“Bu, ən şərəfli cərimədir, mənim üçün hər yerdə iş var” - Yunanıstandan geri çağırılan diplomat
Müsahibə
307
17:13, Bu gün

“Bu, ən şərəfli cərimədir, mənim üçün hər yerdə iş var” - Yunanıstandan geri çağırılan diplomat

Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli Musavat.com-un suallarını cavablandırıb:
 
- Rəhman bəy, son günlər mətbuatın gündəmindən düşmürsünüz. Tez-tez müxtəlif qalmaqallı hadisələrdə adınız çəkilir. Bu gün də mətbuatda saxlanıldığınız və 500 manat məbləğində cərimə olunduğunuz yazılıb. Nə baş verir?
 
- Qanuni qüvvəsini almış belə bir qərar yoxdur. Bu, icra məmurunun əməlləridir, mediaya yanlış məlumatlar ötürüb qisas alır. Bütün bu baş verənlər illərdir mənimlə yaşayan və ciddi səbəblərdən dolayı qarşı tərəfə getməkdən qətiyyətlə imtina edən bir uşağa görədir. Qısaca deyim ki, keçmiş qohumlarım müxtəlif yollarla mənə təzyiq edərək, hazırda davam edən məhkəmələrdə üstünlük əldə etmək istəyirlər.
 
Keçmiş qohumlarım və icra məmurları haqqımda dayanmadan böhtan xarakterli məlumatlar yayırlar.
 
İcra məmurları uşağıma qarşı qəddar münasibət göstərdiklərinə görə onlardan şikayət etmişəm. Şikayətim əsasında həmin məmurlardan bəziləri artıq işdən uzaqlaşdırılıb, bəziləri tənbeh olunub. Səlahiyyətindən sui-istifadə edərək, qisas zəminində mənə və uşağa qarşı qərəzli və qanunsuz əməllər törədən icra məmuruları ilə bağlı 10 gün əvvəl ədliyyə nazirinin müavini cənab Mübariz Əhmədovun vətəndaş qəbulunda olaraq məsələni çılpaqlığı ilə, sənəd və sübutlara diqqətə çatdırmışam. Mənə verilən məlumata görə, həmin məmurlar barədə artıq xidməti araşdırma başlanıb. Vaxtı ilə uşağa qarşı qanunsuz və amansız əməllər törətmiş Sumqayıt İcra idarəsinin bəzi məmurları da keçmiş qohumlarımla eyni cəbhədə mənə qarşı “vuruşduqlarına” görə məsələ çox eybəcər forma almaqdadır.
 
Oğlum ciddi səbəblərə görə anasına getmir və uşağın himayəsi məhkəmə qaydasında mənə verilib. Azərbaycanda normal boşanma olmur, buna görə də qarşı tərəf mənim şəxsi həyatımı, işi hədəfə aldı. Bütün bunların bir şəkildə səfirliyə, XİN-ə sirayət etməsini qəbul edə bilmirəm. XİN müqəddəs yerimizdir.
 
Bu tip xəbərlərin hansı məkrli niyyətlə və kimlər tərəfindən mediaya sızdırıldığını təxmin etmək, hesab edirəm ki, o qədər də çətin deyil.
 
- Yuxarıda qeyd etdiyim kimi, mətbuatda Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunduğunuz, xırda xuliqanlığa görə bəraət aldığınız, hətta 500 manat cərimə edildiyiniz yazılır. Buna aydınlıq gətirməyinizi istərdim.
 
- Bunlar yeni məsələ deyil, köhnə məlumatlardır. 2021-ci ildə uşaq mənim yanıma gələndə geri qayıtmadı və bu, inzibati xəta hesab olundu. Buna görə də cərimələndim. Mən bu cəriməni həyatımın ən şərəfli cəriməsi və töhməti hesab edirəm. Təki bütün atalara belə cərimə nəsib olsun. Övladına sahib çıxsın və cərimələnsin, ona görə işini itirsin. Sonuna qədər övladımın yanındayam.
 
- Bundan sonra harada çalışmağı fikirləşirsiniz?
 
 - Bu məsələlər səngiyəndən, haqq-ədalət üzə çıxandan sonra XİN-də fəaliyyətimə davam edə, yaxud da başqa bir yerdə işləyə bilərəm. 12 il Yaponiyada yaşamışam, orada çalışmışam. Mənim üçün iş problem deyil. Əsas odur ki, övladımın məsələsini yekunlaşdırım və şər-böhtandan xilas olum.
 
Xatırladaq ki, Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib. XİN-dən bildirilib ki, bir neçə ay ərzində Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib:
 
“Bununla yanaşı, R.Şahhüseynliyinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir.
 
Ümumilikdə, onun XİN-də mərkəzi aparatında da çalışdığı müddətdə bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur”.
 
Qeyd edək ki, Zəngəzur mahalında doğulmuş və 11 yaşına qədər oradakı tarixi torpaqlarımızda yaşamış Rəhman Şahhüseynli ali təhsilini Dövlət İdarəçilik Akademiyasında tamamlayıb. O, Azərbaycanın Yaponiyada ilk disapor təşkilatının — Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin təsisçisi və sədri olub. 2013-cü ildən başlayaraq 6 il ADA Universitetində Beynəlxalq Əlaqələr departamentinin direktoru vəzifəsində çalışdıqdan sonra, 2019-cu ildə 1-ci katib vəzifəsi ilə XİN-də diplomatik xidmətə başlayıb. 2023-cü ildə Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində 1-ci katib vəzifəsinə təyin olunub.
Link kopyalandı!
Son xəbərlər