Amma nə edim ki, məndən asılı deyil. Məsələn, sərgi etmək istəyirəm. Rəssamın bir nömrəli işidir də sərgi etmək. Bunu belə əvvəlcədən planlaşdırmıram. Qəfil ideya gəlir və o anda qərara gəlirəm ki, srəgi edim. Yaxın insanlara da 3-4 gün öncə deyirəm ki, filan vaxtı sərgim olacaq. Təkcə həftədə 2-3 dəfə 3-4 saat emalatxanada vaxt keçirməyi planlaya bilirəm. Əvvəl demək olar ki, günümün yarısını emalatxanda keçirirdim. Pandemiya dövründə demək olar ki, emalatxanada qalırdım. Bu vaxtı dəyərləndirib çox əsərlər işləmişəm. Vaxtın azlığı bəzən bütün işlərimi bir-birinin ardınca sıralayır. Amma o işləri görməyə vaxtım çox az qalır. Bu qədər işin içində sosial şəbəkəni də özüm işlədirəm. Dost-tanış bu halımı görüb deyir ki, özünə bir köməkçi tut. Deyirəm ki, başa düşmürsüz, mənim nə istədiyimi məndən başqa heç kim bilə bilməz. Bu bilirsiz nəyə oxşayır? Elə bil ki, kimsə gəlib mənim mətbəximdə yemək bişirir və ürəyi istədiyi qədər duz qatır, yağ tökür.
-Sizin həyat və fəaliyyətiniz əslində bir çox xanımlara nümunə olmalıdır. Çünki siz bu sənətə çox gec başladınız amma tez məşhurlaşdınız... Əminəm ki, bu da plansız oldu...

-Bəli, bu da plansız baş verdi. İncəsənətə marağım çox böyük idi. Mənim oğlum da, qızım da Amerikada Boston universitetində təhsil alıblar. Mən onların yanına gedib gəlirdim. Qızım 6 ay Londonda oxuyub, sonra hazırlaşıb Amerikadakı Boston universitetinə daxil olub. Onların yanına gedəndə sanki mənim xəritəmi çəkirdilər. Deyirdilər ki, ana gələcək və muzeylərə, qalereyalara, sərgi salonlarına gedəcəyik. Bilirdilər ki, mən incəsənətə bağlıyam. Biz cənub zonasındanıq. O vaxt evdə hamı divara xalça asırdı. Anama deyirdim ki, xalçanın yerinə şəkil as. Mən hətta xalçanın üzərindən belə mənzərə şəkili asırdım. 16-17 yaşım var idi. O vaxt tablolar ziyalı ailələrin evində olurdu. Bizim kimi zəhmətkeş ailələrdə olmurdu. Amma mən o yenilikləri evdə, ailəmdə edirdim. Anamı fikrindən döndərmək çətin idi, amma atam məni dəstəkləyirdi. İllər keçdi, uşaqlar ailə həyatı qurdu, övlad sahibi oldular. Öz-özümə düşünürdüm ki, mən hansısa işlə məşğul olmalıyam. İnsan nə qədər evdə oturar, telefona baxar, mətbəxdə vaxt keçirər?! Təhsilim də var. Amma gedib heç bir idarədə işləyə bilmərəm. Üstəlik də yaş həddi var. Dedim ancaq sənətlə, ələxsus da rəssamlıqla məşğul olmalıyam. Günel adında bir rəfiqəm var, gördüm ki, vatsapda rəssamlıq kursuna getdiyi haqda məlumat paylaşıb. Soruşanda dedi ki, xalq rəssamı Sakit Məmmədovun məktəbinin layiqli davamçısı, oğlu Nizar Məmmədovun yanına gedirəm. Dedim görəsən məni də qəbul edər? O vaxt 53 yaşım var idi. Dedi ki, niyə qəbul etmir?! Həmin xanım Nizar müəllimə onun yanına gəlmək istəyimi bildirmişdi. Amma tərəddüd edirdim. Nizar müəllim demişdi ki, bu istedaddır, əgər onda bu istedadın kökü varsa alınacaq. Nizar bəyin yanına getdim və əl qabiliyyətimi yoxladı. İlk çəkdiyim rəsmdən artıq ondan sual yarandı və soruşdu ki, “Mehriban xanım, siz başqa müəllimin yanına getməmisiz?”. Dedim ki, xeyr getməmişəm. Nizar müəllim dedi ki, sizdə çox yaxşı alınır, məsləhət görürəm ki, davam edin, sizdə bu işığı görürəm. Bu sözlərdən həvəslənib dərslərə getməyə başladım. 4-5 il müəllim yanına getdim, bir gün də dərsləri buraxmadım. Sonunda istəyimə çatdım.. Bir çox sərgilərdə əsərlərim nümayiş olunub. Bundan başqa öz fərdi sərgilərim də baş tutub. Demək ki, insan istəyəndə qarşısına məqsəd qoyur və ona çatır.
-Bu yaşda rəssamlığa başlamağınızı birmənalı qəbul etməyənlər də oldumu?

-O qədər kənardan belə sözlər deyənlər olurdu ki.. “Bu yaşda nə vacib idi ki?”.. Mən 10 il ərzində ziyarətlərə getmişəm. Həm Həcc, Həm Ümrə, həm də Kərbəla ziyarətində bir neçə dəfə olmuşam. Hər dəfə də Allaha dua edirdim.. Mən belə başa düşürəm ki, Allah dedi ki, bu insanı ayırmalıyam, ona özünə uyğun sənət verməliyəm.. Mən özümdə onu hiss etdim. Mən həmişə dua edəndə də ətrafıma, dünyaya, ölkəmə sonra isə özümə, ailəmə dua edib, ondan nəsə istəyirəm. Allaha bağlılıq hər bir insanın içində var. Amma elə insanlar var idi ki, bir az ifrata varırdılar. Həmin xanımlar mənə deyirdilər ki, şəkil çəkmək olmaz, Allah belə şeyləri bəyənmir. Bu sözlər məni qorxutduğundan insan əsərlərinə bir az meyllənmirəm. Hələ ki, buna tam hazır deyiləm. Müəllimim də deyir ki, başla, bu sizdə gözəl alınacaq. Amma hələ də qorxuram.
-Bilirəm ki, hər sahədə olduğu kimi bu sahədə də paxıllıqlar var. Əsərləriniz də çox rəngarəngdir. Kimlərinsə gözünü qamaşdırmayıb ki?
-Sözün düzü bunu hiss etmirəm və həmin insanları yaxınıma da buraxmıram. İnsanlarla mehribanam. Hiss etsəm də uzaqlaşdırıram. Hətta onları mənə çatdırırlar da. Hər bir şeydə gözəllik axtarıram və gözəl gözlə baxıram. Axı mən rəssamam. Qarşıma yaxşı insanların çıxmamağını arzulayıram. Qarşıma çıxan pis insanların cavabını verə bilmirəm deyə dərdə, depressiyaya düşürəm. Müəyyən bir müddət kənara çəkilirəm. Bir az onu uzaqlaşdırmaq da mənə çətin gəlir. Utanıram ki, necə uzaqlaşdırım?! Onun özünə də yazığım gəlir ki, uzaqlaşdırsam mənsiz nə edəcək?! Bu cür xasiyyətim var.
-Bir rəssam kimi daha çox hansı fəsli sevirsiniz?

-Mən yazı və payızı daha çox sevirəm. İnsan var ki, bu fəsilləri sevmir. Payızı və yazı necə sevməyə bilərsən?! Mənim üçün həyatın başlanğıcı sentyabr ayının payızıdır.
-7 il ərzində əslində çox işlər görmüsüz. Amma düşünürsünüz gənclik illərimdə başlasaydım daha böyük uğurlar əldə edərdim?
-Bəlkə gənclik vaxtı fəaliyyətə başlasaydım yolum tamam başqa səmtə gedərdi.. Mən bəlkə də bəlli yaşa gəldiyimə görə uğur qazanmışam. Bəlkə uşaq vaxtı sənətə başlasaydım uğura çata bilməzdim. Bilmirəm. Bircə bunu bilirəm ki, insan həyatı gördükcə hər şeyə ehtiyyatla davranır və bir çoxunu tanıyır.
-Əsərlərinizi satırsınız yoxsa?

-Mənim əsərlərimin ilk alıcıları Leyla Əliyeva ilə Arzu Əliyeva olub. “Bahar” adlı Türk Dünyası Rəssamlarının sərgisində iki əsərim nümayiş olunurdu. O əsərlərdən birini almışdılar. Mən çox cəhd etdim ki, bu əsəri onlara hədiyyə edim, amma razılaşmadılar. Dedilər ki, biz rəssamlara dəstək oluruq. Nə etdilər pulu götürmədim, hədiyyə olduğunu dedim. Əsər nə qədər yerdə qaldı, gəlib götürmədilər. Nəhayət məni dəvət etdilər, əsərin məbləğini ödədilər və daha sonra əsəri götürdülər. Bundan əvvəl də əsərlərimi almaq istəyənlər var idi. Sadəcə mən satmırdım. Satmaq istəmirdim. Leyla xanımla Arzu xanım əsərimi alandan sonra satmağa başladım.
-İçinizdə bir gizli hiss varmı onu rəsm vasitəsilə də üzə çıxarmaq mümkünsüzdür?
-Hər bir insanın həyatında gizli hal ola bilər. Allah təala insanı görün nə qədər gizli yaradıb. Görün bizim bədənimizdə nə qədər gizli mexanizm var. Bu mexanizmin üzərini Allah dəri ilə örtüb. İçəridə gör nələr var? Bu bizim sirrimizdir. Hər bir insanın öz həyatı və sirri var. İnsan sirri özü-özü ilə bölüşməlidir. Bəzən deyirlər ki, içinizdə sirr saxlamayın, bölüşün. Bölüşdün getdi. Canın da getdi o adamla, ürəyin də getdi. Allah belə insanın qüsurlarını örtüb, hər kəsə gözəlliyi göstərir. Amma bir də görürsən kiminsə qüsurunu, səhvini insanlar arasında üzünə deyirlər. Bunu heç Allah da bəyənmir.
-Qadının gözəlliyi kişidən asılıdır yoxsa?

-Qadınların hamısı gözəldir. Onu gərək gül kimi bəsləyəsən. Mən belə başa düşürəm. Hər dəfə fikir verirəm qadından çox şey asılıdır. Qadın istəsə körpə saxlayıb da özünə baxa bilər. Əsas qəlbin gözəl olsun. Müəyyən bir dövr var ki, qadınlar özlərinə baxa bilmir. Bu çox normaldır. Mən uşağıma vaxt ayırmalıyam. Özümə baxsan axı ev-uşaq, ailə kənarda qalır. Vallah bir etiraf edim ki, şəxsən mən uşaqlar böyüyəndən sonra salon tanımışam. Mən gedib salonda vaxt itirə bilmərəm. Evimin işini görməliyəm, yeməyimi hazırlamalıyam, bəzi problemləri həll etməliyəm.
-Amma kənardan belə görünmür...

-Bilirsiniz, təqdimat deyilən bir şey var. Qadın var ki, heç nədən elə yeməklər hazırlayır ki.. Mənim qaynatam həmişə deyərdi ki, “Mehriban əsl kasıb arvadıdır”. Deyirdi ki, heç nədən gözəl süfrə açdı. 1 kilo ətdən mən nələr hazırlamırdım ki?! Beynimizdə də ancaq bu fikir var idi ki, qaynataya, qaynanaya xoş olaq. Yoldaşdan əvvəl də mənim üçün qaynana-qaynata idi. Onların könlü xoş olanda yoldaşım da xoşbəxt olurdu.. Anasından nəsə xoş bir söz danışanda görürdüm ki, yoldaşım qürrələnir.
-Bir az da siyasətiniz var.. Ümumiyyətlə qadında siyasətin olması sizcə yaxşı haldır?

-Siyasət dediyiniz qadının ağlı deməkdir. Ağıllı qadın birinci ailəsinə xoş olmalıdır. Mən oğlumda da onu hiss edirəm. Yoldaşı nəsə bizə qarşı xoş olanda görürəm ki, oğlum da qürrələnir. Bu hissləri axı mən də yaşamışam. Qaynanamın 85 yaşı var. İndi də yoldaşıma anasından nəsə danışanda görürəm ki, gözləri gülür, xoşbəxt olur. Mən onun ata-anasına hörmət etməliyəm ki, o da mənim valideynlərimə hörmət etsin. Sevməyə bilərsən.. Sevmək məcburi deyil ki.. Amma hörmət etmək sənin borcundur... Bu gün əksər hallarda hər şey bir az başqa cür olub.. Mənə elə gəlir ki, ailədə hər şey də olmasa çox şey qadından asılıdır. Qadın istəsə ailəni bir gündə məhv edər. Qadın fiziki cəhətdən zəifdir, amma ümumilikdə götürəndə çox güclü varlıqdır. Qadın yaradıcıdır. Bir Allah yaradır, bir də qadın.. Allah təala əgər bunu qadına veribsə demək ki, sevib verib. Bu dünyanı qadın xilas edəcək..
-Qadınlar haqda ürəkdolusu danışdınız. Bəs kişilər haqda nə deyə bilərsiniz?

-Allah kişiləri saf yaradıb. Qadın istəsə kişini dəli də edə bilər, ağıllı da. Kişilər bu dünyada Allahın yaratdığı ən müqəddəs varlıqlardır. Kişilərə sadəcə sığal çəkmək lazımdır. Əlbəttə ki, mən normal insanlardan danışıram.
-Sizin qızınız Ülviyyə Əsədli də tanınmış fudblogerdir. Etiraf edim ki, sizi onun vasitəsilə daha çox tanıdıq... Pandemiya dövründə hazırladığınız “Meqinin vişnəli salatı” bloqundan bir çoxları yararlandı.. Həmin video trend oldu, sosial şəbəkələrdə paylaşıldı..
-İndi soruşsanız ki, o salata nə qatmışdız deyə bilməyəcəm. Çünki yadımdan çıxıb (gülür). Mənim yemək hazırlamağım da plansız olur. Mən utancaq idim. Ülviyyə çoxdan məni ələ almaq istəyirdi.. Bunu biləndə dedim ki, mənə yaxın durma, mənimlə işin olmasın (gülür). Xasiyyətim utancaq idi. Ülviyyə mənə o qədər yalvarıb xahiş etdi ki.. Videolarda əvvəl-əvvəl bir az barmağımı göstərdilər, sonra bir az əlimi, bir də gördüm ki, efirdəyəm (gülür). Sonra öyrəşdim. Bir də görürdüm soyuqluq yaranıb. Deyirdim ki, a balam, niyə gəlib ananı çəkmirsən? (gülür). Ülviyyə deyirdi ki, “mama, deyəsən ulduzluq xəstəliyinə tutulmusan” (gülür). Bu gün də ona yazıb xahiş edirlər ki, ananın süfrəsini çək. Çəkəndə narahat oluram. Çünki əziyyətli işdir. Deyir ki, mama, gözlə bunu çəkim, sonra filan şeyi qoy. Buna hövsələ lazımdır.
-Sənətinizlə bağlı hansısa arzularınız var?
-Təkliflər gəlib, bu da mənim özümdədir. Amma planlaşdırmıram. Hətta həyat yoldaşıma da deyirəm ki, bir təklif gəlib, amma sənə də deməyəcəm. O da zarafatca deyir ki, mən bilməliyəm axı arvadım hara gedib, hardan gəlir? (gülür). Mən də deyirəm ki, evin tikilsin, 60 yaşım var, sənin mənlə nə işin var? Aramızda belə bir zarafat olur (gülür). Məqsədim var, amma planım yoxdur. 2026-cı il mənim ilimdir. Odlu at ilidir. 60 ildən bir gələn bir at ilidir. Həmin ildə anadan olmuşam. İnanıram ki, yeniliklərimlə və fəaliyyətimlə bu il mənim üçün daha düşərli və uğurlu olacaq.
