“Dərin danışıqlar gedir, anlaşma olmasa, ABŞ İranı VURACAQ” – Partiya liderindən SENSASİON açıqlamalar
Müsahibə
221
13:05, Bu gün

“Dərin danışıqlar gedir, anlaşma olmasa, ABŞ İranı VURACAQ” – Partiya liderindən SENSASİON açıqlamalar

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə üçün sonuncu qonağı Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli olub.
 
Natiq Cəfərli İran və Ermənistanla bağlı sualları cavablandırıb.
 
- Natiq bəy, Tramp İran xalqına çağırış etdi ki, dövlət binalarını tutun, biz də gəlirik, yoldayıq. Sonra nə baş verdi ki, davamı gəlmədi?
 
- Əslində, həm ətraf ölkələr, həm ABŞ liderinin təhlükəsizlik üzrə məsləhətçiləri Trampı inandırıblar ki, İrana hücumla rejim dəyişməyəcək. Əksinə, qanlı nəticələri olacaq və fəsadı regiona yayılacaq. Ona görə hazırda ABŞ ilə İran arasında dərin danışıqlar gedir. Bu müzakirələr siyasi elita ilə aparılır və anlaşmaq üzrə olduqları görünür. Çünki İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin “Foks Nyus” kimi bir telekanalına müsahibə verdi və bu, bir ilk idi ki, Tehran rəsmisinin çıxışı Amerika telekanalında yayımlandı. Bu fakt da göstərir ki, Vaşinqtonla Tehran arasında danışıqlar gedir və ABŞ artıq yanaşmanı dəyişib. Yəni Tramp əvvəlcə İranı təhdid etdi, kifayət qədər sıxdı, sonra danışıqlara məcbur etdi. Digər vacib məqam odur ki, İranı gələcəkdə kimin idarə edəcəyi əhəmiyyətlidir və bu mövzu həm ABŞ-da, həm ölkə içində müzakirə edilir. Çünki indiki ali rəhbər çox yaşlıdır. O baxımdan, amerikalılar anladı ki, İranı bombalamaq çıxış yolu deyil. Bu səbəbdən də qarşı tərəflə danışıqlar aparıldı, Tehran qarşısında tələblər qoyuldu. Məsələn, əvəzində edamlar olmayacaq, etirazçılara atəş açılmayacaq deyə dayandılar. Əgər anlaşma əldə olunmasa, onda ABŞ güc əməliyyatına start verəcək.
 
- O zaman deyə bilərikmi, Rza Pəhləvi variantı arxa plana keçdi və etirazlar da getdikcə səngiyəcək?
 
- ABŞ Rza Pəhləvini iqtidarda görmür və onu hakimiyyətə gətirmək də istəməyib. Sadəcə, onunla görüşüb məlumat almaq, vəliəhdin İranda elitadan kimlərlə əlaqəsinin olub-olmadığını öyrənmək istədilər. Ümumiyyətlə, bu proseslərdə söhbət etirazlardan, xalqdan da getmir, ABŞ məsələni İran elitası ilə müzakirə edir.
 
- ABŞ demişkən, regionumuzda digər mühüm gedişat Zəngəzurla bağlıdır. Paşinyan dedi ki, dəmiryol xətlərinin bərpası üçün Rusiyanın köməyi lazımdır və bu ölkəyə müraciət olunub. Ancaq dəhlizdə Rusiyanın payı da olmayacağını bəyan etdi və artıq Zatulinin qəzəbli reaksiyası var. Bu mənada, Moskva kömək etməyə, əngəl ola bilərmi?
 
- Təbii ki, Rusiya dəhlizə və dəmiryol xətlərinin bərpasına əngəl olmaq istəyə bilər. Amma Kreml bunu Amerikadan güzəşt qoparmaq üçün edər. Yəni kömək məsələsini bazarlıq üçün danışıqlar predmetinə çevirəcək. Çünki Rusiya ilə Ermənistan arasında imzalanan sazişdə öhdəliklər var. Əgər Rusiya dəmiryol xətləri ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməsə, müqavilə ləğv edilə bilər. Paşinyan ona görə də açıq şəkildə müraciət edir ki, sabah Rusiya sazişdə olan öhdəliyi yerinə yetirsin, əks təqdirdə, ABŞ-nin siyasi gücünü yanına alıb həmin müqaviləni ləğv etsin. Odur ki, Paşinyan bu müqaviləni Rusiyanın qarşısına qoyur və dəmiryol xətlərinin bərpası üçün kömək istəyir. Paşinyan seçkiyə qədər bu layihələri tələsik reallaşdırmaq niyyətindədir. Çünki bu tikintinin başlanması ermənilər üçün yeni iş yerlərinin açılması deməkdir. Nəticədə minlərlə adam, onların yaxınları seçkilərdə Paşinyana səs verəcək. Söhbət imzalanacaq müqavilələrdən, hansı şirkətlərin işi götürməsindən, tikinti materialları alınmasından gedir. Bunlar da maddi qazanc, yeni iş yerləri deməkdir və bütün addımlar da seçkiyə hesablanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər