“Köhnə kişilər övladlarına halal çörək yedirərdi...”
Müsahibə
6858
12 Nov 2014 | 21:01

“Köhnə kişilər övladlarına halal çörək yedirərdi...”

"Köhnə kişi” məhfumu köhnəlik tərəfdarı olan, köhnəlmiş kişi anlamına gəlmir. Tariximizin bütün məqamlarında milli, dini dəyərlərimizi qorumağı bacarmaqla yanaşı, milli əxlaqımıza uyğun gələn müasirliyi də qəbul edən və bu minvalla keçmişlə gələcək arasında optimal bir ötürücü rolunu oynayan Azərbaycan kişiləri çox olub... Düşündük ki, bu mənada həm bir dünya görmüş ağsaqqal, həm də elm adamı olan sabiq deputat, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu da köhnə kişilərin nümayəndəsi hesab etmək olar. 21 ildir həsrəti ilə yaşadığımız Kəlbəcər zirvələrinin yetirməsi olan professorun fiziki elektronika sahəsindəki nailiyyətləri illərdir ki, NASA-da tətbiq olunur. O, həm də təhsil, sosial fəlsəfə mövzularında “Dəyərlərin müəyyən edilməsinin elmi əsasları”, “Keçid dövrünə fəlsəfi baxış”, “Kamillik düşüncəsi” və s. kimi əsərlərin də müəllifidir. Deyilənləri nəzərə alıb 73 yaşlı alimlə bu dəfə məhz “Köhnə kişilər” rubrikasında söhbətləşmək qərarına gəldik...

- Şahlar müəllim, son onilliklərdə dünyanın əksər hissəsini ağuşuna almış qloballaşma, inteqrasiya deyilən proseslər Azərbaycana da öz müsbət təsirləri ilə yanaşı, kifayət qədər mənfi təsirlərini də göstərməkdədir. Bəzi milli-mənəvi dəyərlərimizin itmək təhlükəsi altında qalması da həmin prosesin mənfi tərəflərindəndir. Etiraf edək ki, son dövrdə “müasirlik” adı altında xaricdən gələn bütün dəyərləri ağına”“bozuna baxmadan qəbul edərək, milli dəyərlərimizi tapdamaqda olan bir çoxluq formalaşıb. Və artıq ağsaqqalların, köhnə kişilərin səsləri də eşidilməz olub. Sizcə, nə etməliyik?

- Köhnə kişilər deyəndə, zənnimcə, mərd, sözünə sadiq, keçmiş milli adət-ənənələri qoruyan və yeni dəyərləri sürətlə qəbul etməyən kişilər nəzərdə tutulur. Amma qeyd etdiyiniz qloballaşma prosesinin mənfi cəhətlərindən biri də məhz köhnə kişilərin mühafizə etdiyi milli dəyərlərin ümumbəşəri dəyərlərlə əvəz olunmasıdır. Belə bir situasiyada da üzərimizə düşən əsas vəzifə bütün dövrlər üçün aktual və bizim üçün gərəkli olan milli dəyərlərimizi qoruyub, saxlamağı bacarmaqdır.

Bununla belə, milli dəyərlərimizi qoruyub, saxlamaq üçün həm də müasir texnologiya və dəyərlər sistemi ilə uyğunlaşaraq onlardan milli mənafeyimiz naminə də yararlanmalıyıq. Bunları bacarmasaq, yalnız keçmiş dəyərlər deyil, özümüz də itib-batarıq...

- Dostlar, tanışlar “Şahlar müəllim köhnə kişidir” -deyəndə xətrinizə dəymir ki?

- Yox, əsla. Bilirəm ki, bu, köhnəlmiş kişi mənasında deyil. Mənəvi baxımdan köhnə adət-ənənələri qoruyan, kişilik mücəssəməsi olan adamlara belə deyilir. Bu mövzuda bir ibrətamiz lətifə yadıma düşdü. Bir cavan Molla Nəsrəddindən soruşur ki, Molla əmi, kişiliyin əsas əlamətlərini deyə bilərsən. Molla deyir ki, o gün mən də bunu bir məşhur alimdən soruşdum. O da buyurdu ki, kişiliyin əsas iki xüsusiyyəti var; amma birini sənə deyim, o birini unutmuşam, gələn dəfə deyərəm. Cavan deyir ki, eybi yox, Molla əmi, sən heç olmasa, kişiliyin o bircə əlamətini mənə de. Molla Nəsrəddin cavab verir ki, bala, vallah, mənim o biri də yadımdan çıxıb... Yəni təəssüf ki, insan zəkası daha yüksək elmi texnologiyalar kəşf etdikcə sanki əsl kişiyə məxsus elementlər sıradan çıxır. Müasir xaotik proseslər girdabında bəzən yaşlı adamlar da özlərini itirir. Elə olur ki, nəyinsə xatirinə insanlar asanlıqla dəyərləri qurban verir, kosmopolitləşirlər. Hər hansı bir Avropasayağı məclisdə ömründə “kəpənək” bağlamamış bəzi adamlar kiminsə “gözünə girmək” üçün “kəpənək” bağlayırlar. Yəni özünəməxsusluqlarını, köhnəliklərini qoruya bilmirlər. Böyük rus filosofu N.Çadayevin bir fikri yadıma düşdü: “Allaha and olsun nə dedimsə, vətənin xeyrinə dedim, öz xeyrimə heç nə demədim”. İndi bəzi kosmopolit insanlar vətəni xarici insanlara ucuz qiymətə və niyyətə satırlar...

- Məşhur fransız yazıçısı Aleksandr Düma özünün “Qafqaza səyahət” əsərində Azərbaycan haqqında yazır: “Orada ata oğulu çağıranda oğul atanı ayağa qalxaraq dinləyir. Orada kişi sözü hər bir yazılı sənəd və möhürdən üstündür. Bu, XIX əsrdə belə idi. Ancaq müasir gerçəklik budur ki, getdikcə ağsaqqal sözü istehza hədəfinə çevrilərək eşidilmir. Həm də bu günlər “Allah haqqı”, “Quran haqqı”, “imam haqqı”, “ocaq haqqı” və s. deyərək yalan danışanların sayı-hesabı yoxdur. Niyə bu günə düşdük, Şahlar müəllim?

- Bunun əsas səbəbini tərbiyə sisteminin zəifliyində görürəm. Təhsilin funksiyalarından biri də tərbiyədir. Ata-oğul münasibətlərinə gəldikdə, düzdür, oğul ataya hörmət etməlidir, ancaq şüursuz mütiliyin də tərəfdarı deyiləm. Ata və oğul arasında səmimiyyət, dostluq olmalıdır. Ata oğulu cəzalandırmağa məcbur olmalı deyil. Əgər bu, baş verirsə - anormallıqdır. O ata yaxşı atadır ki, övladını dost edə bilir. O övlad da yaxşı övladdır ki, atasını dost edə bilir...

Onu da demək lazımdır ki, hələ ki, bizdəki qədər böyüyə, ağsaqqala hörmət heç bir ölkədə yoxdur. Bir dəfə ulu öndər Heydər Əliyev xarici qonaqlarla birgə hansısa parkdan keçəndə skamyada əyləşən cavanlar ayağa durdu. Qonaqlardan biri təəccüblə soruşdu ki, bu nə deməkdir. Heydər Əliyev dedi ki, bu, bizdə milli adətdir, ağsaqqala hörmət edirlər. Ağsaqqal gələndə cavanlar ayağa durmaqla, onu salamlayırlar...

- Öz babanızın, atanızın davranışlarını, onların tərbiyə üsulunu necə xatırlayırsız?

- Bizim ailədə daim qarşılıqlı hörmət olub. Babamı, təəssüf ki, yaxşı xatırlamıram: 6 yaşım olanda rəhmətə gedib. Amma atamla dost olmuşuq. Təsəvvür edin ki, atam Bakıda Ali Partiya məktəbinin 4-cü kursunda oxuyanda mən də indiki BDU-nun 1-ci kursunda təhsil alırdım. Bir növ tələbəliyimiz birlikdə keçib...

Onu da deyim ki, köhnə kişilərin xüsusən oğlan övladlara qarşı tərbiyə üsulunda müdrikanə nəsihətlə sərtlik harmonik şəkildə çulğaşırdı. Bu mövzudan bəhs edəndə həmişə bir məqamı xatırlayıram. Kəndimizdəki köhnə kişilər danışardı ki, XX əsrin əvvəlindəki erməni-müsəlman davası zamanı el qəhrəmanı Sultan bəy Kəlbəcər kəndlərindən də ermənilərlə döyüşmək üçün adam yığarmış. Seçim şərtlərindən biri belə imiş ki, döyüşçü olmaq istəyən cavan çılpaq, yəhərsiz-yüyənsiz atı qaçaraq qovub tutmalı və minib çapa bilməli imiş. Yəni o zaman kişiliyin kriteriyası belə idi ki, oğlan qız kimi olmalı deyil, güclü, çevik və möhkəm olmalıdır...

- Şahlar müəllim, bugünkü dırnaq arası “müasirliyin” göstəricilərindən biri də azərbaycanlı qadın və qızların milli, dini adət-ənənələrimizə daban-dabana zidd olan həddindən artıq açıq-saçıq geyim formalarıdır. Sizin bir ağsaqqal, həm də alim, ziyalı kimi bu məsələyə baxışınız maraqlıdır...

- Milli mədəniyyətdə çox böyük deqradasiya gedir. Bunun da bir çox səbəbləri var. Bu işlə elmi şəkildə məşğul olan elə bir ciddi qurum yoxdur. Bildiyimə görə, inkişaf etmiş ölkələrdən birində əxlaq polisi var. Qadın həddən artıq vulqar geyinəndə onu həmin polis cərimələyir. Biabırçılıq ondadır ki, biz, o cümlədən, oğul-uşaq və nəvələrimiz bu cür adamları yalnız küçələrdə deyil, televiziyada da görürük. Bu da telekanalların çox təsadüfi adamların əlində olmasının nəticəsidir. Yəni telekanalların idarəçiliyində əslində cəmiyyətdə sayılıb-seçilən, ağsaqqallığı ilə yanaşı, dərin elmi bilgisi, bədii yaradıcılıq təxəyyülü olan ziyalı insanlar cəmləşməlidir. Təəssüf ki, telekanallarımızda normal həyat tərzi yaşayan insanlarımız istisnadır, orada daha çox yüngül həyat tərzi keçirən insanlar hökmranlıq edir. Onlar da öz həyat tərzlərini bilavasitə cəmiyyətə, xüsusən uşaq və gənclərə sırıyırlar...

- Burada məqsədi yalnız sərvətlərimizi talamaqla, xalqımızı mənəvi-ruhi cəhətdən məhv etmək olan xarici güclərin də təsiri mümkündürmü?

- Bəli. Bu prosesdə xarici dövlətlərin barmağının olması ehtimalı çox böyükdür. Hələ sovet dövründə SSRİ-ni məhv etmək üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məşhur direktorunun adı ilə bir “Dallas doktrinası” deyilən proqram həyata keçirilirdi. Məqsəd xalqların mənəviyyatını məhv etməklə, dövlətin məhvinə nail olmaq idi. Bəlkə də həmin doktrina başqa formada bu gün də davam etdirilir. Eyni zamanda, bu, öz intizamsız, məsuliyyətsiz, fəaliyyətimizin nəticəsidir...

Dəyərlər ucuzlaşır, amma onları qorumaq lazımdır. Və bunun üçün Elmlər Akademiyası, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və s. kimi müxtəlif qurumlar qəti hərəkətə keçməli və hər biri öz səlahiyyətləri çərçivəsində milli-mənəvi dəyərlərimizin mühafizəsini təmin etməlidir. Qardaş Türkiyəyə səfərlərim zamanı apardığım müşahidələrdən belə nəticəyə gəlmişəm ki, orada milli dəyərlər daha ciddi qorunur. Bir sıra məsələlərdə, o cümlədən, vətənpərvərlikdə Türkiyədən nümunə götürməliyik. Əgər bir oğul Vətən, xalq üçün canından keçib əlil olubsa, onu hər hansı bir məmur incidirsə, problemlərini həll etməyib intihara vadar edirsə, bu da dəyərlərimizin qiymətdən düşməsinə dəlalət edir...

- Bəlkə bütün dünyada gedən qadınlaşma, feminizasiya prosesinin Azərbaycanda da güclənməsində hazırda xüsusən uşaq və gənclərin xoşladığı xarici içki və qida məhsulları da böyük rol oynayır? Köhnə kişilərin yediyi-içdiyi hara, bizimki hara?..

- Ola bilər, bunu birmənalı olaraq deyə bilmərəm. Xaricdən gətirilən, yaxud özümüzdə istehsal edilən qidalara hansısa aşqarların qatılması mümkündür. Eləcə də geni dəyişilmiş məhsullar da rol oynaya bilər. O da var ki, köhnə kişilər halal çörək yeyər, övladlarını da halal çörəklə böyüdərdilər. İndi halal çörək çox qiymətdən düşüb, halal-haramdan danışanda çoxuna gülməli gəlir...

Yeri gəlmişkən, köhnə kişilərimizə xas kişilik xüsusiyyətlərinin itməsində rol oynayan bir amili də vurğulamaq istərdim. Bu gün ölkədə, xüsusən də paytaxtımızdakı orta məktəb müəllimlərinin bəlkə də 80 faizi qadındır. Sırf təhsil, savad verilməsi baxımından yanaşsaq, tədrisin kişi və ya qadın tərəfindən aparılmasının çox da fərqi yoxdur. Amma oğlanların fizioloji-psixoloji formalaşmasında bu, kifayət qədər mühüm amil olmaqla qorxulu nəticələrə, o cümlədən, xalqın “köhnə kişilər” qrupunun məhvinə aparır. Bilirsiz, Allah-Təala bütün canlıları elə yaradıb ki, həmişə liderlik keyfiyyətləri erkək cinsdə cəmləşir. Məsələn, xoruzda olan keyfiyyət toyuqda, qoçda olan keyfiyyət qoyunda yoxdur. Qadın dar çərçivədə - bəzən öz evində kişisinin yanında lider ola bilər, yaxud hansısa bir idarəçilik sahəsində rəhbər kimi çalışa bilər. Amma psixoloji, fizioloji mənada qadın sırf kişiyə məxsus bütün liderlik keyfiyyətlərini daşıya bilməz. Deməli, orta məktəblərdə müəllimlərin əksəriyyəti qadındırsa, biz yetişən kişi nəslinin o köhnə kişilərə məxsus liderlik keyfiyyətlərini əlindən almış oluruq. Məsələn, dərsinə yaxşı cavab verəndə oğlan şagirdin başını sığallayan möhkəm, qabarlı kişi əli yox, yumşaq, zərif, ətirli qadın əlidirsə, həmin oğlanlarda artıq kişiləşmə, yox, feminizasiya prosesinin güclənəcəyi təbiidir...

- Şahlar müəllim, köhnə kişilər həm də bir ucalıq rəmzi idilər. Bu mənada uca dağlar məkanı Qarabağımızın işğalı da dəyərlərimizin aşılanmasını sürətləndirdi. Bəlkə o köhnə kişiliyə məxsus dəyərlərimizin qorunması həm də torpaqlarımızın azadlığından, o tarixi yurdlarımıza qayıdışımızdan keçir?

- Şübhəsiz ki, Qarabağ azad ediləcək. Çünki dövlətimizin apardığı siyasət bu hədəfə yönəlib. Çox maraqlı məqama toxundunuz. İndi diqqət edin. İşğal altındakı torpaqlarımızın əksər hissəsi dağlıq bölgələrdir. İnsanın kamil formalaşmasında dağın böyük rolu var. Düzənliyin bu mənada rolu çox zəifdir. Məsələn, düzənliyi təsvir etmək, bu haqda bir esse yazmaq üçün cəmi 30-40 söz bilmək yetərlidir. Ancaq dağı təsvir etmək üçün nəhəng söz ehtiyatına malik olmalısan. Bu mənada dağsızlıq insanı kütləşdirir. Düzənliyin insanı kamilləşdirmə potensialı yoxdur. Və inşallah, o cənnət torpaqlarımız azad ediləndən sonra Azərbaycan xalqı sanki yuxudan ayılacaq.Yəni Qarabağın timsalında itirdiyimizi dərk etməsək də, nəyi tapdığımızı dərk edəcəyik... O zaman o köhnə kişilərin də ruhu şad olacaq. Və xalqın da, gənc nəslin də genindəki o köhnə kişilik ruhu oyanaraq torpaqlarımız kimi dəyərlərimizi də tapdanmaqdan azad edəcək...
Link kopyalandı!
Son xəbərlər