YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az onunla müsahibəni təqdim edir:
- Mübariz müəllim, Ermənistan tərəfi növbəti dəfə konstitusiya dəyişikliyi mövzusu ətrafında manipulyasiya etməyə çalışır. Onlar iddia edir ki, yekun sülh sazişi konstitusya dəyişikliyi olmadan da imzalana bilər. Bu isə Azərbaycana qarşı ərazi iddialarının növbəti dəfə saxlanılması deməkdir. Belə olan halda yekun razılaşmanın imzalanması nə dərəcədə məntiqlidir?
- Azərbaycan tərəfinin bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bir daha bu məsələ ilə bağlı ölkəmizin mövqeyini bəyan etdi. Ölkəmizin əsas şərti ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və onun preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən “müddəalar” birmənalı olaraq aradan qaldırılmalıdır. Məhz Ermənistan tərəfi konstitusiya dəyişikliyi ilə bağlı referenduma getməklə ölkəmizə qarşı həmin iddiaların aradan qaldırılmasını təmin etməlidir. Bu halda ötən il avqustun 8-də Vaşinqtonda ABŞ və Azərbaycan Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə paraflanmış sülh sazişinin yekun variantı imzalana bilər. Prezident İlham Əliyev də bəyan etdi ki, Ermənistan konstitusiyasindan Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən “müddəalar” çıxarıldıqdan sonra yekun sülh sazişinin imzalanması mümkündür. Bu mənada Azərbaycanın mövqeyi birmənalı olaraq hüquqa, ədalətə söykənir. Ölkə başçısının sülh gündəliyində də bu məsələlər aydın şəkildə ifadə edilib.
II Qarabağ müharibəsindən sonra da qalib tərəf olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edən də məhz Azərbaycan olub. Bundan sonra da ölkəmiz sülh prinsiplərinə ardıcıl olaraq tərəfdar olduğunu bəyan edib.
- Zəngəzur dəhlizinin (Tramp marşrutu) keçəcəyi ərazi ilə bağlı Ermənistan tərəfinin fərqli bir yanaşma sərgiləməsi, bölgəni “sülh qovşağı” kimi absurd iddialar fonunda gündəmə gətirməsində məqsəd nədir?
- Əvvəl də erməni tərəfi bu mövzunu gündəmə gətirmişdi. ABŞ-nin əvvəlki administrasiyası dövründə də bu məsələ ətrafında müzakirələr aparılırdı. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bu məsələ ilə bağlı ölkəmizin mövqeyini aydın şəkildə ifadə etdi. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə regional kommunikasiya xətləri də blokadadan çıxarılmış olur. Ona görə də erməni tərəfinin yenidən “sülh qovşağı” məsələsini gündəmə gətirməsi məntiqdən uzaqdır. Sözsüz ki, bu heç də yeni bir “mövzu” da deyil. Faktiki olaraq, bu cür yanaşmaların ortaya atılması mövcud sülh prosesinə əngəl yaratmaqdan başqa bir anlam kəsb etmir.
- Regional kommunikasiya xətlərinin işə düşməsi, Zəngəzurdan keçəcək dəhlizlə bağlı bölgədə maraqlı olan tərəflərin mövqeyi nədən ibarətdir?
- Azərbaycan Orta Dəhliz layihəsi məsələsində öz üzərinə düşən bütün vəzifələri və öhdəlikləri qəbul edir. Zəngəzur dəhlizi (Tramp marşrutu) məsələsi ətrafında ABŞ və Ermənistan arasında müzakirələrə gedir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bu yaxınlarda bölgəyə baş tutmuş səfərində də bu məsələ ətrafında müzakirələr aparılıb. Sözsüz ki, regional kommunikasiya xətlərindən, o cümlədən Zəngəzur dəhlizindən (Tramp marşrutu) Şimal-Cənub nəqliyyat qovşağının bir hissəsi olaraq Rusiya və digər tərəflərin də istifadəsi mümkündür.
Bu mövzuya dair Rusiya tərəfinin rəsmi şəxslərinin fikirləri ilə yanaşı, digər mövqelər də səslənir. Bütün bunlar isə Rusiya və Ermənistan arasında həll ediləcək və müzakirə olunacaq mövzulardır.