Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü qonağı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə olub. Deputat Trampın Azərbaycanı Qəzza üçün Sülh Şurasına dəvət etməsi və İrandakı son hadisələrlə bağlı sualları cavablandırıb:
- Asim müəllim, Azərbaycanın Sülh Şurasına dəvət olunmasının siyasi əhəmiyyəti nədən ibarətdir?
- Əslində, Azərbaycana olan hörmətin əlamətidir. Azərbaycan bölgədə nüfuzu olan ölkədir. Bu prosesdə iştirakımız, Sülh Şurasında ən yüksək səviyyədə üzvlüyümüz göstərir ki, ölkəmizdən ciddi gözləntilər var. Ümumiyyətlə, Azərbaycan dəfələrlə müxtəlif ölkələrə humanitar dəstək göstərib. Suriya, Ukrayna və başqa dövlətlərin adlarını sadalamaq olar. Ona görə də bu proseslərdə fəallığımız Azərbaycanın əhəmiyyətini artırır.
- Bəs İrandakı hadisələrin Azərbaycana nə kimi təsiri oldu və orada rejim özünün varlığını növbəti dəfə qoruya bildimi?
- İranda ciddi sosial-iqtisadi böhran var. Rejim milyardları beynəlxalq terrorun maliyyələşməsinə xərcləyib. Xalq da ciddi çörək, su və digər sosial problemlərlə üzləşib. İranda əhalinin vəziyyəti ağırdır və o pullar beynəlxalq terrora ayrılmaqdansa, xalqın güzəranına yönəldilə bilərdi. İndi isə baxmayaraq ki, xalq üsyanı qəddarlıqla yatırıldı, yenə də etirazların təkrarı ola bilər. Çünki rejim sosial-iqtisadi və digər sahələr üzrə siyasətində köklü dəyişiklik etməsə çöküşü davam edəcək.
- Bəzən belə fikirlər səslənir ki, İranda rejim dəyişikliyindən sonra Azərbaycanın regionda əhəmiyyəti azalacaq. Yəni ABŞ və İsrail üçün ölkəmiz indiki qədər mühüm rol oynamayacaq. Siz bu yanaşmanı bölüşürsünüzmü?
- Əksinə, Azərbaycanın hörməti daha da artacaq. İrandan dəyişiklik olandan sonra Azərbaycanla əməkdaşlıq genişlənəcək, yeni layihələr, təşəbbüslər olacaq. Düşünmürəm ki, İranda rejim dəyişikliyi olarsa, bunun Azərbaycana mənfi təsirləri olsun. Biz bölgədə yeni bir inkişaf mərhələsinə daxil ola bilərik.