Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin ilk qonağı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı olub. S.Rüstəmxanlı İrandakı son nümayişlərlə bağlı sualları cavablandırıb:
- Sabir bəy, İrandakı son aksiyalarla rejimin süqutunu yaxınlaşdıran əlamətlər görünürmü, yoxsa bu dəfə də güc yolu ilə üsyanlar yatırılacaq?
- İranda hadisələrin necə yekunlaşacağını söyləmək çətindir. Ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları başlasa da, bütün İranı əhatə etmir. Ona görə də bu barədə indidən tələsik qərar çıxarmaq çətindir. Amma əhalinin sosial vəziyyəti, ölkənin iqtisadiyyatı, siyasi şərait ciddi narazılıq doğurur. Hazırda siyasi fəalların həbsi, icra olunan edamlar, konstitusiya ilə nəzərdə tutulan azadlıqların xalqlara verilməməsi ciddi məsələlərdir. Ona görə də İranın hər yerində bölünən xalqları bu məsələ narahat edir. Özləri də etiraf edirlər ki, iqtisadi şərait pisdir. Burada mane olan cəhət böyük güclərin regionda apardığı əməliyyatlardır. Yəni ortada Əfqanıstanın, İraqın, Suriyanın taleyi var. O baxımdan İran öz bütövlüyünü qorumağa çalışır.
- Son hadisələrdə şahın varisi fəallaşıb, Misirə də səfər etmişdi. Şah rejimi İrana qayıda bilərmi?
- Əvvəla, İrandakı rejim ya geri çəkilib islahat aparmalıdır, ya da proseslər xalqın bütövlükdə ayağa qalxmasına səbəb olacaq. Şahın varisi isə kənar güclərin oyunudur. Şah özü nə idi ki, varisi nə olsun?! Şah İrandan qaçıb başqa dövlətə sığınan, xalqın sərvətini talayan, insanlara zülm edən biri idi. Onun varisi də bundan yaxşı olmayacaq. Odur ki, İran xalqı şahın varisinin qayıdışını qəbul etməz və dəstəkləməz.
- Maraqlıdır ki, Azərbaycan şəhərləri aktiv deyil və mitinqlərdə iştirak etmirlər. Bunun səbəbi nə ola bilər?
- Bir nüans odur ki İranı azərbaycanlılar öz dövləti sayır. Ancaq bir neçə dəfə azərbaycanlılar qabağa düşüblər, sonra ağır itkilər verilib. Bu acı tarix, xüsusən də 1945-1946-cı illərdə baş verənlər faciələr yaddaşdan silinməyib. Ona görə də Azərbaycan şəhərləri öz sözünü son anda deyəcək.