Müsahibə
794
18:16, Bu gün

"Ukrayna sülhə hazırdır — lakin beynəlxalq hüquqa əsaslanan ədalətli sülhə"

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Qusyev Moderator.az-ın suallarını cavablandırıb.
 
Həmin müsahibəni təqdim edirik:
 
- Ukrayna ilə Azərbaycan arasında mövcud münasibətləri necə qiymətləndirirsiniz? Davam edən silahlı münaqişə ikitərəfli əməkdaşlığın inkişafına necə təsir göstərib?
 
- Ukrayna Azərbaycanla strateji tərəfdaşlığını yüksək qiymətləndirir. Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsi şəraitində biz Azərbaycan xalqı və rəhbərliyi tərəfindən göstərilən dəstəyi xüsusilə hiss edirik.
 
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına başlanmasından sonra Azərbaycan Ukraynaya humanitar yardım göstərən ilk ölkələrdən biri olmuşdur. Bu çərçivədə dərman vasitələri, ərzaq məhsulları, yanacaq, habelə enerji və sosial infrastrukturun bərpası üçün avadanlıqlar göndərilmişdir.
 
Qlobal çağırışlara baxmayaraq, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf etməkdə davam edir. Biz siyasət, diplomatiya, iqtisadiyyat, energetika, nəqliyyat, ticarət, təhsil və mədəniyyət sahələrində fəal qarşılıqlı fəaliyyət göstəririk.
 
2025-ci il Ukrayna–Azərbaycan strateji tərəfdaşlığının və bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda mühüm mərhələ olmuşdur. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda keçirilən Beynəlxalq İqtisadi Forum və Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində görüşləri, eləcə də liderlərimizin müntəzəm telefon danışıqları və Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın Bakıya səmərəli səfəri xüsusi əhəmiyyət kəsb etmişdir. Bu səfərin nəticəsi olaraq ötən ilin iyul ayında Bakıda energetika nazirləri səviyyəsində Ukrayna–Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının uğurla keçirilməsi və birgə fəaliyyət planının imzalanması mümkün olmuşdur. Bu addımlar xüsusilə energetika sahəsində birgə layihələrin həyata keçirilməsi üçün möhkəm əsas yaratmışdır — həm Ukraynanın infrastrukturunun bərpası, həm də Xəzər–Qara dəniz regionunda regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından. “Naftoqaz” və “SOCAR” milli şirkətləri arasında Azərbaycan qazının Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə Ukraynaya pilot partiyasının tədarükünə dair müqavilənin imzalanması tarixi hadisə olmuşdur. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli ticarət də müsbət nəticələr nümayiş etdirir. İlkin məlumatlara əsasən, Azərbaycan investisiyalarının Ukrayna iqtisadiyyatına yönəldilməsində artım müşahidə olunur, Ukrayna məhsullarının Azərbaycan bazarına ixracı isə 10 faizdən çox artmışdır.
 
Eyni zamanda, 2025-ci ilin oktyabr ayının sonu – noyabr ayının əvvəllərində Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyətinin səfərini də xüsusi qeyd etmək lazımdır. Səfər çərçivəsində səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sazişlər imzalanmışdır. Bu sazişlər tibbi sistemlərin gücləndirilməsi, təcrübə mübadiləsi, hubların yaradılması və strateji tərəfdaşlığın inkişafını, o cümlədən dərman təminatı və humanitar yardım məsələlərini əhatə edir. Həmçinin ötən il Ukrayna və Azərbaycan Xarici İşlər nazirlikləri səviyyəsində keçirilmiş siyasi və konsulluq məsləhətləşmələr də nəticəyönümlü və uğurlu olmuşdur.
 
Ukrayna və Azərbaycan Respublikası etibarlı strateji tərəfdaşlardır. Xalqlarımızı dostluq, qarşılıqlı dəstək və əməkdaşlıq sahəsində dərin tarixi köklər birləşdirir. Bu münasibətlərin əsasında dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə, eləcə də beynəlxalq hüquqa sarsılmaz sadiqlik dayanır.
 
- Müharibənin ilk günlərindən etibarən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləmiş və mütəmadi olaraq humanitar yardım göstərmişdir. Ukrayna tərəfi Azərbaycanın bu mövqeyini necə qiymətləndirir?
 
- Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən ardıcıl dəstəyə, eləcə də Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı işğalının ilk aylarından etibarən Azərbaycan Respublikası və Azərbaycan xalqı tərəfindən göstərilən humanitar yardıma görə Azərbaycana səmimi minnətdarlığımızı bildiririk.
 
2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ukraynaya düşmən tərəfindən zədələnmiş enerji sisteminin bərpası məqsədilə transformatorlar, kabellər, generatorlar və digər texniki avadanlıqlar göndərilmişdir. Ölkəmiz üçün olduqca çətin bir dövrdə Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.
 
Ukrayna Prezidenti Volodimir Zelenski 24 dekabr 2025-ci il tarixində azərbaycanlı həmkarı İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd etmişdir:
 
“Ukrayna Rusiya Federasiyasının silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir.” Ukrayna lideri xüsusilə vurğulamışdır ki, “ölkənin enerji sisteminin obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətinin işğaldan azad edilmiş İrpin şəhərinin bərpasında iştirak, eləcə də cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlaşdırılması və reabilitasiyasına göstərilən dəstək yüksək qiymətləndirilir.”
 
- Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müharibənin sona çatmasına yaxınlaşdığını bəyan etmişdir. Sizin fikrinizcə, atəşkəsin əldə olunması üçün real ilkin şərtlər mövcuddurmu?
 
- Ukrayna müharibənin dayandırılmasını yalnız ədalətli sülh və təkcə Ukrayna üçün deyil, bütün dünya üçün təhlükəsizlik təminatları prizmasından nəzərdən keçirir.
 
Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə vurğulamışdır ki, istənilən müharibənin başa çatmasının ilk addımı sükutdur. Hazırda danışıqlar qrupları və beynəlxalq ictimaiyyət Rusiya tərəfinin atəşkəs şərtlərini qəbul etməsi istiqamətində fəal şəkildə çalışır. Bu şərtlərə qoşunların çıxarılması, əsirlərin azad edilməsi və mülki obyektlərin atəşə tutulmasının dayandırılması daxildir.
 
Təəssüf ki, 2025-ci ilin sonlarında və artıq 2026-cı ilin əvvəlində Rusiya tərəfindən Ukraynanın dinc şəhərlərinə qarşı həyata keçirilən terror hücumları göstərir ki, real atəşkəsin əldə olunması üçün beynəlxalq təzyiqlər daha da gücləndirilməlidir. Rusiya rəhbərliyi anlamalıdır ki, təcavüzün davam etdirilməsi ona heç bir siyasi dividendlər gətirməyəcək, əksinə, vəziyyətini daha da ağırlaşdıracaqdır.
 
Ukrayna sülhə hazırdır — lakin beynəlxalq hüquqa əsaslanan ədalətli sülhə. Biz bu məqsədə nail olmaq yolunda bizi dəstəkləyən və yardım göstərən beynəlxalq tərəfdaşlarımıza minnətdarıq. Bu yaxınlarda jurnalistlərin suallarını cavablandırarkən Prezident Volodimir Zelenski vurğulamışdır: “Biz final mərhələsinə doğru irəliləyirik, hətta onun necə görünəcəyini hələ dəqiq bilməsək belə.”
 
- Müharibə başlamazdan əvvəl Ukraynaya Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunun verilməsi məsələsi müzakirə olunurdu. Qəbələdə keçirilən liderlər sammiti zamanı “TDT+” formatı təsis edilmişdir. Ukrayna bu formata qoşulma imkanını nəzərdən keçirirmi və bu hansı müddətdə reallaşa bilər?
 
- Ukrayna Türk Dövlətləri Təşkilatının potensialını yüksək qiymətləndirir və “TDT+” formatının inkişafını alqışlayır.
 
Müharibə başlamazdan əvvəl Ukrayna TDT ilə əməkdaşlığın dərinləşdirilməsi formatlarını nəzərdən keçirirdi və bu məsələ hazırda da gündəmdə qalır.
 
Krım tatar xalqı Ukraynanın yerli türk xalqıdır və Krım tatar dili Azərbaycan dilinə çox yaxındır. Biz TDT-yə üzv dövlətlərlə, xüsusilə iqtisadiyyat, energetika, ticarət, logistika, nəqliyyat, təhsil və mədəniyyət sahələrində praktiki əməkdaşlıqda çox maraqlıyıq.
 
Bu gün Ukraynanın əsas prioriteti ədalətli sülhə nail olmaq və ölkənin bərpasıdır. Eyni zamanda əminik ki, Ukrayna, Azərbaycan və Türkiyə kimi uzunmüddətli strateji tərəfdaşlar arasında əməkdaşlıq, eləcə də TDT ilə münasibətlərin dərinləşdirilməsi Xəzər–Qara dəniz regionunda regional təhlükəsizliyin möhkəmləndirilməsinə və iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcəkdir.
 
- Siz 2025-ci ilin Ukrayna–Azərbaycan strateji tərəfdaşlığı üçün uğurlu il olduğunu qeyd etdiniz. 2026-cı ildə Ukrayna və Azərbaycana hansı arzuları bildirərdiniz?
 
- Şübhəsiz ki, ilk növbədə ədalətli sülh arzulayıram. Ukrayna və Azərbaycan müharibənin nə demək olduğunu yaxşı bilirlər. Buna görə də biz beynəlxalq hüquqa, ərazi bütövlüyünə və dövlətlərin suverenliyinə əsaslanan ədalətli sülhə ən çox can atırıq.
 
Ötən il biz səhiyyə sahəsində əməkdaşlıq üçün möhkəm əsas yaratdıq və bu münasibətlə ölkələrimizin xalqlarına möhkəm cansağlığı arzulamaq istərdim.
 
Eyni zamanda, 2026-cı ildə dövlətlərimizə rifah, iqtisadi inkişaf, energetika, nəqliyyat, kənd təsərrüfatı, logistika, investisiyalar, təhsil sahələrində yeni uğurlu birgə layihələr və Ukrayna–Azərbaycan strateji tərəfdaşlığının hərtərəfli şəkildə daha da dərinləşməsini arzulayıram.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər