Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin qonağı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas olub.
Deputat Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində məmurlarla bağlı dediklərinə dair sualları cavablandırıb:
- Aqil müəllim, Prezidentin icra başçılarına, məmurlara xəbərdarlığı onların bundan sonra fəaliyyətinə təsir edəcəkmi?
- Möhtərəm Prezidentin sözü bu idi ki, toxunulmaz adam yoxdur. Ona görə də heç kəs arxayınlaşıb istədiyi qanunsuzluğu edə bilməz. Lap məmur bir ay işləsin, əgər onun işindən narazılıq varsa, xalqa xidmət etmirsə barəsində tədbir görüləcək. Odur ki, cənab Prezidentin çıxışından bütün məmurlar nəticə çıxarmalıdırlar. Məsələn, dövlət başçısı Nəsimi rayonuna bir aydır təyin olunmuş icra başçısının işdən azad edilməsindən danışdı. Mən onun konkret hansı fakta görə işdən çıxarıldığını bilmirəm, amma vəzifəyə gələn kimi kollektivi dəyişib, rayondan bir adamını gətirib özünə köməkçi təyin edib, yəni cavandır, əlinə nə imkan düşübsə özbaşınalıq edib. Ona görə də nə qələt edibsə, bu barədə məlumat prezidentə çatıb və dərhal vəzifəsindən azad edilib. Eləcə də Naxçıvanda Fuad Nəcəflinin fəaliyyəti görünür ki, özünü doğrultmayıb və prezident onu uzaqlaşdırıb. Bu baxımdan, heç bir məmur hesab eləməsin ki, toxunulmazdır.
- Sizcə, kadr dəyişikliyi idarəetmənin effektivliyinə təsir edirmi, yoxsa idaretmənin özünə yenilik gətirilməlidir?
- Əlbəttə ki, kadr hər şeyi həll edir. Kadr yerində olanda həmin nazirlik, yaxud komitə də işləyir. Sadəcə, kadr seçimi çətin məsələdir. İlk növbədə, yeni gələn kadr əvvəlkinin səhvlərini etməməlidir. Bax, özündən qabaqkı məmurun addımlarını təkrar edəndə Nəsiminin icra başçısının gününə düşürsən.
- Bəlkə icra hakimiyyətlərini ləğv etmək lazımdır? Bu yöndə çağırışlar da artıb…
- İcra hakimiyyətlərini ləğv etsək nə olacaq? Əvvəla, bu məsələ möhtərəm Prezidentin səlahiyyətindədir. Çünki icra başçıları rayonda dövlət başçısının səlahiyyətli nümayəndələridir, nə baş verirsə Prezident Administrasiyasına məruzə edirlər, bütün sahələrdə gedən işlər haqda hesabat verirlər. O mənada, icra hakimiyyətlərinin ləğvinin nə verəcəyini biz deyə bilmərik, bu idarəetmə forması prezidentin səlahiyyətindədir.