Müsahibə
185
10:58, Bu gün

"TDT-nin fərqli bir güc, söz sahibi olacağını düşünürəm" - Türk deputatdan önəmli AÇIQLAMALAR

Türkiyə-Azərbaycan münasibətləri bu gün təkcə qardaşlıq və tarixi bağlar üzərində deyil, eyni zamanda regional və qlobal miqyasda da strateji əməkdaşlıq modeli kimi formalaşır. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar, Türk Dövlətləri Təşkilatının (TDT) artan rolu, sülh gündəliyi və Zəngəzur dəhlizi kimi mühüm mövzular Ankara ilə Bakının ortaq baxışını daha da ön plana çıxarıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, deputat Orhan Erdem Oxu.Az-a müsahibəsində iki ölkənin parlamentlərinin arasındakı əməkdaşlığın səviyyəsindən, Qarabağ Zəfərindən sonra formalaşan yeni reallıqdan, TDT-nin fəaliyyətindən, Ermənistan-Azərbaycan sülh sazişindən, Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən və Qərbi azərbaycanlıların hüquqlarından danışıb.

- Orhan bəy, deputatlıqdan əvvəl təhsil nazirinin müavini kimi fəaliyyət göstərmisiniz. Millət vəkili, yoxsa nazir müavini - hansı daha məsuliyyətli və ya daha sakit peşədir?

- Mən 7 ildən çox təhsil nazirinin köməkçisi olmuşam. Üç nazirlə işləmişəm. Ömər Dinçər, Nabi Avcı və İsmet Yılmazla çalışmışam. Bu mənim üçün çox önəmli bir təcrübədir. Nazir müavinindən əvvəl də millət vəkili olmuşam. Millət vəkilliyindən nazir müavinliyinə təyinat alandan sonra mühüm bir sahənin təcrübəsinə də sahib oldum. Amma millətin, xalqın vəkilliyi hər xidmətdən üstündür.

- Siz həm də TBMM Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavinisiniz. Hazırda iki ölkənin parlamentləri arasında əlaqələr hansı səviyyədədir və hansı fəaliyyətlər həyata keçirilir?

- Türkiyə Böyük Millət Məclisinin 135 ölkənin parlamenti ilə dostluq qrupu var. Amma iki ölkə var ki, TBMM-nin bütün üzvləri bu dostluq qruplarına üzvdürlər. Bu ölkələrdən biri Azərbaycan, digəri isə Şimali Kipr Türk Respublikasıdır. Biz Azərbaycan nümayəndə heyəti ilə çox sıx şəkildə əməkdaşlıq edirik. Azərbaycana gedən heyətlərin tərkibində mütləq surətdə yer alırıq. Bizim dostluq qrupunun üzvləri ildə bir neçə dəfə Azərbaycana səfər edir, həmçinin də azərbaycanlı deputatlar Türkiyəyə gəlirlər. Yəni, biz bu parlament diplomatiyasını ən yüksək səviyyədə inkişaf etdiririk.

-Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbədən sonra regionda yeni reallıqlar Türkiyədən necə görünür? Sizcə, yeni regional və geosiyasi reallığın əhəmiyyətini necə dəyərləndirmək olar?

- Azərbaycan otuz ildən sonra ərazilərini işğaldan qurtardı, daha sonra isə 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi. Hazırda isə həmin ərazilərdə sürətli bərpa-quruculuq işləri davam edir. Biz Qarabağa gedəndə də gördük, qısa müddətdə belə bir inkişaf çox nadir hallarda olur. Ona görə də bu prosesdən çox məmnun qaldıq. Bu qələbə həm də türk dövlətlərinin inamını gücləndirdi. Azərbaycan sadəcə təkcə həmin torpaqlarda həlak olan, qaçqın düşən milyonlarla köçkün və şəhidin qisasını almadı, eyni zamanda, bu Zəfər bütün türk dövlətlərinin inam yeri və bir-birinə daha da yaxınlaşmaq vasitəsi oldu. Türk Dövlətləri Təşkilatı (TDT) da bu qələbədən sonra böyük mövqe qazanmağa başladı. Əlbəttə ki, bu baxımdan Türkiyənin qardaş ölkə Azərbaycanla bir yerdə olması çox vacibdir. Cənab İlham Əliyevin müharibənin gedişində səsləndirdiyi bu fikirləri heç vaxt unutmayacam:

"Demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin açın. Görmürsünüz, F-16-lar nə edirlər? Gedib baxın, görün ki, havadadır, ya yerdədirlər. Hər kəs bilir ki, onlar yerdədir və özü də buraya təlimlər üçün gəliblər. Onlar müharibə başlayanda Azərbaycanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıb. Bir də ki, əgər Azərbaycana qarşı kənardan aqressiya olarsa, onlar həmin F-16-ları görəcəklər".

Bu, həqiqətən də qardaşlığımızın əyani sübutu idi.

Hazırda dünyada ədalət, insan haqları, qanunun aliliyi yoxdur. Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı kimi təşkilatların hər biri sadəcə sözdə fəaliyyət göstərirlər. Qəzzada nə qədər insan öldürüldü...

Otuz il Qarabağ işğal altında qaldı, amma Azərbaycana dəstək verilmədi. Şimali Kipr problemi 1974-cü ildən etibarən həllini tapmayıb. Bu, o deməkdir ki, güclüsənsə, haqlısan. Amma Azərbaycanın da, Türkiyənin də mövqeyi belədir: "Həm güclüyəm, həm də haqlı olduğum halda haqlıyam". Digər ölkələrdən fərqli olaraq, bizim başqalarına haqsızlıq etmək düşüncəmiz yoxdur. Fərqimiz budur və bu baxımdan da dünyanın hər bir ölkəsinə kömək etməyə çalışırıq. Azərbaycanın Pakistanla ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsindədir, Türkiyənin Azərbaycan və Pakistanla üçlü ittifaqı var. Bir sözlə, bu qələbə həm də bütün türk dövlətlərinin qələbəsidir.

- Sizin də qeyd etdiyiniz kimi, hazırda əksər beynəlxalq təşkilatların fəaliyyəti fiaskoya uğrayıb. Bu gün hüququn gücü deyil, gücün hüququ daha çox söz sahibidir. Belə olan halda, həm də müxtəlif ölkələr öz ittifaqlarını yaratmağa çalışır. Mövzuya bu kontekstdən yanaşsaq, TDT də gələcək perspektivdə hərbi və siyasi gücə çevrilə bilərmi?

- Türk Dövlətləri Təşkilatı daha real hərbi və siyasi gücə çevrilməyə doğru gedir. Yeni ortaq əlifba, iqtisadi, biznes , digər bəzi istiqamətlərdə olan əməkdaşlıqlar addım-addım inkişaf edir. Bu proseslər inkişaf etdikcə, TDT-nin fərqli bir güc, söz sahibi olacağını düşünürəm. Bu ölkələrin hər birinin iqtisadiyyatlarını bir araya gətirsək, dünyadakı ticarətin mühüm bir hissəsi deməkdir. Bu ölkələrin çoxu yeraltı sərvətlərlə zəngindir. Kənd təsərrüfatında önəmli yerə sahib olan ölkələr var. Bunların hamısı bir araya gəldiyi zaman daha güclü ola bilərik. Bu gün Türkiyənin ÜDM həcmi 1.5 trilyon dolları ötüb. Ölkəmiz dünyada yüksək gəlir qrupuna aid dövlətlərin siyahısına daxil olub. Sağlam ittifaqlar da hər zaman güclü və bir-birinin arxasında olur. Hamımız eyni irqdən, eyni dindən olan insanlarıq. Biz bir-birimizin yanında olmalıyıq.

- Məlum olduğu kimi, avqustun 8-də Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilən görüşündə Birgə Bəyannamə imzalandı. İki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında 17 maddədən ibarət sülh sazişi paraflandı. Yekun sülh müqaviləsindən sonra Türkiyə, Azərbaycan və Ermənistan münasibətlərini perspektivdə necə dəyərləndirə bilərik?

- Ermənistan bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri həyata keçirməlidir. Həm konstitusiyasında dəyişiklik həyata keçirməlidir, həm də sülhə mane olan mübahisəli məsələləri həll etməlidir. Çünki uzun illərdir erməni diasporunun oyunları ilə yox sayılacaq nöqtəyə gələn bir Ermənistan var. Düşünürəm ki, bunu Paşinyan da başa düşür.

Onların Türkiyə ilə nə ticarəti, nə də bir siyasi əməkdaşlığı var. Bunun da səbəbi Azərbaycandır. Azərbaycan hökumətinin qərarı bizim qərarımızdır. Ermənistan qardaş ölkəmizlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəndən, hələ də Ağrı dağı öz əraziləri kimi göstərən və Azərbaycana ərazi iddiaları edən konstitusiyalarını dəyişəndən sonra Türkiyə də ticarəti bərpa etməyə, sərhədlərini açmağa başlayacaq.

- Bəs Zəngəzur dəhlizinin açılmasının hansı perspektivləri var?

- Zəngəzur dəhlizinin açılması başda Azərbaycan olmaqla, türk dövlətləri üçün çox önəmlidir. Çünki ticarətin, ikili əməkdaşlığın olduğu bir mühit formalaşacaq.

Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən, problemlər bitdikdən sonra Ermənistanla ticarət həyata keçirmək mühüm, faydalı olacaq. Həmçinin, Türkiyə və digər türk dövlətləri də bu ticarətdən yararlanacaq. Yəni, hər kəs üçün uyğun bir mühit yaranacaq, təbii ki, verilən sözlər yerinə yetirildiyi təqdirdə. Nəticədə bu dəhliz ondan istifadə edən hər bir ölkənin vətəndaşlarının rifahının iqtisadi baxımdan daha yaxşı səviyyəyə gəlməsinə bir vəsilə olacaq.

- Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının növbəti beynəlxalq konfransı oldu. Sizin də sədr müavini olduğunuz dostluq qrupu konfransa dəvət almışdı. Bildiyiniz kimi, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına ləyaqətli geri qayıdışı Azərbaycanın gündəliyində dayanan məsələdir. Bu mövzuda nə düşünürsünüz?

- Onlara qarşı haqsızlıqlar uzun müddət davam edib. Bu gün bəzi azərbaycanlıların doğum yeri Ermənistandır. Bəziləri isə özləri görməsə də, valideynləri orada doğulan, yaşayan azərbaycanlılar var. Həmin ərazilər indiki Ermənistan ərazisi olsa da, əslində tarixi Azərbaycan torpaqlarıdır. Bu gün Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Amma insanın ən təbii haqqıdır ki, doğulduğu torpağa getsin, istəsə orada yaşasın. Qanuni mülkü mövcuddursa, onu geri almaq haqqı var. Bu istiqamətdə başlanan bütün işləri dəstəkləyirik. Azərbaycanın yanında olmağa davam edəcəyik.

Link kopyalandı!
Son xəbərlər