“Tramp Avropa liderləri və Zelenskidən qisas alacaq” - Qüdrət Həsənquliyev
Müsahibə
520
11:04, Bu gün

“Tramp Avropa liderləri və Zelenskidən qisas alacaq” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
 
Moderator.az müsahibəni təqdim edir:
 
- Qüdrət bəy, Tramp Putinlə telefonla danışandan sonra Ukraynaya "Tomahavk" raketləri verməkdən imtina etdi. Trampla Putinin Budapeşt görüşündə Ukraynada sülh barədə razılıq əldə oluna bilərmi?
 
- Tramp Putinə heç vaxt xəyanət etməyəcək. Etsə, bu onun özü üçün yaxşı nəticələr verməz. O, əksinə, özünə təhlükə yaratmayacaq səviyyədə Putinə kömək etməkdə, ona zaman qazandırmaqda davam edəcək. "Tomahavk" raketlərinin verilə biləcəyi barədə ikibaşlı bəyanatları həm daxili auditoriyanı sakitləşdirmək, həm də sonrdan mən Putini hədələdim o da atəşkəsə razı oldu kimi bəyanatlar verilməsi üçün əsas yaradılması ilə bağlı idi. Putin müharibənin davam etdirilməsinin artıq mənasız olduğunu qəbul edəndə, Trampa deyəcək ki, vaxtı çatıb, sülh sazişi imzalamaq, əməkdaşlığı genişləndirmək olar. Tramp seçkilərdə ona qarşı olmuş və müharibəni ABŞ-nin hesabına udmaq istəyən Avropa liderlərindən, həm də Zelenskidən qisasını alacaq. Zelenskiyə zənginə görə Trampa impiçment elan olunmuşdu. Tramp həm də onun fərqindədir ki, bu raketlər də indiyə qədər verilmiş digər müasir silahlar kimi Ukraynaya öz torpaqlarını işğaldan azad etməyə kifayət etməyəcək. Ukrayna yalnız NATO müharibəyə qoşulduqda torpaqlarını işğaldan azad edə bilər. Bu halda isə Rusiyanın nüvə silahından istifadə etməyəcəyinə heç kim təminat verə bilməz. Ona görə də NATO müharibəyə qoşulmayacaq.
 
Düşünürəm, Budapeştdə atəşkəs barədə razılıq əldə oluna bilər. Yaxud, ən azı razılıq əldə oluna bilər ki, energetika obyektlərinə hava zərbələri endirilməsin. Putin Trampdan bunu istəyə bilər. Çünki Rusiyanın, ümumiyyətlə, hər iki tərəfin enerji sektoru bu zərbələrdən xeyli ziyan görür. Qarşıdan isə qış gəlir.
 
- Ukrayna ərazi itkisi ilə barışacaqmı?
 
- Ukraynalılar digər slavyan xalqları kimi döyüşkəndirlər, amma müharibədə haqlı olanlar yox, güclülər, güclü müttəfiqləri olanlar qalib gəlir. Baxın, Çin kimi iqtisadi və hərbi baxımdan güclü, 1.5 milyard əhalisi olan dövlət öz ərazi bütövlüyünü təmin edə bilmir. İkinci dünya müharibəsindən sonra Azərbaycan hələlik Xorvatiyadan sonra belə problemi olmuş, amma ərazi bütövlüyünü bərpa etməyi bacaran, bu cür şərəfə nail olmuş ikinci xalqdır, dövlətdir.
 
Ukraynaya itirdiyi torpaqlar qarşılığında NATO tərəfindən təhlükəsizlik qarantiyası veriləcəksə və ona ölkəni bərpa etmək üçün ciddi maliyyə yardımı ediləcəksə, Avropa İttifaqına qəbul olunacaqsa, bu, Ukrayna üçün uğur sayıla bilər. Bu, onlar üçün böyük təskinlik olar. Arzu edək ki, tezliklə müharibə başa çatsın. Tramp isə layiq olduğu Nobel sülh mükafatını gələn il alsın.
 
- Avropa liderləri alçaldıcı sülhə razı olacaqmı?
 
- Qorxaqlar həmişə alçaldılır, onların aqibəti həmişə belə olur. Onlar əllərindəki silahları, qorxaqlıqlarından "özümüzə lazımdır" bəhanəsi ilə Ukraynaya vermədilər, sanki başqa bir dövlət onlara müharibə elan etməyə hazırlaşırmış. Ukraynaya ciddi yardım etmədilər. Rusiyaya onu sülhə məcbur edəcək sanksiyalar tətbiqindən qorxdular. Öz komfort həyatlarını bir balaca da olsun sıxıntıya salmaq istəmədilər. Bəlağətli bəyanatları isə yalnız ürək bulandırdı. Tramp onlara kimliklərini göstərir və deyir ki, təhlükəsizliyiniz üçün ayaqlarımızı möhkəm qucaqlayın. Avropa Ukraynanın tam işğalını gözləyirdi və işğalı qəbul etməyə hazır idi. Sadəcə, Ukrayna xalqı müqavimət göstərdi, ölkəsinin 70-75 %-ni qorudu. Bu xalq ən böyük hörmətə layiqdir.
Link kopyalandı!
Son xəbərlər