Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə cavablandırıb. Parlamentari Azərbaycana olan hibrid hücumlardan danışıb.
- Asim müəllim, bu kampaniyanın arxasında Rusiyanın dayandığı deyilir. Sizcə başqa mərkəzlərin də işi ola bilərmi?
- Rusiyanın yaxın müttəfiqi İran da bu çirkin kampaniyada iştirak edə bilər. Amma “təbliğat maşını” həmişə Rusiyadan maliyyələşib. Rusiya iftira kampaniyasını həyata keçirməklə öz imkanlarını artırmaq və ölkələri özünün təsiri altına salmaq istəyir. Düzdür, Rusiya postsovet məkanında təsir gücünü artıra bilmir. Amma bu niyyətindən də əl çəkmir. Çünki imperiya təfəkkürü hamını əzib idarə etmək istəyindən qaynaqlanır.
- Bu hücumların tam zərərsizləşdirilməsi və ifşası üçün “KQB” arxivlərinin açılması təklif olunur. Siz bunun tərəfdarısınızmı?
- Azərbaycan hüquq-mühafizə orqanları öz işini yüksək səviyyədə görür. Sadəcə, Rusiyanın agentura şəbəkəsinin və digər ölkələrə xidmət edənlərin ifşası davam etdirilməlidir. Azərbaycana böhtan atanların hansı qüvvələrə nökərçilik etdiyi üzə çıxarılmalıdır. Yəni bu istiqamətdə addımların atılmasına zərurət var.
- Sizcə, Rusiya bu hücumlarla Azərbaycanı özünün siyasi orbitinə yaxınlaşdıra bilərmi?
- Söhbət heç siyasi orbitdən də getmir. Onlar hamıya hökmranlıq etmək istəyirlər. Azərbaycanı da özlərinin köləsi etmək arzusundadırlar. Yəni bunu bacarmırlar, amma istəkləri də qalır. Ümumiyyətlə, tək bizə qarşı deyil. Kiminə bomba atırlar, kiminə böhtan...
Ona görə də Rusiya agentura şəbəkəsindən istifadə edir. Onların Amerikada, Avropada agenturası var. Kreml öz pullarını vətəndaşlarına xərcləmir, agenturaya maliyyə ayırır. Bu da sovet təfəkkürdür.