Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Moderator.az onunla müsahibəni təqdim edir:
- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar. ABŞ-də Cozef Bayden administrasiyasının müddətinin bitməsinə bir neçə gün qalmış Ermənistanla imzalanan bu sazişin mahiyyəti nədən ibarətdir?
- Əslində, bu heç də iki ölkə arasında strateji əməkdaşlıq sazişi deyil. Bu strateji əməkdaşlığın təşkil olunması üçün komissiyanın yaradılmasını ehtiva edən razılaşmadır. Formalaşacaq komissiya aparacağı araşdırmalardan sonra yekun qərar veriləcək. Hətta bu razılaşma ilə regiona Amerika hərbçilərinin göndərilməsi də nəzərdə tutulub. Sözsüz ki, bu Bayden administrasiyanın gethagetdə (20 yanvar 2025-ci ildə Cozef Baydenin prezidentlik müddəti başa çatır) əlində olan son imkanlarından istifadə edərək, Soros siyasətinin regiona növbəti zərbəsini vurmaq, problem yaratmaq niyyətini özündə ehtiva edir.
- İmzalanan bu xartiyanın təsir imkanları ilə bağlı nə demək olar? Bu kimi gedişlər bölgə üçün nə vəd edir?
- Əldə edilən bu xartiya deklorativ xarakterə malikdir. Azərbaycana, Cənubi Qafqaza bu addımların hansısa problemlər yaratmaq imkanları yoxdur. Bu daha çox ABŞ-nin yeni administrasiyası (Donald Tramp nəzərdə tutulur) üçün problemlər yarada bilər. Çünki bu kimi məsələlərin araşdırılması, qərarların qəbul edilməsi və həyata keçirilməsi uzun müddət sabit siyasət tələb edir. Məhz Bayden administrasiyasının getməsinə bir neçə gün qalmış ümumi siyasətin 180 dərəcə dəyişməsi ona dəlalət edir ki, onlar növbəti təxribatla məşğuldurlar.
- Təxribat elementləri nədən ibarətdir?
- Bayden komandası ABŞ-də yeni formalaşacaq administrasiya və qlobal miqyasda problem yaratmaq istiqamətində növbəti addımlar atıb. Eyni zamanda imzalanan bu xartiyanın Amerika-Ermənistan münasibətlərinə hansısa formada töhfə verəcəyi inandırıcı deyil. Əksinə, bu cür birtərəfli addımlar regionda daha çox gərginlik yarada biləcək. Bu gərginlik daha çox Ermənistanın özü ilə bağlı olacaq. Həmçinin bu saziş ölü doğulmuş uşaq kimidir.
- Tramp administrasiyası üçün bu razılaşmanın mahiyyəti necə ola bilər? Burada mexanizm necədir?
- Bu razılaşma ilə hansısa addımlar atmaq, yeni formalaşacaq ABŞ administrasiyası tərəfindən qəbul olunmaq imkanları da çox azdır. Ona görə də yeni administrasiya Bayden-Blinken cütlüyünün qəbul etdiyi əksər qərarları bir daha təhlil edəcək. Bu mənada Blinkenlə Mirzoyanın imzaladığı razılaşma Bayden administrasiyanın kimin tərəfindən olduğunu bir daha göstərir.