“Mehdiyev işi üzrə xalqa hər şeyi açıqlamaq lazımdır” – Novella Cəfəroğlu ilə GÜNDƏM söhbəti
Müsahibə
287
15:28, Bu gün

“Mehdiyev işi üzrə xalqa hər şeyi açıqlamaq lazımdır” – Novella Cəfəroğlu ilə GÜNDƏM söhbəti

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu dəfəki müsahibi Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğludur. Hüquq müdafiəçisi həmkarımızla Ruben Vardanyan və Ramiz Mehdiyev mövzularında söhbətləşib. Müsahibəni təqdim edirik:
 
- Novella xanım, “Amnesty International” Vardanyan və digər erməni məhbuslar haqda bəyanat yayıb. Ümumiyyətlə, bu mövzuda beynəlxalq kampaniya aparılır. Sizcə, məqsəd nədir?
 
- Məqsəd sözsüz ki, Azərbaycana təzyiq göstərmək, erməni cinayətkarlar haqda siyasi don geyindirməkdir. Guya bu hərbi cinayətkarlar və separatçılar siyasi məhbuslardır. Əlbəttə ki, cəfəngiyatdır. Onlara törətdiyi ağır cinayətlərə görə hökm oxunub. Araik Gəncəni vurmaq əmri verdiyini açıqlayıb, Ruben Azərbaycan rəhbərliyini terrorla təhdid edib, digərləri də xunta rejiminin başında olublar. Mən Vardanyana ömürlük həbs cəzası verərdim. Ona 20 il həbs cəzası verilməsi azdır. Çünki Vardanyan onların arasında ən təhlükəlisidir. Çünki separatizmi, müharibəni dəstəkləyir, millətlər arasında düşmənçiliyi qızışdırır. O, öz xalqını sülhə apara bilməz. Vardanyan kimilər illərlə erməniləri fəlakətə sürükləyib. Məhz onun milyardları ilə separatizm qızışdırılıb.
 
- Prokuror ömürlük həbs cəzası istəmişdi, bəs niyə hakim 20 il azadlıqdan məhrum etdi?
 
- Hesab edirəm ki, Ermənistanla yaxında yekun sülh sazişi gözlənilir, eyni zamanda, Zəngəzur dəhlizinin açılması məsələsi var. Hər halda, sülh naminə bu qərar verilib. Mən düşünürəm ki, ermənilərlə aramızda sülh olmalıdır. Bunun əksi müharibədir. Ancaq biz ermənilərin xislətini nəzərə alaraq öz təhlükəsizliyimizə görə müharibəyə həmişə hazır olmalıyıq. Mən razıyam ki, ermənilərlə normal və dinc şəraitdə qonşu olaq, gediş - gəliş olsun, amma müharibəyə da hazır olmalıyıq. Çünki Vardanyan kimilər həmişə qızışdırıcı hərəkətlər etməyə hazırdır.
 
Əslində, Vardanyan heç ermənilərin də adamı deyil. O, Rusiyanın əlində alət olub. Bu şəxslərin içində ən zərərlisi elə Vardanyan idi. Ancaq onların təhvil verilməsi sualları tez-tez gündəmə gəlir. Buna gələcəkdə baxacağıq. Hələlik Azərbaycanla Ermənistan arasında ekstradisya haqqında dövlətlərarası bir razılaşma yoxdur. Əvvəlcə Zəngəzur məsələsi və sülh müqaviləsi həllini tapsın, sonra bu məsələlərə baxarıq.
 
- Gündəmə aid son sualım keçmiş PA rəhbəri Ramiz Mehdiyevlə bağlıdır. O, dövlətə xəyanətdə ittiham olunur. Belə ağır maddə üzrə istintaq gedirsə, yeni həbslər ola bilərmi?
 
- Ramiz Mehdiyev işi belədir ki, onun kimlərlə bağlı olduğu üzə çıxarılmalıdır. Bəlkə bu işdə yeni şəxslər var, onu indidən söyləmək çətindir. Çünki istintaq gedir. Ancaq Azərbaycanda bu işlə bağlı başqa adamların adı çıxa bilər. Sadəcə, məhkəmədən sonra xalqa hər şeyi detallı açıqlamaq lazımdır. Onda beynəlxalq təşkilatlar da ağzını yumacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər