Yazıçılar Birliyinin qurultayı geridə qalsa da, qurultayla bağlı müzakirələr səngimək bilmir. Xüsusilə də tədbirin keçirilməsi üçün ayrılan 203 min manatlıq vəsaitin xərclənməsi ətrafında gedən müzakirələr, Xalq yazıçısı Çingiz Abdullayevlə jurnalist arasında baş verənlər diskussiya mövzusu olaraq qalmaqdadır. Yazıçılar Birliyinin üzvü, yazıçı Seyran Səxavət “Yeni Müsavat”ın suallarını cavablandırıb.
- Seyran bəy, qurultay başlamamışdan ayaqüstü söhbətimiz oldu, amma sonra sizi görə bilmədim, sonadək iştirak etdiniz, yoxsa səbriniz çatmadı?
- Əvvəla, bu mənim qurultayım idi. Mənim qurultayım olduğuna görə həm də mənim səbrim idi. Mən Yazıçılar Birliyinə həmişə müqəddəs ünvan kimi baxmışam. 1973-cü ildə mən “Ədəbiyyat və İncəsənət” qəzetinə – indi “Ədəbiyyat” qəzetidir – gəldim. Allah Mirzə İbrahimova qəni-qəni rəhmət eləsin. 70 manat maaşla, özü də ailəvi, kirayədə qalıram, 1 May küçəsi, 60-da... Kim məndən soruşurdu ki, əmioğlu, harda işləyirsən, maaşın nə qədərdir? Fəxrlə deyirdim: “Ədəbiyyat və İncəsənət” qəzetində. Qohumlarıma da vəsiqəmi göstərirdim. Mən vəsiqəmi ancaq qohumlarıma göstərmişəm və deyirdim 180 manat maaş alıram. Onda mən öz adımdan çox “Ədəbiyyat və İncəsənət” qəzetinin, Yazıçılar İttifaqının adını yuxarı tutduğum üçün belə deyirdim. 180 manat onda böyük pul idi, 90 kilo donmuş ət eləyirdi. Mən həmişə müqəddəs baxmışam. Yəni mən öz mövqeyimdəm, öz yerimdən baxıram Yazıçılar Birliyinə, kim hardan baxır-baxsın, özü bilər. Yazıçılar Birliyinə pis baxanların yüzüylə də təkbaşına oturub söhbət etməyə hazıram, bir qardaş, ağsaqqal, ortayaşlı, bir cavan kimi. Məndə üç vəziyyət var da: yeri gələndə cavanam, yeri gələndə orta yaşlıyam, yeri gələndə ağsaqqal. Lap yeri gələndə ayrı halım da var. Bir dənə də əlavə edim. Keçən il mənə Nizami Gəncəvi mükafatını verdilər. Mənim bir mamam var, biz atanın bacısına mama deyirik. 62 il müəllim işləmiş Vəsmə mamam zəng elədi ki, “qadaanı alım, təbrik edirəm, nə yaxşı, nə yaxşı... Orda pul da var?” Dedim hə, mama, var. Soruşdu nə qədər? Dedim 50 min. Qayıtdı ki, “Nə yaxşı, nə yaxşı, Allaha şükür”. Halbuki, cəmi min manat idi mükafat. Mən burda həm Yazıçılar Birliyinin, həm də Nizaminin adını yuxarı tutdum. Bax, mən o yerin adamıyam.
“Söz azadlığının tumanının altında gizlənib, yekə-yekə, hikkəli-hikkəli danışmaq... Vallah o, yaxşı qurtarıb, Çingizin yerinə olsam, mən başqa şey edərdim”
- Bəs, obyektiv yanaşanda Yazıçılar Birliyinin qurultayına baxışınız necədir?
- Sən də oradaydın. Qardaş, məruzələr, çıxışlar oldu. Düzdür, ədəbiyyat haqqında söhbət az oldu. İstərdim ki, ədəbiyyat haqqında söhbətlər daha çox olsun. Amma axırda da gəldilər bir səslə hamı Anar müəllimin namizədliyini dəstəklədi. Bilirsən nə təhərdir, bir az realist olmaq lazımdır e. Bizim xalqımız cavan xalq deyil. Xalqımız cavan deyilsə, heç cavanlarımız da cavan deyil. Məsələn, mən özüm də Anarı dəstəklədim. Soruş: niyə?
- Soruşuram: niyə?
- Çünki bu adamın əli yuxarılara çatır, kimlərəsə ev alıb verə bilir, kimlərisə işə götürüb, maaş verə bilir. Yəni bu da bir işdir də, mənim qardaşım, gəlin reallıqdan danışaq. Yekə-yekə danışmağın mənası yoxdur e. Yekə-yekə danışmağın mənası o vaxt olur ki, yekə-yekə danışmağın bəraəti yekə-yekə danışmaqdan daha böyük olsun. Bu, bir reallıqdır, həqiqətdir. Mənim 64-dən tanıdığım dostum Ramiz Rövşən çıxışında Folknerdən misal gətirdi. Mən də özümdən misal gətirirəm. Biz, sən də, mən də, “Yeni Müsavat” qəzeti də, ümumiyyətlə, bütün canlı ətraf həqiqətə lazım deyilik, həqiqət bizə lazımdır - ən böyük həqiqət də bax, budur.
- Bir az konkretləşdirək, icazənizlə... Qurultaysonrası günlərdə həm mediada, həm də sosial şəbəkələrdə müzakirələr gedir...
- O müzakirələrin hamısına baxmışam. Məni də tanıyırsan, sən də bilirsən, məni bütün tanıyanlar da bilir ki, mənim əlim heç vaxt yuxarıların ətəyində olmayıb, mənim əlim daha yuxarılarda olub - Allahın ətəyində. Mən həmişə həqiqəti demişəm.
- Onda bu mövzu ilə bağlı da həqiqəti deyin, lütfən... Reallıqdan danışdınız, burada da əvvəlcədən sədrin kim olacağı gözlənilirdi, məlum idi, hər şey də gözlənildiyi kimi oldu. Bəs, sonda o “fırtına” nəyə lazım idi? Yazıçı həmkarınızın mətbuata qarşı sərt münasibətini nəzərdə tuturam...
- Bir şey deyim. Tutaq ki, sabah Elşad Paşasoy nəsə bir səhv edirsə, bunu bütün Azərbaycan KİV-inin ayağına yazmaq olmaz. Mənimlə razı olmaya da bilərsən, amma bu, heç nəyi dəyişmir. Mənə səndən əvvəl də bir jurnalist zəng etmişdi, Çingizin məsələsilə bağlı. Onun suallarına cavab verdim, o başqa. Sonra dedim ki, qızım, Azərbaycan jurnalistikası nə vaxtacan eyni cür qaynayıb, buxarlanacaq, daşıb-töküləcək. Dedim mənim səndən bir xahişim var, o jurnalist yazıçı Çingiz Abdullayevlə 200 minin davasını edir.
O jurnalistə zəng elə, öz həmkarından intervyu al. Hörmətli Prezidentimiz də bəzi çıxışlarında deyib, bəzilərini də cəzalandırıb. Ölkədən milyonlarla, milyardlarla pullar çıxarılıb. O jurnalistə bir dənə sual ver... Öz adından verə bilmirsən, Seyran Səxavət adından sual ver ki, ay qaqaş, bu yazıçılara 200 min manat veriblər ki, qurultaylarını keçirsinlər, xeyir olsun, sənin qərəzin yoxdursa, o milyardları qoyub, bu 200 minin dalına düşmüsən... İndi mən o jurnalistin cavabını gözləyirəm, hələ gəlməyib. Bilirsən, ölçü var, miqdar var, kəmiyyət var, məkan var, bir də məkanın başının üstə zaman var, zamanın da başının üstündə Allah var e... Özü də hər gedib intervyu alan jurnalist deyil axı... Mənim Azərbaycan jurnalistikasına o qədər iradlarım var. Torba götürüb dilənən jurnalistlər, reket jurnalistlər... Sən bunları məndən yaxşı bilirsən. Bir ideya verirəm sənə, ürəyindən keçən, dişli jurnalistlərin hamısını yığ, çıxım onların qabağına, onlar mənə sual versin, mən cavablandırım. Mənim də onlara suallarım var, onlar cavab versinlər. Nə təhər ideyadır?
- Əla ideyadır və sağlam münasibətlər, normal təmaslar ancaq fayda gətirir. Amma müdafiə etdiyiniz Çingiz Abdullayev kifayət qədər təcrübə sahibidir, yaşı, keçdiyi yol da hamıya bəllidir, deyə bilərdi ki, oğul, bu gün qurultay ab-havasına köklənmişik, sabah mühasibatlığa sual verin, cavabını alın, yaxud filan vaxt görüşək, ətraflı cavablandırım. Yoxsa bir gəncə qarşı “ölmürsən” aqressiyası nəydi?
- Çingizin o hərəkəti... Biz insanıq da... Bir şey deyim. İnanıram ki, sən də gözəl xatırlayırsan. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanımız həm hərbi tərəfdə, həm də söz müharibəsində döyüşürdü. Bəzən dörd dildə müsahibə verirdi, mən bununla fəxr edirdim, öyünürdüm. Bilirsən də, mən heç vaxt iqtidarın yanında olmamışam, həqiqətin yanında olmuşam. Amma İlham Əliyev İkinci Qarabağ müharibəsində həqiqətin yanındaydı. Onun kövrəldiyini də görmüşəm... O günlərdə bizə əməlli-başlı düşmənçilik edib, ermənipərəst mövqeyində hər gün möhkəmlənən Rusiya telekanallarında döyüşən oğlan kim idi, İlham Əliyevdən sonra? Çingiz Abdullayev vuruşub. Sual verən jurnalist dövlət ittihamçısı kimi sual verdi. Adama təsir edir də. Adam bəzən özünün psixoloji durumunu tənzimləyə bilmir. Mən o jurnalisti tanımıram, nə yaşını bilirəm, nə başını... Amma gəlib prokuror ədası, hikkəsi ilə Çingiz Abdullayev kimi dünya şöhrətli – dünyanın hər yerində oxunur – bir yazıçıya dövlət ittihamçısı kimi sual verəndə hələ yaxşı qurtarıb... Çingiz hələ yumşaq formada cavablandırdı, sənin canınçün o sualı mənə versəydi, açığını deyirəm, bilərdim ona neylərdim. Qoy sonra məni müzakirə eləsinlər, heç mənim vecimə deyil... Mən özümü hamıdan yaxşı tanıyıram, rəhmətlik Fuad Poladov demişkən. Dünya bu gün belədir e. Bir az da bu günlə yaşayaq. Yoxsa mən jurnalistəm, o, pərdənin altında gizlənib, söz azadlığı-filan, biz bunları görmüşük. 26 ölkədən gəlmiş jurnalistlərin Çingiz Abdullayevlə görüşü oldu. Hər halda o 26 ölkədən gəlmiş jurnalistlər Çingizə sual verən o bir jurnalistdən daha möhtəşəm olar. Çingiz Abdullayev onlarla görüşdü və hər ölkədən gəlmiş jurnalistə həmin xalqın dilində çap olunmuş kitabını bağışladı. Qardaş, iş budu e... Yoxsa mən jurnalistəm, söz azadlığının pərdəsinin altında – bu sözü deməkdən qorxmuram və utanmıram – söz azadlığının tumanının altında gizlənib, yekə-yekə, hikkəli-hikkəli danışmaq... Vallah o, yaxşı qurtarıb, Çingizin yerinə olsam, mən başqa şey edərdim.
- İnanmıram daha pisini edərdiniz...
- Burada jurnalistikanın tərəfini tutmaq lazım deyil, nə mən tərəfdən, nə sən tərəfdən. Bir tərəf var dünyada: həqiqətin tərəfini tutmaq lazımdır. Jurnalist mənimlə elə rəftar eləsə, mən çılğın adamam, onunla başqa cür rəftar edərdim. Azərbaycan ədəbiyyatı çox qüdrətli bir ədəbiyyatdır, dünyaya çıxmır, o, başqa problemdir. Azərbaycan xalqının yazıçılarına 200 min manatı çox görmək... Milyardları ölkədən xaricə çıxaranları qoyub, gəlib yazıçıların o 200 min manatının nəyinin davasını edirsən, ay... üç nöqtə?!
- Seyran bəy, jurnalistlərin əksəriyyəti 200 mini nə vaxtsa bir yerdə görməyib. O mənada elə də kiçik məbləğ deyil.
- Rəqəmdən söhbət gedirsə, 200 min böyük puldur. Mənimçün də böyük puldur, Elşad üçün də. Bəs, milyardlar nə təhər olsun? O jurnalist milyardları qoyub, xeyir ola, 200 minin davasını edir?
“Mən heç vaxt iqtidarın yanında olmamışam, həqiqətin yanında olmuşam”
- Milyardları talayanların bəziləri həbsdə, bəzilərinin məhkəməsi gedir, bəziləri araşdırılır, mətbuat da yazır.
- Jurnalistlərin orada rolu olmayıb, Prezidentin tapşırığı ilə bu işlər aparılır.
- Seyran bəy, dünyanın müxtəlif dillərində çap olunan, danışan adamın, ziyalının bu sayaq reaksiyası normal idimi? Lap gənc jurnalistin səhvi də ola bilər, bu, aqressiyaya əsas verirmi? Vəziyyəti dramatikləşdirmək nəyə lazım idi?
- Elşad, mən ərk edirəm, elə bu sualı sən özün də özünə ver ki, bunu gərginləşdirməyə, dramatikləşdirməyə nə ehtiyac var? Amma mən deyirəm ehtiyac var. Ehtiyac ondandır ki, aşığın sözü qurtaranda “dalay-dalay” deyir. Azərbaycan jurnalistlərinin 99,9 faizi “dalay-dalay”la məşğuldur, bunu Seyran Səxavət deyir.
- Sağ olun, mətbuata bu cür yüksək qiymət verdiyinizə görə... Daha mən başqa nə deyim?
- Mən səni tanımıram? Balam kimi, qardaşım kimi deyirəm, mən 64 ildir ədəbiyyatla məşğulam. Elə on il qəzetdə işləmişəm, on il də jurnalda. Mən öz təcrübəmdən çıxış edirəm, kimlərinsə başqa fikri var, buyursunlar.
- Azərbaycan jurnalistikasının bütün zəhmətini yerə vurmaq, çəkilən əziyyətlərin üstündən xətt çəkmək haqdan-insafdandırmı?
- Mənim sevdiyim uşaqlar da var, adlar da çəkə bilərəm. Amma dünənin uşağının gəlib prokuror hikkəsi və iddiası ilə dünya şöhrətli azərbaycanlımıza belə yanaşmağı mənim xoşuma gəlmir.
- Seyran bəy, dünənin uşaqları gedib tarix yazdılar. Xalqın yazarından vətəndaşa bu sayaq münasibət olmamalıdır, məncə...
- Olar açıq deyim həqiqəti?
- Buyurun.
- Sən artıq burda demaqoqiyaya başlayırsan, özü də mənimlə. 100 il tanıdığın kişi ilə. Belə də yazarsan: mən səni buraqədərki Elşad kimi tanıyıram. O sözdən sonrakı Elşadı mən tanımıram və qəbul etmirəm. Hər kəs öz yerini bilməlidir. Elşad Paşasoy Elşad Paşasoydur, Seyran Seyrandır, Əli Əlidir, Pirvəlidir. Yenə deyirəm, söz azadlığının tumanının altında gizlənmək jurnalistika deyil.
- Bu vəziyyətə görə jurnalistikadırmı günahkar? Əslində biz sizinlə ayrı mövzuda danışmalıydıq, ədəbiyyatımızın durumundan, Qarabağ zəfərimizin ədəbiyyatımızda kifayət qədər əksini tapmamasından və digər faydalı mövzulardan. Amma səbəbkarı mətbuat deyil...
- Bu sualların da cavabı var məndə. Sabah da zəng edərsən, ondan danışarıq.
- Mənim deməyim odur ki, aqressiya olmamalıdır, bir-birimizi dinləməliyik, səhvlərimiz, doğrularımızla birlikdə bir-birimizi dinləməliyik. Razı deyilsinizmi?
- Bax, mən burda sənnən yüz faiz razıyam, aqressiya olmamalıdır.
- Burada üzrxahlıq etmək, keçmiş olsun demək çoxmu çətindir?
- Kim üzrxahlıq etməlidir?
- Deyir “Kimin günahı yoxdursa, daşı birinci o atsın”.
- Bunu nə Paşasoy deyib, nə də Seyran Səxavət. Azərbaycan xalqı deyib ki, odunu söndürüb, külüylə oynamayın. O jurnalist getsin milyardların davasını eləsin, 200 mini biz qaytararıq, eybi yoxdur, mənim adımdan yaz, yazıçılardan yığaram, qaytararam. Amma o jurnalist qələminə, sözünə arxayındırsa, gedib milyardların davasını eləsin.
“Əlim heç vaxt yuxarıların ətəyində olmayıb, mənim əlim daha yuxarılarda olub, Allahın ətəyində”
- Düzü, mən o jurnalisti tanımıram, yəqin ki, oxuyar və cavabı olar.
- Seyran bəy, qurultayda harada əyləşmişdiniz, görə bilmədim. Rəyasət Heyətində yeriniz görünürdü...
- Orada xalq yazıçıları, xalq şairləri, Ağsaqqallar Şurasının üzvləri olmalıdır. Mənim yerim çox yaxşı idi, bir ədliyyə generalı ilə oturmuşdum və özümü çox yaxşı hiss edirdim, maraqla tamaşa edirdim. Axıra qədər oturdum.
- Sədrliyə iddialı olan gənclərə çıxış imkanı yaradılmamasına münasibətiniz necədir? Ən azı söz verilə bilərdi...
- Verilə bilərdi, əlbəttə ki. Hətta onların sədrliyə namizədliyi də qeydə alına bilərdi. Amma niyə alınmadı, bax, mən artıq orda məsul şəxs kimi heç nə deyə bilmərəm. Ancaq deyirəm ki, alına bilərdi. Mənə elə gəlir ki, onlar da bilirdilər namizədliklərini versəydilər belə, keçən deyildilər. Onları mən də tanımıram, amma tanımağa ehtiyac yoxdur, onlar da bizimkidir.
- Heç olmasa demokratiya görüntüsü yaratmaq olardı...
- Görürsən, biz görüntü yaratmaq istəmədik. (gülür)
- Yeri gəlmişkən, hazırda Seyran Səxavət nə yazır?
- Həmişə belə bir sual olub: nə üzərində işləyirsiniz? İndi Seyran Səxavət öz üzərində işləyir. Seyran Səxavət adlı tale yazısının ora-burasını, kəm-kəsirini düzəltməklə məşğulam. Seyran Səxavət Seyran Səxavəti bir insan kimi redaktə etməklə məşğuldur.
- Sizdən zəfər ədəbiyyatı da gözləyirik...
- Məndən gözləməyin, çünki mən bu suala hələ 15-20 il əvvəl cavab vermişəm. Məni televiziyaya çağırmışdılar. Məni danlayırdılar ki, niyə Qarabağ mövzusunda yazmırsan? Dedim a bala, Qarabağ mövzusu artıq ədəbiyyat mövzusundan kənara çıxıb, hərb mövzusudur, müharibə mövzusudur. Dedim ərkim keçən dostlarıma, Musa Yaqub, Ramiz Rövşən, Vaqif Bəhmənli və bu qəbildən olan dostlarıma Qarabağ haqqında əsər yazmağı qadağan eləmişəm. Soruşdu niyə? Dedim bu, savaş mövzusudur. Dedi bəs nə edək, əlimizi yanımıza salıb, duraq? Dedim yox, Qarabağ haqqında ən möhtəşəm və vacib əsəri Ali Baş Komandan Azərbaycan əsgəri ilə birgə yazmalıdır. Hətta o vaxt Xəzər TV-yə demişdim nə qədər ki, Qarabağ işğal altındadır, lap aşağıdan lap yuxarıya qədər kim özünü kişi hesab eləyirsə-eləsin, mən özümü kişi hesab eləmirəm və kişilikdən istefa verirəm. Azərbaycan əsgəri Şuşadan mənə ismarıc yollamışdı ki, Seyran müəllim, sizin kişilikdən istefanız qəbul olunmadı, biz artıq Şuşadan sizə zəng edirik.
P.S. Müsahibimiz söhbətimizin sonunda bir rica etdi: “Səndən bir təvəqqem var, nə demişəmsə, hamısı getsin. İnanıram sənə. Mən hamıya belə açılmıram. Sənə açılmağıma məni peşman eləmə, yaxşı?.. Elə olmasa, sonra “Yeni Müsavat” qəzetini boykot edəcəm, suallarına cavab verməyəcəm. Elə bunları da yaz!”
Və yazdıq... Əlahəzrət oxucu dəyərləndirsin...
Elşad Paşasoy,