Ruslar indi də ermənilərə
Müsahibə
448
13:12, Bu gün

Ruslar indi də ermənilərə "sizi Qarabağa qaytaracağıq" deyirlər - MÜSAHİBƏ

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Rasim müəllim, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində əldə edilən razılaşmalar fonunda Rusiya tərəfi hələ də köhnə mövzuları gündəmə gətirir. Kreml öz ruporları vasitəsilə nəyi deməyə çalışır?
 
- Bu günlərdə Venediktov (“Exo Moskva” radiosunun sabiq baş redaktoru Aleksey Venediktov- red.) kimilərinin gündəmə gətirdiyi məsələlər əslində reallıqdan tamam uzaqdır. Onlar heç də ermənilərə demirlər ki, “Qarabağı alıb sizə verəcəyik”. Sadəcə olaraq, onu iddia edirlər ki, “Qarabağ məsələsi hələ bağlanmayıb”. Ermənistanın Baş naziri Nikol Paşinyan da deyir ki, Qarabağ mövzusu bağlanıb, ruslar isə gəlib onun əksini söyləyir. İddiaları da odur ki, bu “mövzu” qapadılmayıb, çünki Qarabağ erməniləri mövcuddur, “tarix” və insanların düşüncələri var. Ona görə də bu məsələ hələ də gündəlikdədir iddiası ilə çıxış edirlər.
 
- Qarabağ mövzusunun gündəmdə saxlamaqda məqsəd nədir?
 
- Onlar bununla Ermənistanda Paşinyanın əlehdarlarına ruh verməyə çalışırlar. Guya Moskva onların iddialarının təmin olunması üçün səylər göstərəcək. Amma burada Moskvanın görəcəyi bir iş qalmayıb. Ona görə də Venediktov kimilərinin dediyinin təbliğatdan kənar heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan belə bir iddiaların səslənməsi heç bir rezonans da yaratmadı.
 
- Rusiyanın bundan sonra proseslərə təsir imkanları nədən ibarətdir?
 
- Qarabağda ermənilər olduğu dövrdə, əllərində silah olanda belə Rusiya onlar üçün heç nə edə bilmədi. Bundan sonra nə edə bilər ki…? İndiki halda ermənilər də bunu daha yaxşı dərk edirlər.
 
- Bir çox məsələləri isə Rusiya-Ukrayna müharibəsindən sonraya saxlayırıq kimi tezislər səslənir…
 
- Faktiki olaraq, rusların başı Ukrayna məsələsinə görə çox ağrıyır. Bu prosesdən salamat çıxsalar belə, uzun müddət harasa müdaxilə etmək üçün imkanları olmayacaq. Hər bir halda Azərbaycan bu məsələni həlli edib və bu mövzu bağlanıb. Rusların indi gəlib harasa daxil olmaq üçün yerləri qalmayıb. Sadəcə olaraq, boş vədlər verilir ki, bundan da təzyiq mexanizmi kimi yararlanmağa çalışırlar. Guya Ermənistanda revanşistləri hakimiyyətə gətirib Azərbaycanla olan məsələni həll etmək kimi absurd iddialara düşüblər. Bundan sonra deyəcəklər ki, “Amerika sizi barışdıra bilməyib, gəlin biz barışdıracağıq”. Amma onların oyunu üçün heç bir yer qalmayıb.
 
- Rusiya-Ukrayna müharibəsindən sonra Cənubi Qafqazla bağlı əsas proqnozlar nədən ibarətdir?
 
- Vaxtilə Rusiya Xankəndidə konsulluq açmaq istəyirdi. İndi də deyirlər ki, Qarabağdan getmiş ermənilər heç bir muxtariyyət olmadan belə geri qaytarılsın. Rusiya da buraya qayıdacaq ermənilərin himayəsini öz üzərinə götürməyə çalışır. Bunun müqabilində də Kreml Azərbaycana və Ermənistana təsir etmək niyyətindədir. Sözsüz ki, Azərbaycandan ərazi qoparmaq və burada separatçılar üçün “yuva” qurmaq mümkün deyil. Ara-sıra Rusiyanın Qarabağdan getmiş ermənilər üçün humanitar yardım göndərməsi də bundan xəbər verir. Gedib onlara deyirlər ki, “biz sizin qayıtmağınıza çalışacağıq”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər