40 ildir dərd qovuran şair: “O uşaq məni odsuz, ocaqsız yandırdı”
Müsahibə
497
09:00, Bu gün

40 ildir dərd qovuran şair: “O uşaq məni odsuz, ocaqsız yandırdı”

Bu gün tanınmış şair – publisist Qılman İmanın doğum günüdür. Moderator.az 40 yaşını tamamlayan yazarla müsahibəni təqdim edir. 

- Qılman, gəlib çatdın 40-a. Ədəbiyyatda 40 həm müqəddəs, həm də sehrli rəqəmdir. İndiki dövrdə isə 40 yaş çox qorxulu bir mərhələ hesab olunur, əsasən də kişilər üçün. Bu yaşda özünü necə hiss edirsən, 40-ın sehrinə qapılmısan, müqəddəsliyinə aşiq olmusan, yoxsa qorxusuna düşmüsən?

- ⁠Deyim ki, lap uşaqlıqdan 40 sözünü, rəqəmini eşidəndə içimdə qəribə bir  vahimə, mistik bir aura yarandığını hiss etmişəm. Adicə söz kimi  ifadə edəndə də həmin vahimə məni bürüyür. Mən mistikaya inan adamam. Sevinirəm 40 yaşa çatmağıma. Çünki ömürdən, dünyadan həmişə bədgüman olmuşam. Hələ uşaqlıqdan dünyanın faniliyini dərk edən, hiss edən, bir az dəqiq desəm, bəsirəti açıq adam olmuşam. Ona görə özümü 40 yox, 40 milyon il yaşamışam bir adam kimi hiss edirəm. 40 rəqəmi müqəddəs olsaydı, yəqin ki, qorxmazdıq. Qırx illik ömrümdə gəldiyim qənaət budur ki, SÖZdən müqəddəs heç nə yoxdu. Təsəllim, sevincim isə ürəyimin qanı ilə yazdığım şeirlərimdi. Şeirlərimin qazandırdığı mənimlə eyni hissi yaşayan oxucularımdı. Bir təsəllim budur.  

Biri də budur ki, uşaqlığımın içindən qara zolaq kimi keçən Qarabağ azad olundu. Şuşanı gördüm.Şuşanın güllələrə tuş gələn dilsiz daşlarını gördüm. Qarabağın işğalı ilə mənim və mənim yaşıdlarımın, nəsildaşlarımın uşaqlığı da işğal olunmuşdu. Qarabağ azadlığına qovuşdu, uşağılığımız isə hələ keçmişin əsarətindədir.

- 40 yaşına yazdığın şeirdə deyirsən ki, “Bu yatan çovğunlu bəxtimə bir bax, eşitmir səsimi, Allah, sən çağır”. Bu yaşda çağırılmaq tez deyilmi? 

- Yaradıcılıq eşidilmək istəyindən yaranır həm də. Bir şeirimdə də demişəm ki: “Şairin sözünü bəndə oxuyur, Şairin səsini Allah eşidir”.  İndi düşünürəm ki, bəlkə də şairin səsi eşidilsəydi, şair şair olmazdı. Bəzən eşidilmədiyimiz üçün yazırıq. Mən insanlara yox, həmişə Allaha xitab etmişəm şeirlərimi. Bəlkə də Azərbaycanda məndən çox şeirdə Allah sözü işlədən şair yoxdu. Göydə bilmirəm, amma yerdə şeirlərimin, çağırışlarımın əks-sədasını az-çox eşidirəm. Ona görə heç bir çağırış nə tezdi, nə də gecdi. Məqamında, eşidilmək istəyəndə qəlbimin diqtəsi ilə çağırmışam Allahı.

1472420

- Bəs uşaqlıq həsrətini - Qərbi Azərbaycanı, Göyçəni görmək istəmirsən?

- Bizim kəndimizin əhalisinin yarısı 1953-cü ildə Göyçədən Bərdəyə deportasiya olunub. Nəslimizin demək olar böyük hissəsi 1953-cü ildə Bərdəyə gələnlərdir. Atam institutu bitirəndən sonra təyinatını Yevlax rayonuna veriblər. O vaxtdan, yəni 80-ci illərdən əmilərimə, qohumlarımıza görə o da Bərdədə, 1953-cü ildə saldığımız Yeni Daşkənd kəndində qalmalı olub. Bərdədə yaşasaq da, həmişə Göyçəylə ailəmizin əlaqəsi olub, ildə bir neçə dəfə gedib-gəlmişik. Məni ata nənəm saxlayıb. Xüsusən yazla yayın arasında məni atam apararmış, noyabrda, dekabrda gətirərmiş. Göyçə dağılanda 3 yaşım olub, ona görə oranı kölgə kimi xatırlayıram. Amma bizim qocaların hər biri Göyçənin canlı bir tərcümanıydı. Adi danışıqlarında, ləhcələrində, üz cizgilərində, saza-sözə bağlılıqlarında, xarakterlərində, Göyçə və Göyçəlilik varıydı. Hansını dindirsən Göyçədən danışar, xatirələrini çözələrdi. Aşıq Alıdan, Dədə Ələsgərdən, Şair Məmmədhüseyndən şeir deyər, saz üstündə qoşma-gəraylı zümzümə edərdilər. Bu mənada mən Göyçənin özündən çox, onun ağrısı, həsrəti ilə böyüdüm.  Çünki yaşlı nəsil ora haqqında elə təəssürat yaratmışdılar ki, Göyçə mənim üçün xəyali cənnət çevrilmişdi. Cənnəti görmək hər kəsin arzusudur. Həm də yüzlərlə doğmalarımız Göyçə deyə-deyə dünyadan köçdülər. Göyçəni tək öz gözümlə yox, həm də onların gözü ilə görmək istəyirəm. Əslində Göyçə inzibati ərazidən çox, adam-adam daha çox işğal olundu. Göyçəni görən, orada yaşayan ağsaqqallar, yaşlı nəsil dünyasını dəyişdikcə, Göyçəni mənəvi coğrafiyası qəbir-qəbir daraldı. O darlığı, boşluğu hiss etmək, duymaq həssas adam üçün daha ağırdı.

- Şeirlərindən birində bir bənd diqqətimi cəlb eləmişdi. Daha dəqiq desəm, ata aşiqi olaraq cızdağımı çıxarmışdı. “Taleyin işinə heç bir sözüm yox, həyat dərsləriylə verdi öyüdü. Atam ölən gündən təkcə özüm yox, həm də arzularım yetim böyüdü”. Atasız bu yaşa çatmaq nə qədər ağır oldu?

- Adına tale dediyimiz bir nəsnə var. Biz o talenin, qədərin, nəsnənin içində ömür edirik. 10 yaşım olanda atamı itirdim, 38 yaşında qəfil dünyasını dəyişdi. Və həmin atasızlıq atam dünyasını dəyişəndən 30 ildir hər addımda məni izləyir. Çox qəribədir ki, atam da 8 yaşında atasını itirmişdi, o da yetim böyümüşdü. Yəni atasızlığımı böyük fələkət kimi təqdim etməkdən uzağam. Milyonlarla adamlar atasını erkən itirib, bu taleni təkcə mən yaşamamışam. Amma etiraf edim ki, mən atasızlıq hissini çox ağır keçirmişəm. İnsanın elə məqamı olur ki, orda ata yeri daha çox hiss olunur. Atasını 30-40 yaşında itirən dostlarımın ağrısını görəndə, atasızlığıma daha çox acıyıram, daha çox təəssüflənirəm. Bir az da onlara bəxtəvərlik verirəm. Onlar atalarından ata qayğısını görüb göynəyirlər, mən isə görmədiyim görə. Ömür gedir, böyüyürsən, ata olursan, baba olursan, amma o boşluq dolmur, o yaranın yeri sağalmır. Sevmədiyim bir söz var: “yetim və kəsik”. Bu adların ağrısı ilə yaşamağın özü dəhşətli bir şeydi. Üstəlik o yetimlik sən istəməsən də, səndən asılı olmadan, taleyin diqtəsi ilə sənin həyatına, xarakterinə yansıya. Bu, çox dəhşətlidir...

- Belə anladım ki, sənin sözlə bu qədər sarmaş-dolaş olmağında atasızlığın böyük rolu olub. Deyə bilərikmi, Qılmanı atasızlıq dərdi dilləndirir?

- ⁠Yaradıcılıq bizdə genetikdir. Şeir yazmaq, söz demək bizə babamın anası Başxanım Şəfiqızından keçib. Başxanım Şəfiqızının bacısı Savad da aşıq olub. Onlar haqqında bir çox ədəbiyyatlarda, o cümlədən Əzizə Cəfərzadənin "Azərbaycan aşıq və şair qadınları" kitabında həyat və yaradıcılıqları barədə geniş məlumat gedib. Başxanım Şəfiqızından isteadad babam Həsən Xəyallıya keçib. Babam mədrəsə təhsil almış, dövrünün savadlı ruhanilərindən olub. Göyçənin Nərimanlı kəndində Aşıq Ələsgərin qardaşı oğlu məhşur Növrəs İmanla, Bəhmən Göyçəli ilə birlikdə mədrəsə təhsil alıb. Bir xeyli xalq dastanlarımızı klassik aşıqlardan toplayıb. Çap olunası zəngin arxivi var. Şeirləri zamanın da mətbuatda az çap olunsa da, köhnə aşıqlar həmişə şeirlərini ifa ediblər, bir neçə şeirləri var ki, bu gün də zərbi məsələ çevrilib, dillər əzbəridi. Babamdan da əmilərimə, atama keçib. Atamgil altı qardaş olub, hamısının da şeir yazmaq qabiliyyəti vardı. Ən məhşuru Sərraf Şiruyədir ki, 50 ildən artıqdır el məclislərində onun şeirləri aşıqlar, xanəndələr, qiraətçilər tərəfindən ifa olunur. Həmçinin əmim Molla Əmirxanın, atam Aqil İmanın şeirləri şeirsevərlər tərəfindən yüksək qiymətləndirilir. Hazırda bizim nəsil də iyirmidən artıq əli qələm tutan, şeir yazan, kitabı çap olunan şair var. Onların hələlik sonbeşiyi mənəm. Sadəcə atasızlıq mövzu olaraq mənim yaradıcılığımda dərin iz buraxıb. Yadımdadır ki, mənim bibilərim də danışanda qafiyə ilə, bayatı ilə, hansısa şairin şeirini misal gətirib danışardılar. Halbu ki, onlar heç yazı-pozu bilmirdilər.

1472419

- O zaman saz sevgin də genetikdir. Sazla qol-boyun olmaq daha çətindir, yoxsa sözlə?

- Qərb zonası, xüsusən Göyçə sazın, Aşıq məktəbinin əsas qollarından, ana beşiklərindən biri hesab olunur. Ona görə mənə sirayət etməyə bilməzdi. Göyçəlilər buxara papaqlı, xrom çəkməli, kalferi şalvarlı, əli sazlı adam, aşıq görəndə, elə bil imam-peyğəmbər görürdülər. Aşıq keçmişdə informasiya daşıyıcısı idi. Nə təzə xəbər olsa, el-obaya aşıq çatdırırdı. Çünki aşıq el-el gəzirdi, hər yerdən xəbəri vardı. Babam da aşıqlarla həmişə dostluq edib, atam da, əmilərim də. Ona görə mənim sazı sevməmək kimi bir imkanım olmayıb. Atamgil sazı sevsələr də, bircə kiçik əmim saz ifa edə bilib. Qəribədir ki, babam razı olmayıb övladlarından kimsə aşıq olsun. Mən orta məktəbdə oxuyanda kəndçimiz, qohumumuz Viləddin dayıdan sazı öyrəndim. Ondan sonra içimdəki şeir yazmaq həvəsimi tədricən saz pərdə-pərdə cilaladı. İlk əvvələr öz sözümdən çox, sazın sözünü yazırdım. Sonralar sazın avazında öz sözümü yazmağa başladım. Ona görə mən hər ikisi ilə qol-boyun olanda bütöv oluram. Sazı çox sevsəm də, qəribədir ki, ifa etməyi o qədər də çox sevmirəm. Çünki indi o qədər yaxşı saz ifaçıları var ki, onları dinlədikcə doyuram, özümün ifa etməyimə yer qalmır. Həm də sazı təkcə müsiqi aləti kimi yox, türkün atributu kimi sevirəm. Milləti diri saxlayan, ruhunu ölməyə qoymayan bizdən xəbərsiz həm də sazdı. Təbrizdə yaşayan əlli milyonluq canı bir, qanı bir qardaşlarımız dediklərimə sübutdur. Saz təəssüf ki, kəşf olunmayan, hələ də subkultura səviyyəsində qalan, təbliğ olunan, halbuki mədəniyyətimizi dünyada kultura səviyyəsində təmsil edə biləcək epoxal bir alətdir.

- Sazın da dərd qoxuyur, şeirin də. Dərdi elə vəsf edirsən ki, adam dönüb dərd olmaq istəyir. Səndən sonra “Qılman İman neçə kitablıq dərdi qoydu getdi” deyilməsindən qorxmursanmı?

- ⁠Dərdi olmayan sazı sevməz. Saz dərdimizin ən gözəl dilmancıdı. Bizdə bir adamı nişan verəndə, deyirlər, səmimi adamdı. Səmimiyyət olmayan yerdə sənət yoxdu. Səmimi olmayanda özün olmursan, özün olmayanda, sözün qəlbə yol tapmır. Sənət su kimidir, o suyun da cövhəri səmimiyyətir. Həmişə dərdimi-özümü yazmışam, səmimi ifadə etməyə çalışmışam. Bu mənada dərdimə minnətdaram. Dərdimin neçə kitab olacağını deyə bilmərəm. Məndə dərdi olanların şairiyəm. Yer üzündə dərdi olmayan varmı? Yaradıcılıq elədir ki, sən tək öz dərdini yazmırsan, hamının dərdini yazırsan. Qələm-kağız önündə fərddən çox, hamılaşırsan. Kimə nə lazımdır, necə, nə qədər lazımdır o qədər özünə pay götürür. Kaş hamının olan dərdimdən çox yaza biləydim. Sonra nə deyəcəklərsə, cavabını zaman verəcək.

- Deyirsən ki, “Adım var isimin adlıq halında, dərdi oxuyuram dərd qavalında. Ölümlə-qalımın sportzalında, özümlə çıxıram, duelə hər gün!” Həmin dueldə hansı tərəfin daha ağır gəlir?

- Rəsul Rzanın məhşur şeirində dediyi kimi: “Mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında”.  Dueldə insan tərəfim qalib gəlir deməzdim, hələlik duruş gətirir. Çünki həyatımız elədir ki, ölümlə-qalım ortamında beşikdən qəbrə qədər vuruşuruq. Vuruşmayanlar tez məğlub olur, vuruşanlar gec. Gücüm tükənəndə bir gün yəqin ki mən də məğlub olacağam həyata, qayğılara...

- Bir şeirində də deyirsən ki, “Mən haçandır ürəyimin qapısına, lent nədir, ey, heç ümid də bağlamıram…”. Nədir axı bu ümidsizliyin səbəbi? Sevgi oxunun daşa dəyməsi, yoxsa bu dünyanın, daha doğrusu insanların riyakarlığı?

- Səbəblər çoxdu. O səbəbləri sadalasam, onda gərək Əzrayıldan qabaq özüm özümü öldürəm. Günü-gündən həyat, dünya, cəmiyyət haqqında düşüncələrim dəyişir. Həyat məni hiss etməsə də, mən həyatı hiss edirəm və bilirəm məhcul bir sonsuzluğa, heçliyə, işıqdan qaranlığa doğru gedirik. Dediklərimin əksi olsaydı, yəqin ki, belə düşünməz, çox da bədgüman olmazdım. Bu, mənim fərdi yox, müşahidə etdiyim ümumi bir düşüncədir. Şər daha aktivdir bizim əsrdə. İnsanın insanı öldürdüyü bir dünyada xoşbəxtlik özünə əbədiyyət qazana bilməz. O üzdən dünyadan və bəşəriyyətən çox nigaranam. Yəni mənim dərdim fərdi dərd deyil. Bayaq dedim, şair özlüyündə hamılaşa bilən varlıqdır. Pişiklər, qurbağalar zəlzələni əvvəldən hiss edən kimi, şairlər də gələcəyi hiss edən bəsirəti açıq varlıqlardır.

1472416

- Bu, şeirlərindən hiss olunur. Məsələn, zəlzələdə donan Xoylu uşağın dərdi belə səni göynədib. “Dönə bilmədim başına, qolum boyuna qol aça. Bu ilin soyuq qışına, bağışla məni, balaca!” demisən. Sən təkcə Azərbaycanın bu tayının yox, o tayının da, şərqinin yox, qərbinin də dərdini dərd eləmisən özünə…

- O şeiri şəklə baxa-baxa yazdım. O uşağın əliyalın vəziyyətdə düşdüyü durum məni odsuz, ocaqsız yandırdı. Xoydakı zəlzələ və o uşaq. Məktəbi, mətbuatı, əlifbası olmayan, 200 ildi əsarətdə yaşayan bir millət, o uşağın don vurmuş halındadır. İranda o şeiri həmin şəkillə qəzetlər çap etmişdi...

- Bilirəm ki, sən həm də yumoru diri olan insansan. Dərdi içində çəkirsən, ətrafa ancaq pozitiv enerji ötürməyə, dostlarından kimsə kədərlənəndə bir məsəl, iki lətifəylə dərdini dağıtmağı bacarırsan. Bəs dostların necə, dəyərini, qiymətini bilirlərmi? Ümumiyyətlə bu 40 ildə sözün bütün mənalarında, haqq etdiyin dəyəri görə bildinmi?

- ⁠Dediyin kimiyəmsə, nə xoş mənə. Məncə insan ətrafına işıq ötürməlidir ki, o, adamları, adamlar da onu aydın görə bilsin. Bəzən bir şirin söz, məqamında söylənilən lətifə, insanı müalicə edir. Bir adamın üzün güldürüb, qəlbin oxşaya bilirsənsə, bu, sənin insan kimi böyüklüyündür.

Qaldı haqq məsələsinə. Mən elə bir iş görməmişəm ki, haqqımı da alam, ya almayam. Bacardığım yazmaqdır. Bunu necə bacardığımı diqqətli oxucular deyə bilə, bir də əlahəzrət zaman. Bu gün şeirlərimi, kütləvi şəkildə olmasa da, müəyyən qədər sevənlər, oxuyanlar var. Bu barədə bu gün üçün hələlik narazılığım yoxdur. Amma o şeirlərin 50 il sonra qalıb-qalmayacağını dəqiq bilmirəm. Bu mənada, bir qələm adamı kimi əsl haqqımı zaman verəcək.

İnsan kimi isə hələ haqqımı özüm özümə verə bilməmişəm.

1472421

- Bildiyim qədər yaxşı dostluğun da var, xüsusilə qələm əhli ilə, Zəlimxandan tutmuş gənc yazarlara qədər. Kimlərdən nə götürdün öz payına? Söz süfrəsindən bəhrələndiklərin çox oldu, yoxsa dərs çıxardıqların?

- ⁠Ədəbi mühitdə, demək olar, hamıyla xoş münasibətim var. Dostluq etdiklərim isə çox azdı. Ədəbiyyata təzə gələn vaxtlar hamının dostu çox olur, sonra illərin sınağından çıxan adamlar sənin həqiqi dostuna çevrilir. Ədəbiyyat adamları ilə dostluq etmək bir az da müşkül məsələdir. Dostluq etdiyin adam ikinci mən deməkdir. O cür adamı indi tapmaq lotereya udmaq kimidir. Zəlimxan Yaqubla uşaqlıqdan dost olmuşam. Özünü şəxsən tanımamışdan şeirləri ilə dost olmuşam. Şeirlərinin vasitəsi ilə özüylə dostluğumuz yaranıb. Ədəbi mühitdə tanıdığım ən böyük ürəkli, sağlam və səmimi adam idi. Həmişə onun boşluğunu çox dərin hiss edirəm.

Öyrənmək isə şakərim olub. Hamıdan - özümdən əvvəlkilərdən də, sonrakı nəsillərdən də nəsə öyrənmişəm. Daha çox öyrəndiyim Əli Kərim, Məmməd Araz, Camal Yusifzadə, Mövlud Süleymanlı, Vaqif Bayatlı, Eldar Baxış, Ramiz Rövşən, Musa Yaqub, Şaiq Vəli, Qulu Ağsəs, Salam Sarvan, Səlim Babullaoğlu olub. Hərəsindən poeziyanın bir sirrini əxz eləmişəm. Sanki onlar birlikdə mənim ədəbi düşüncəmi formalaşdırıb, poetik üslubumu yaradıblar.

1472418

- Sadaladığın adlar hər şeyi deyir artıq. Səncə, nə zamansa sənin haqqında da belə danışan olacaq?

- ⁠Bu suala birmənalı fikir bildirsəm zamanın yerinə hökm vermiş olaram. Çünki ədəbiyyatın qonunları çox amansızdır. İllərlə haqqında palaz-palaz yazılar yazılan, cild-cild kitabları çap olunan, şeirləri dillər əzbəri olan, böyük şair kimi xarakterizə edilən şairləri zaman arxivə atıb. 40-50 il bundan öncə Vaqif Bayatlının şeirlərini qəbul etməyən ədəbi tənqid, bu gün müasir poeziyada örnək göstərir. Ümid edirəm, həqiqi poeziyadan söhbət gedəndə mənim də 5-10 şeirim özünə yer edəcək. Çünki o şeirlərim məndən çox poeziyanı ifadə edib.

- Sabahdan artıq 50-ə doğru çətin bir yola çıxırsan. Bu illərdə sözündən, şeirindən nələr asılı qaldı? Nələr hələ də arzudur? Özünlə səfər azuqəsi olaraq nələri götürəcəksən? Nələrlə vidalaşacaqsan?

- ⁠Arzular tükənməzdir. İlk növbədə Allahdan möhlət istəyirəm ki, yaradıcılığımı davam etdirə bilim. Uzun illər yaradıcılıqla bağlı boşluqlarım çox oldu. Bir xeyli müddət heç nə yaza bilmədim. Yazdıqlarım isə özümü qane etmədi. Qəribədir ki, vaxtilə qəbul etmədiyim şeirlərim indi məndə ayrı fikir yaradır. Nə idisə bir neçə il həyatımdan burulğan kimi gəldi-keçdi. 40-a yaxınlaşdıqca özümü yenidən kəşf edirəm. Görünür, mən bir az insanlara, həyata yaradıcı yanaşıram. 18 ildir kitabım çap olunmur. Yaxın günlərdə şeir kitabım nəşr olunacaq. Ondan sonra esselər kitabımı çap etdirmək fikrim var. Bizdən bu dünyada qalacaq xoş əməllərdir, bir də yaza bilsək, əbədiyyətin sözüdür. Ömür vəfa etsə 50 yaşıma apara biləcəyim yaradıcılığım, kitablarım, bir də insanlara edə biləcəyim yaxşılıqlardır. Təki sağlıq olsun, cəmiyyətimiz sülh-əminamanlıq içində yaşasın, dövlətimiz daha da güclənsin, Qarabağda, Zəngəzurda viran qalmış evlərdə ocaqlar yenidən çatılsın. Türk dünyası birləşsin. Biz də doğmalarımızın, ata-babalarımızın Qərbi Azərbaycandakı gözü yolda qalan qərib məzarlarını ziyarət edib, küskün ruhlarını sevindirək.

- Arzularına mən də amin deyirəm. Sənin bir misran ilə də söhbətimizi yekunlaşdırmaq istəyirəm: “Nə vaxt canı versən canı alana, onda hesab bitir, borc sıfırlanır”. Sazlı-sözlü insanın sinəsi nə qədər ki, qaynar bulaqdır, nə qədər ki, təb gəlir, heç nə sıfırlanmır. Qismət olsa, bir də 50-ində söhbətləşmək ümidi ilə…

- Müsahibə üçün də, xoş arzularınız üçün də təşəkkür edirəm. Təki borcumuz Allaha olsun. O saili borcdan qurtarandır...

1472417

Söhbətləşdi: Rumiyyə MİRASLAN

Link kopyalandı!
Son xəbərlər