“Finlandiyanın ATƏT-in sədrliyi dönəmində hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən irəli sürülən tələb nəzərə alınaraq keçmiş münaqişə ilə bağlı sədrin xüsusi nümayəndəsi təyin olunmayacaq”
Dekabrın 4-də Maltada ATƏT PA-nın Büro iclası keçirilib. Deputat, ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev iclasda iştirak edib.
Büroda müzakirə edilən məsələlər barədə hazırda Maltada olan Azay Quliyev Musavat.com-a maraqlı açıqlamalar verib.
Maltada ATƏT PA-nın Büro iclasında hansı məsələlərin müzakirə edilməsi barədə suala onun cavabı belə oldu:
-ATƏT PA-nın Büro iclasının gündəliyinə daxil edilən məsələlər haqqında qısa onu deyə bilərəm ki, bu gün biz, əsasən Maltanın 2024-cü ildə ATƏT-ə sədrliyinin yekunlarını, 2025-ci ildə ATƏT-ə sədrlik edəcək Finlandiyanın fəaliyyətinin prioritet istiqamətlərini, cari ildə Azərbaycanda, Moldovada, Gürcüstanda, Özbəkistanda və ABŞ-da keçirilmiş seçkiləri, hazırda Gürcüstanda yaşanan siyasi gərginliyi, Orta Şərq böhranını, ATƏT PA-nın 2025-ci ildəki fəaliyyət planını, o cümlədən yanvar ayında Helsinkidə keçiriləcək Büro iclasını, Büro üzvləri tərəfindən ATƏT-in regional proqramlarının monitorinq edilməsini, gələn ilin fevral ayında Kiyevə nəzərdə tutulan səfər və bir sıra digər məsələləri müzakirə etdik.
- İclasda Azərbaycanda keçirilmiş son parlament seçkilərinin də müzakirə edildiyini dediniz, əsasən nələrdən danışıldı?
-Əslində, sentyabrda Azərbaycanda keçirilmiş parlament seçkiləri bu ilin oktyabrın 2-də ATƏT PA-nın İrlandiyada təşkil olunan payız sessiyasında ətraflı müzakirə edildiyindən bu məsələnin bu gün keçirilən Büro iclasında müzakirə olunması doğru deyildi. Biz yalnız payız sessiyasından sonra Moldovada, Gürcüstanda, Özbəkistanda və ABŞ-da keçirilmiş seçkilərin nəticələrinə dair təqdim olunan rəyi müzakirə etməli idik. Çünki bir qayda olaraq seçkilər ATƏT PA-nın Daimi Komitəsindən sonra baş tutduğu təqdirdə Büroda müzakirə olunur, ATƏT-in Müşahidə Missiyasının rəhbəri və Xüsusi Koordinatorunun hesabatı dinlənilir.
Lakin bu dəfə ATƏT PA-nın Skandinaviya və Baltik ölkələrindən- Danimarka, Finlandiya, Norveç, İsveç, İslandiya, Estoniya və litva nümayəndə heyətlərinin rəhbərləri qurumun prezidenti Pia Kaumaya rəsmi məktubla müraciət edərək Azərbaycanla bağlı məsələnin Büronun gündəliyinə daxil edilməsini tələb etmişlər və ona görə bu məsələ müzakirəyə çıxarıldı. Yeri gəlmişkən, onu da deyim ki, indiyə kimi heç vaxt bir ölkədə keçirilən seçkilər ATƏT PA-nın aidiyyəti qurumlarında iki dəfə müzakirə edilməyib və ilk dəfə idi ki, Azərbaycandakı seçkilərin oktyabrın 2-də Daimi Komitədə müzakirə edilməsinə və seçkilərdən 3 ay keçməsinə baxmayaraq Büronun gündəliyinə daxil edildi.
-Müraciətin məzmununda nələr vardı?
-Məktubun məzmunu haqqında çox danışmaq istəməzdim. Ancaq onu deyə bilərəm ki, bu məktubu imzalayanların bəziləri həm də AŞPA-da təmsil olunduqlarından onlar ATƏT PA-nı AŞPA-nın çirkin oyunlarına alət etmək istəyirdilər. Bilirsiniz ki, cari ilin yanvar ayında Azərbaycanın nümayəndə heyətinin mandatının təsdiq edilməməsinə səs verən AŞPA-nın 26 ölkəsindən olan 76 deputatı haqlı olaraq arzuolunmaz şəxs elan edilib və onların ölkəmizə girişi qadağan olunub. Məktubda adları çəkilən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bu şəxslərin Azərbaycanın əleyhinə verdikləri bədnam qərarı əsaslandırmağa çalışmış, ölkəmizin maraqlarını və şərtlərini nəzərə almadan “arzu olunmaz” deputatlarla bağlı qərarın birtərəfli qaydada dəyişdirilməsi üçün ATƏT PA-nın çağırış etməsini və AŞPA ilə həmrəylik nümayiş etdirməsinin istəmişdilər. Məktubda hətta,Türkiyəni də tənqid etməyi “unutmayıblar”.
Onu da xüsusi olaraq vurğulamaq istərdim ki, AŞPA ilk dəfə deyildi ki, ATƏT PA-nın Azərbaycanla bağlı sərgilədiyi ədalətli və obyektiv mövqeyi sarsıtmağa, özünün yanlış siyasətinə ATƏT PA-nı şərik etməyə cəhd edirdi. Belə ki, qərəzli mövqeyinə görə bu il ölkəmizdə keçirilən hər iki seçkilərin müşahidəsinə dəvət edilməyən AŞPA ATƏT PA-nı seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi və onunla həmrəy olması üçün bir çox çirkin metodlara, o cümlədən şantaja əl atdı, lakin heç nəyə nail ola bilmədi.
Bu dəfə də onların Azərbaycana qarşı “AŞPA oyunu” baş tutmadı və ATƏT PA-nın Bürosu 7 ölkədən olan nümayəndə heyətinin qaldırdıqları məsələni təmin etmədi.
-Bu məsələni artıq qapanmış hesab etmək olarmı? Sizcə onlar növbəti dəfə belə iddialara cəhd etməyəcək? Ümumiyyətlə, Büroda ölkəmizlə bağlı daha hansı məsələlər müzakirə edildi?
-Əsas odur ki, ATƏT PA-nın Prezidenti, bir sıra Büro üzvləri və Baş Katibi ilə müvafiq müzakirələr aparandan və Azərbaycanın haqlı mövqeyini, yəni, nümayəndə heyətimizin mandatı təsdiq olunmayana qədər qərarın dəyişməsinin mümkünsüzlüyünü, ən önəmlisi isə AŞPA-nın yol verdiyi səhvlərə və ikili standartlara ATƏT PA-nın alət edilməsinin yol verilməzliyini həmkarlarımın diqqətinə çatdırandan sonra Büro məktubda qaldırılan məsələyə baxmaqdan imtina etdi. Əlbəttə, bu şəxslərin gələcək iclaslarda ölkəmiz əleyhinə hər hansı yeni təşəbbüs göstərməyəcəklərini tam istisna etmək olmaz.
O ki qaldı Azərbaycanla bağlı müzakirə olunan digər məsələlər haqqında sualınıza, bəli, Finlandiya sədrliyinin prioritetləri müzakirə olunan zaman ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi postunun və ATƏT-in Minsk Qrupunun ləğv olunmasının vacibliyini, münaqişə həll olunduqdan sonra heç bir əhəmiyyəti qalmayan bu qurumların saxlanılmasının və onlara maliyyə ayrılmasının mənasız olduğunu qetd etdim. Finlandiyanın 2025-ci ildəki ATƏT sədrliyinin işçi qrupunun rəhbəri səfir Laksonen bildirdi ki, Finlandiya ATƏT-in sədri kimi xüsusi nümayəndənin, Kasperşikin yerinə yeni təyinat həyata keçirməyəcək. Bu isə o deməkdir ki, Finlandiyanın ATƏT-in sədrliyi dönəmində hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən irəli sürülən tələb nəzərə alınaraq keçmiş münaqişə ilə bağlı sədrin xüsusi nümayəndəsi təyin olunmayacaq. İndi qalır adlarının çəkdiyim hər iki lazımsız institutun rəsmən ləğvinə Ermənistanın qoyduğu vetonun aradan qaldırılmasına nail olmaq. Onsuz da Ermənistanın Azərbaycanın bu tələbini qəbul etməkdən başqa çarəsi yoxdur və ümid edirik ki, bu tezliklə baş tutacaq.
Bizim marağımıza aid olan başqa bir məsələ isə ATƏT PA-nın İpək Yolu Qrupunun beynəlxalq konfrasının gələn ilin 5-7 may tarixlərində Monteneqroda keçirilməsi haqqında idi. Bu məsələ qısa müzakirə edildi və Monteneqro parlamenti sədrinin tədbirə ev sahibliyi etməsi ilə bağlı məktubu Büro üzvlərinin diqqətinə çatdırıldı. Bütövlükdə, büro iclasının Azərbaycanın maraqları baxımından faydalı olduğunu deyə bilərəm.