5308
13 Apr 2024 | 18:43

"Hökumət istəyir ki, camaat başını işlətsin və ..." - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:
 
- Qüdrət bəy, Ermənistan, Aİ və ABŞ arasında 5 aprel Brüssel görüşünün nəticələri haqqında görüşdən sonra danışmağın daha doğru olacağını söyləmişdiniz. Artıq görüşdən bir həftə vaxt keçib, bu barədə nə deyə bilərsiniz?
 
- Təəssüf ki, son həftə Azərbaycanın bu görüşlə bağlı narahatçılığınin nə qədər əsaslı olduğunu nümayiş etdirdi. Paşiyan səfərdən qayıdandan bir neçə gün sonra əvvəlki mövqeyinə tam zidd olaraq bəyan etdi ki, hansı xəritə üzrə delimitasiyanın aparılacağı müəyyən olunmayana qədər işğal altındakı kəndlərimiz qaytarılmayacaq. Baxmayaraq ki, onun öz xalqına təqdim etdiyi istənilən xəritədə həmin kəndlər Azərbaycan ərazisi olaraq göstərilir. Brüssel səfərindən sonra Paşinyan işğala son qoymaq üçün şərtlər irəli sürür. Bu, birbaşa səfərin nəticəsi ilə əlaqədardır.
 
- Belə şəraitdə Azərbaycan nə etməlidir?
 
- Azərbaycan onu revanşistlərin və Qərbin təzyiqindən xilas etmək üçün torpaqlarımızı işğaldan azad etməlidir. Bu məqsədlə Azərbaycan ərazilərindəki işğalçı düşmən ordusuna havadan zərbə endirmək kifayətdir ki, hamısı qaçıb getsin.
 
- Belə bir şəraitdə Əli Kərimli mitinq təyin edib. Mitinqə münasibətiniz necədir?
 
- Mitinq keçirmək vətəndaşların konstitusion hüququdur, amma ölkədə mitinq əhval-ruhiyyəsi yoxdur. Hər kəs xalqımız qarşısında öz məsuliyyətini dərk etməlidir. Düşünürəm mitinqə icazə verilməyəcək. Verilsə belə, narazılıqlara baxmayaraq ora çoxsaylı insan getməyəcək,.
 
- Sizcə niyə icazə verilməyəcək?
 
- Daha çox sərhədlərin bağlı saxlanılması səbəbinə görə.
 
- O səbəblər nədən ibarətdir?
 
- Hökumət istəyir ki, camaat başını işlətsin və bəzi qərarların əsil səbəbini tapsın.
 
- Mitinqə icazə verilsə, camaat niyə gəlməyəcək?
 
- Əsasən sabitliyin pozulması, hakimiyyət dəyişikliyinin baş verməsi qorxusuna görə. Mənim qiymətləndirməmə görə insanların çoxu düşünür ki, hakimiyyət məsələsinin onlara aidiyyatı yoxdur. Onlar arzulayırlar ki, həyatları iqtidar tərəfindən aparılacaq islahatlarla yaxşıya doğru dəyişsin. İqtidar isə görür ki, insanlar ciddi narazılıq ifadə etmir, ona görə də islahatlara getmir. Düşünürlər ki, insanlar ya həyatlarından razıdır, ya da taleləri ilə barışıblar, yaxud mövcud həyat standartları xalqımız üçün yetərlidir. Müəyyən mənada haqlıdırlar. Amma islahatlara gedilməsə artan narazılıq və pisləşən sosial-iqtisadi vəziyyət nə zamansa kənar müdaxilələr sayəsində sabitliyin pozulmasına səbəb ola bilər. Mitinqə həm də xalqımız ona görə gəlməyəcək ki, bir qismi mitinqin xaricdən, ermənipərəst dairələr tərəfindən, digər qismi isə iqtidar tərəfindən sifariş edildiyini düşünür. Sonuncu parlament seçkiləri öncəsi də mitinq keçirməyə uğursuz cəhd etmişdilər. Mitinq keçirmək lazım idisə iki ay öncə, prezident seçkiləri dövründə keçirərdilər. İcazə verilməsə, sivil dünya da görərdi ki, prezident seçkisində kütləvi tədbirə icazə verilmir. İndi insanları aldatmaq çox çətindi. Əli Kərimli də bizim müxalifətdəki “Paşinyan”ımızdır. Qalıb ortada, odla su arasında, hər tərəfdən təzyiq edirlər, bilmir nə etsin, oxusun ya oxumasın...
Link kopyalandı!
Son xəbərlər