Xarici işlər naziri:
Müsahibə
185
14:28, Bu gün

Xarici işlər naziri: "Kiprdə prezidentin dəyişməsi hədəflərin dəyişməsi ola bilməz" - MÜSAHİBƏ

Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir.

- Cənab nazir, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında TDT-nin müşahidəçi üzvü kimi iştirak etdiniz. Tədbirlə bağlı təəssüratlarınızı eşitmək istərdik.

- Bəli, Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında müşahidəçi üzv kimi iştirak etdik. Bununla üçüncü dəfədir Azərbaycana gəlirəm. Azərbaycan bizim üçün qardaş ölkədir və burada olmaqdan çox məmnunam.

Tədbir çox yüksək səviyyədə keçdi. Azərbaycanın ev sahibliyinə, TDT-yə, quruma üzv ölkələrin nazirləri və rəsmilərinin göstərdiyi diqqət və həmrəyliyə görə təşəkkür edirəm.

- Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında diplomatik əməkdaşlığın gələcək inkişafı üçün hansı yeni təşəbbüsləri prioritet hesab edirsiniz?

- Bu, mənə israrla verilən suallardan biridir. Qeyd etmək istəyirəm ki, biz gələcək planlarımızdan bəhs edərkən nəticə əldə edildikdən sonra məlumat paylaşmağı doğru hesab edirik. Əgər gələcək planlarımızla bağlı sualın cavabını əvvəlcədən versək, bizi yaxından izləyən Rum tərəfinin nə etməyi planlaşdırdığımızı öyrənməsi və həyata keçirmək istədiklərimizi sabotaj etməsi mümkündür.

Gələcək planlarımızın gerçəkləşməsini istəyiriksə, ona ola biləsi sabotajların qarşısını almalıyıq. Ona görə açıq danışa bilmirəm və bunu anlayışla qarşılamağınızı xahiş edirəm.

Bir müddət əvvəl həyata keçirdiyimiz bir fəaliyyətin belə necə sabotaj edildiyini, dayandırıldığını gördük. Bundan dərs aldıq. Azərbaycan bizim qardaş ölkəmizdir. Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir.


- Azərbaycanın Şimali Kipr Türk Respublikasına göstərdiyi siyasi dəstək fonunda, qarşılıqlı əlaqələrin beynəlxalq platformalarda daha effektiv genişləndirilməsi üçün hansı mexanizmlər nəzərdən keçirilir?

- Azərbaycanın Şimali Kipr Türk Respublikasına göstərdiyi qardaşca dəstək, Azərbaycan Prezidenti İlham Əliyevin açıq və cəsarətli şəkildə ifadə etdiyi mövqe, Şimali Kipr Türk Respublikasının prezidentinin yüksək səviyyədə qəbul olunması təkcə Türk Dövlətləri Təşkilatına deyil, bütün dünyaya verilmiş anlamlı və güclü mesajdır. Bunların digər türk dövlətlərinə də nümunə olmasını arzu edirik. Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası “Tək millət, üç dövlətdir”.

Amma hədəfimiz "Tək millət deyil, səkkiz dövlət” yolunda birlikdə irəliləməkdir. Bunun üçün də planlarımızı müəyyən qədər gizli saxlamaq, qardaş ölkələri çətin vəziyyətə salmadan, münasibətləri rahat şəkildə inkişaf etdirmək və birilərinin bunu sabotaj etməsinə imkan verməməliyik.

- Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olan Şimali Kipr Türk Respublikasının bu çərçivədə Azərbaycanla birgə həyata keçirmək istədiyi konkret regional layihələr varmı?

- Artıq qeyd etdiyim kimi, nə edəcəyimizi əvvəlcədən açıqlamağımız düzgün deyil. Azərbaycan bizim qardaş ölkəmiz, Ana Vətən Türkiyədən sonra bizə ən yaxın dövlətdir. Əsas məsələ odur ki, Azərbaycanı çətin vəziyyətə sala biləcək heç bir addım atmayaq.

Bizim işimiz problem yaratmaq deyil, iki qardaş ölkənin münasibətlərini sevgi, hörmət və qarşılıqlı anlayış əsasında inkişaf etdirməkdir.

- Zəngəzur dəhlizinin açılması ilə Türk dövlətlərinin təsirini necə qiymətləndirirsiniz?

- Bütün bu prosesi Qarabağın azadlığı ilə birlikdə, Azərbaycanlı qardaşlarımızın sevincinə və arzuları istiqamətində baş verən inkişaf kimi təbii olaraq dəstəkləyirik. Qət edilməli məsafələr hələ də var və biz bunun fərqindəyik. Amma gedişat yaxşıdır.

Hər şeydən əvvəl Qarabağın azad olunması ilə proses çoxmənalı şəkildə başladı. İllərin problemi cəmi 44 gün ərzində həll olundu. Bu yolda davam edilməsini və bunun Naxçıvandakı qardaşlarımızın da sevincini əhatə edəcək şəkildə Azərbaycanın xeyrinə olan hadisələrin inkişafını dəstəkləyirik.


- Şimali Kipr Türk Respublikasında yeni prezident Tufan Erhürmanın seçilməsi və hakimiyyət dəyişikliyi ölkənin xarici siyasət prioritetlərinə və regional əməkdaşlıq istiqamətlərinə necə təsir göstərib?

- Heç bir dəyişiklik yoxdur. Kıbrıs məsələsinə dair xarici siyasət dövlət siyasətidir, milli davamızdır. Bu, şəxslərə görə dəyişən bir siyasət deyil. Kıbrıs məsələsi təkcə Kıbrıs türkünün də davası deyil, ana vətən Türkiyə ilə birlikdə yürüdülən və birgə müəyyən olunmuş milli bir siyasətdir.

Tufan Erhürmanın yeni prezident seçilməsi nəticə etibarilə ölkəmizin fərqli bir hədəfə yönəlməsi kimi bir vəziyyət yoxdur. Kıbrıs davası ana vətən Türkiyə ilə birlikdə müdafiə olunur. Bu məsələ Kıbrısda keçirilən istənilən seçkinin, parlament və ya prezident seçkisinin nəticəsinə görə istiqamət dəyişdirəcək bir siyasət ola bilməz.

Bizim davamız iki suveren və bərabərhüquqlu dövlət prinsipinin müdafiəsidir.

Adada tək Cənubi Kipr Rum Respublikasının, bütün adanın dövləti kimi qəbul edilməsi yanlışlığı ilə üz-üzəyik və bunu qəbul etməyimiz mümkün deyil. Bu, Kıbrısın reallıqları ilə uyğun deyil. Kıbrıs bir adadır və bu adada iki millət var, rumlar və türklər. Hər iki millətin öz dövləti var. Bu reallıq əsasında siyasət formalaşmalıdır və beynəlxalq ictimaiyyət də bunu qəbul etməlidir.

Rum tərəfi “adada tək dövlət var” siyasətini davam etdirdiyi müddətdə onların uzlaşmaz mövqeyində dəyişiklik olmayacaq. Artıq Kıbrıs problemi adada tək dövlət olduğu iddiası üzərində yaranmış bir məsələdir.

Adada tək dövlət yox, iki dövlət mövcuddur. Əsas olan bu iki dövlətin yaxşı qonşuluq münasibətləri əsasında gələcəyi formalaşdıra bilməsidir.

Burada məqsəd əməkdaşlıq qurmaq deyil, yaxşı qonşuluq münasibətləri yaratmaqdır. Gələcək belə olmalıdır. Lakin bunun asan olmayacağını qəbul etmək lazımdır.

Rumlara görə Kıbrıs problemi 1974-cü ildə başlamayıb. Halbuki BMT sülhməramlı qüvvələrinin adaya gəlişi 1964-cü ildə baş vermişdi ki, bu da problemin həmin dövrdə mövcud olduğunu göstərir. 1974-cü ildə baş verən hadisələr problemin səbəbi deyil, nəticəsi idi. Rumların çevriliş cəhdi və adanı Yunanıstana birləşdirməyə çalışması qarantor ölkə olan Türkiyənin müdaxiləsini zəruri etdi.

Bu müdaxilə adanın yunanlaşdırılmasının qarşısını aldı və Kıbrıs türklərinin təhlükəsiz və azad şəkildə öz dövlətləri altında yaşaması üçün şərait yaratdı.

Bu gün adada iki dövlət var: Şimali Kipr Türk Respublikası və Cənubi Kipr Rum Respublikası. Ya yaxşı qonşuluq münasibətləri qurulacaq, ya da qurulmayacaq.

- Cənab nazir, müsahibəni yekunlaşdırmadan əvvəl, əlavə etmək istədiyiniz hər hansı bir fikir varmı?

- Şimali Kipr Türk xalqı Azərbaycana qəlbində çox xüsusi yer ayırıb. Azərbaycan bizim üçün həqiqi qardaş ölkədir. Buraya hər bir Şimali Kipr vətəndaşı gəlmək arzusundadır. Şimali Kipr Türk Rüspublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganer də ölkəmizi yüksək səviyyədə təmsil edir. Kiprdən Azərbaycana davamlı səfərlər olur.

Eyni şəkildə Azərbaycan vətəndaşları da Şimali Kiprə həm müvəqqəti, həm də daimi olaraq gəlirlər, tələbələr, iş adamları, yerləşmiş ailələr var. Bu, iki qardaşın bir araya gəlməsidir. Hər şey üçün təşəkkür edirik. Azərbaycan bizim qardaş ölkəmizdir.

Link kopyalandı!
Son xəbərlər