“Ermənilərin törətdiyi vəhşiliklərin nə din, nə də insanlıqla heç bir əlaqəsi yoxdur”
6638
23 Feb 2024 | 20:59

“Ermənilərin törətdiyi vəhşiliklərin nə din, nə də insanlıqla heç bir əlaqəsi yoxdur”

Aqil Şirinov: “Onlar öz məzarlarına belə, tarixən hörmət etməyiblər”

 

Xəbər verdiyimiz kimi, Xocalıda uşaq və qadınların da qalıqlarının olduğu yeni kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqdakı şəxslərin əllərinin bağlı olması, o cümlədən cəsədlər üzərindəki zorakılıq izləri onların ağır işgəncələrə məruz qalaraq qətlə yetirildiyini göstərir.

 

Moderator.az olaraq Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovla söhbətimizdə özlərini dünyanın ən qədim xristian xalqlarından biri kimi qələmə verən ermənilərin törətdiyi vəhşilikləri, bu vəhşiliklərin xristian dini ilə yaxından-uzaqdan hansısa əlaqəyə malik olub-olmadığını müzakirə etməyə çalışdıq:

 

-Aqil bəy, bildiyiniz kimi, Xocalıda yeni kütləvi məzarlıq aşkar edilib. Hansı ki, məzarlıqda əli bağlı uşaq və qadın cəsədlərinin qalıqları da var. Özünü dünyaya əzilən, haqqı tapdanan xristian toplumu kimi təqdim edən ermənilərin törətdiyi cinayətlər xristian dini, bu dinin tələb və dəyərlərinə nə dərəcədə uyğundur?

 

- Onların azərbaycanlılara qarşı törətdiyi işgəncələr ümumiyyətlə, xristian dinində qəbul olunmur. Xristian dininin müqəddəs mətnlərində çox sayda sülhpərvər prinsip mövcuddur. Məsələn, Matta İncilində  “qonşunu da özün kimi sev” deyilir. Xristianlıq insanlara pislik aşılamır, bədxahlıq təlqin etmir. Özünü xristian dininin təmsilçisi sayan, özünü “ən qədim xristian xalqlarından” biri hesab edən ermənilər, tarixən xristianlığın əsas prinsiplərinə zidd hərəkət ediblər və bu, əsla qəbuledilməzdir.

 

-Sizcə ermənilərin uşaq və qadınları belə amansız işgəncələrə məruz qoyaraq qətlə yetirməsi siyasi-diplomatik və media müstəvisində olduğu kimi, dini müstəvidə də ifşa edilməlidirmi?

 

-Bütün platformalarda ermənilərin törətdiyi bu cinayətlər ifşa olunmalı, inanclı xristianlara çatdırılmaldır. Çünki ermənilər özlərini dünyaya məzlum xalq kimi sırımağı bacarıblar. Xüsusilə Qərb ölkələrində bir çox insanlar qondarma erməni soyqırımına inanır. Onların məzlum olduğunu düşünür. Bütün bunlar isə ermənilərin uydurmalar üzərində qurduğu təbliğatın nəticəsidir.

 

Biz də öz növbəmizdə təbliğati fəaliyyətimizi daha da gücləndirməli, ermənilərin etdiyi vəhşilikləri bütün dünyaya çatdırmalıyıq. Çatdırmalıyıq ki,  beynəlxalq ictimaiyyət onların əsl simasını görsün.

 

-Ermənilərin günahsız insanlara qarşı həyata keçirdiyi bu qətliyam Azərbaycan xalqının timsalında bütün insanlığa qarşı törədilən cinayət və soyqırım kimi dəyərləndirilə bilərmi?

 

-Şübhəsiz. Ermənilərin törətdiyi bu vəhşilik nəinki mənsub olduqları xristian dininə və digər dinlərə, ümumiyyətlə insanlığa sığmır.

 

Ermənilər məzarlara qarşı da daim vandallıq törədib. Heç bir din ölən insanların məzarlarına qarşı hörmətsizliyi təlqin etmir. Bütün dinlər məzarlara hörmət hissini aşılayır. Amma çox təəssüf ki, ermənilər bütün bu insani və dini dəyərləri nəzərə almayıblar. Azərbaycan məzarlıqlarına qarşı işğal dönəmində çox acımasızca davranıblar, onlara qarşı vandallıqlar törədiblər.

 

Erməni tarixinə diqqət yetirdikdə görürük ki, onların ölən insanlara etdiyi hörmətsizlik heç də təsadüfi deyil və tarixdə bununla bağlı xeyli fakt var.

 

-Aqil bəy, mümkünsə bu faktlardan birini bizimlə bölüşərdiniz.

 

-Məlum faktlardan birinə məşhur virusoloq Lev Zirberin əsərində rast gəlinir. Bu hadisə 1929-1930-cu illərdə sovet dövründə Hadrut adlandırılan Ağoğlanda baş verib. Lev Zirber qeyd edir ki, 1929-1930-cu illərdə sözügedən bölgədə taun xəstəliyi yayılmışdı. Onu da bir virusoloq kimi həmin bölgəyə göndərmişdilər. O, bildirir ki, mənə məlumat verdilər ki, ermənilərə məxsus bəzi qəbiristanlıqlarda müəyyən məzarlar dağıdılıb, oradakı cəsədlər çıxarılaraq başları kəsilib, ürək və qaraciyərləri çıxarılıb.

 

Lev Zirber deyir ki, mən Bulutan (o, Bulatan kimi qeyd edir) kəndinə gəldim, orada yaşlı bir erməni müəllimin evində qonaq oldum. Ona bu hadisəni anlatdım. Virusoloq bildirir ki, həmin erməni dedi ki, bu bölgədə yaşayan ermənilərin belə bir inancı var. İnanc ondan ibarətdir ki, əgər bir ailədən ard-arda qısa zaman fasiləsində insanlar ölürsə, o zaman birinci ölən şəxsin diri olduğuna və onun ailənin digər fərdlərini bir növ “çağırdığına” inanırlar. Bunu yoxlamaq üçün birinci ölən şəxsin  məzarının üstünə bir yulaf qoyurlar və sonra ora bir at gətirirlər. Əgər bu yulafı at yeyirsə,  düşünürlər ki, məzardakı insan canlıdır. Beləcə, o məzarı açır, məzardakı şəxsin başını kəsirdilər. Ürəyini və qaraciyərini çıxarıb ailənin yaşayan üzvlərinə yedirirdlər ki, artıq məzardakı şəxs onları ölümə çağırmasın. Bu ailədən digər insanlar da qısa zamanda ölməsin. Lev Zilberin “Filiz əməliyyatı” (Операция "Руда") adlı bu məqaləsi 1966-cı ildə “Elm və Həyat” ("Наука и жизнь") juranlının 12-ci saynda nəşr olunmuşdur. (//www.sgtnd.narod.ru/wts/rus/zilberruda.pdf)

 

Bu fakt onu göstərir ki, ermənilərin bir hissəsi içərisində belə vəhşi adətlər hər zaman olub. Bu adətlər xristianlığa əsaslanan adətlər deyil. Bu adətlər ermənilərə məxsus xurafat və paqan adətləri idi.

 

Bu xurafatlara inanan  insanlardan biz nə gözləyə bilərik ki? Onlar məzarları da dağıdar, məzarlar üzərində vandallıq aktları da həyata keçirirlər. Çünki onlar öz məzarlarına belə, tarixən hörmət etməyiblər.

 

Ermənilər bu gün özlərini dünyaya məzlum toplum kimi göstərsələr də, əslində məzlum deyillər. Tam əksinə, biz onların adətləri içərisində bir çox zalım adətlərin olduğunu görürük

 

-Aqil bəy, o zaman demək olarmı ki, ermənilər tarixən malik olduqları qeyri-insani xüsusiyyətləri bu gün də davam etdirməkdə, öz əməlləri, qətl və cinayətləri ilə dinin və insanlığın mahiyyətini təhrif etməkdədir?

 

-Bəli.

 

Təəssüflər olsun ki, işğal dönəmi ilə bağlı ortaya çıxan kütləvi məzarlıqlar, eməni cinayətləri ilə bağlı aşkarlanan yeni faktlar bunu deməyə əsas verir. Hansı ki, yuxarıda qeyd etdiyimiz kimi, bütün bunların nə din, nə də insanlıqla heç bir əlaqəsi yoxdur. Bütün bunlar tarixdə yalnız və yalnız erməni faşizminin qorxunc cinayətləri kimi qalacaq.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər