Şamil Ayrım:
Müsahibə
200
15:38, Bu gün

Şamil Ayrım: "Müharibənin 4 gün çəkəcəyi deyilirdi, amma proses uzanacaq" - MÜSAHİBƏ

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir.

- Şamil bəy, regionda baş verən son prosesləri necə dəyərləndirirsiniz?

- Hazırda beynəlxalq hüququn və BMT prinsiplərinin tam və effektiv şəkildə tətbiq olunmadığı mürəkkəb bir beynəlxalq münasibətlər mərhələsini yaşayırıq. Bu reallığın ağrılı nəticələri Azərbaycan xalqı üçün ən kəskin formada Xocalı faciəsi zamanı özünü göstərib. Xocalı hadisələri ilə bağlı BMT çərçivəsində dörd qətnamə qəbul olunmasına baxmayaraq, həmin sənədlərin icrası təmin edilmədi. Beynəlxalq hüququn norma və prinsiplərinə əsasən sülh yolu ilə həll edilməli olan münaqişə təəssüf ki, müharibə ilə həll edildi və üç min azərbaycanlı gəncin həyatına son qoydu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı bildirmişdi ki, “dünya beşdən böyükdür, daha ədalətli dünya mümkündür”. Bu yanaşma beynəlxalq münasibətlər sistemində balansın və ədalətin təmin olunmasının zəruriliyinə diqqət çəkir.

Yeni dünya düzəninə nəzər saldıqda aydın olur ki, bir sıra hallarda güc amili hüquqi mexanizmləri üstələyir. Müasir coğrafiyada bir çox müharibələr baş verir. Günahsız insanlar, xüsusilə qadın və uşaqlar silahlı qarşıdurmaların qurbanına çevrilirlər. Döyüş meydanında silahlı tərəflərin üz-üzə gəlməsi müharibənin reallığıdır, lakin qadınların, uşaqların hədəfə alınması insanlıq adına qəbuledilməzdir və utancdır. Qafqazda davamlı sülhün təmin olunması üçün Azərbaycan üzərinə düşən hər şeyi edir və inşallah, buna nail olacaq. Bu prosesdə Türkiyə Azərbaycanın ən yaxın dəstəkçisidir və yanındadır. Biz sülh istəyirik. Türkiyə 40 il PKK terror təşkilatına qarşı mübarizə apardı.

Eyni zamanda, ölkə daxilində ictimai həmrəyliyin və milli birliyin möhkəmləndirilməsi məqsədilə parlament çərçivəsində Sülh və Demokratiya Komissiyası yaradıldı. Bu komissiya "Terrorsuz Türkiyə" ilə bağlı fəaliyyətini həyata keçirib. Yaxın günlərdə parlamentdə bununla əlaqədar bir sıra qanun layihələrinin qəbul edilməsi gözlənilir.

Bununla yanaşı, kaş ki Venesuela, Qəzza, Somali və İran kimi bölgələrdə baş verən hadisələr diplomatik dialoq vasitəsiylə həll edilsəydi... Çünki qeyri-müəyyən müddətə uzanan müharibələrdə nə qədər insan itkisi olacağı və dünyaya nə qədər zərər verəcəyi bəlli deyil. İnşallah ki, beynəlxalq insan hüquqları prinsiplərinə, eləcə də Birləşmiş Millətlər Təşkilatının qaydalarına uyğun şəkildə davranılacaq.

- Türkiyənin Xarici işlər naziri Hakan Fidan Türkiyənin İran müharibəsini gecikdirdiyini bildirib. Problemin həlli üçün Türkiyənin təklifləri nələrdir? Tərəfləri diplomatiya masasına dəvət etmək üçün, sizcə, nə etmək lazımdır?

- Xarici işlər naziri regiondakı hadisələri yaxından izləyir. Türkiyə ardıcıl və uğurlu xarici siyasət yürüdür. Bu, yeni bir yanaşma deyil, son iki il ərzində Türkiyə istər Suriya, istər İraq, istərsə də digər regional və qlobal məkanlarda fəal diplomatik fəaliyyət göstərib. Türkiyə, həmçinin İsrail, Amerika Birləşmiş Ştatları və İran arasında vasitəçilik edərək dialoq və sülh mexanizmlərini gücləndirməyə çalışır.

Türkiyə prinsipial olaraq müharibənin deyil, sülhün tərəfdarıdır. Aparılan danışıqlar nəticəsində hələlik arzu olunan nəticə əldə edilməsə də, Türkiyə prosesin dayandırılması və diplomatik dialoqun davam etdirilməsi istiqamətində səylərini sürdürür. Prezident Rəcəb Tayyib Ərdoğan da dünya liderləri ilə diplomatik təmaslarını aktiv şəkildə davam etdirir. Türkiyənin əsas məqsədi müharibələrin ən qısa zamanda dayandırılması, ölkələrin ərazi bütövlüyünün qorunması və xalqların sülh, təhlükəsizlik və rifah içində yaşamasının təmin edilməsidir.

Bu istiqamətdə aparılan konstruktiv diplomatik fəaliyyət regionda sabitliyin və davamlı sülhün möhkəmləndirilməsinə xidmət edir.

- Necə düşünürsünüz, müharibə yaxın günlərdə dayandırıla bilərmi?

- Hazırda vəziyyətlə bağlı qəti fikir söyləmək mümkün deyil. Mən də sizin kimi xəbərləri televiziyalardan izləyirəm. Əvvəlcə prosesin dörd gün davam edəcəyi bildirilirdi, lakin son məlumatlara görə, onun dörd-beş həftə çəkə biləcəyi ehtimal olunur. Arzumuz odur ki, bu proses ən qısa zamanda, sabah tamamlanmış olsun.

- Prezident Rəcəb Tayyib Ərdoğan anonsunu vermişdi, 2026-cı ildə Cənubi Qafqazda Türkiyənin nə kimi addımlarının şahidi olacağıq?

- Türkiyə prioritet olaraq Azərbaycanla Ermənistan arasında qalıcı sülh sazişinin imzalanmasını dəstəkləyir. Avqustun 8-də ABŞ-də keçirilən görüşdə hər iki lider - Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu sazişə razılıq veriblər. Türkiyə bu təşəbbüsü tam dəstəkləyir. Bildiyiniz kimi, Zəngəzur dəhlizi “Tramp koridoru” adlandırılıb. Türkiyə sülh sazişinin ən qısa müddətdə imzalanmasını istəyir. Türkiyə Ermənistanla sərhədi ancaq Azərbaycan və Ermənistan arasında problemlər həll edildikdən sonra aça bilər.

Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında problem ortadan qalxdığı, Azərbaycan "sərhədi açın" dediyi zaman biz bunu edəcəyik.

2026-cı ildə Türkiyənin əsas prioritetləri arasında Qafqazda qalıcı sülhün təmin olunması, Zəngəzur dəhlizinin açılması və Orta Dəhliz vasitəsilə Çinədək uzanan ticarət, mədəniyyət və iqtisadi əlaqələrin genişləndirilməsi durur. Bu təşəbbüslər gənclər və iş adamları üçün yeni imkanlar yaradacaq.

Türkiyə həmçinin Azərbaycan ilə birlikdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsini məqsəd qoyur. Uzun illər Sovet İttifaqının iqtisadi sistemi altında qalan türk dövlətləri artıq müstəqil şəkildə inkişaf edir və bunun ən bariz nümunəsi Azərbaycandır. Bu gün Azərbaycan beynəlxalq nüfuza malik, gələcəyə ümidlə baxan bir dövlətdir.

Türkiyə istəyir ki, digər türk dövlətləri də oxşar mövqeyə gəlsin və ortaq tarix, ortaq dil mədəniyyət və dəyərlər ətrafında birləşsin.

Gənclərin, iş adamlarının və vətəndaşların bir-birini anlayacağı, ortaq əlifba və ortaq coğrafiya əsasında əməkdaşlıq edəcəyi bir mühit formalaşmalıdır. Bu, önəmli bir yol xəritəsi olacaq.

Link kopyalandı!
Son xəbərlər