100 il əvvəl Rusiya haylara bir dövlət quraşdırıb... - Çaxmaqlı tarixi faktları açıqladı
Müsahibə
2996
09 Sep 2022 | 12:30

100 il əvvəl Rusiya haylara bir dövlət quraşdırıb... - Çaxmaqlı tarixi faktları açıqladı

Moderator.az İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlının Publika.az-a müsahibəsini təqdim edir:
 
- Ermənilərin Azərbaycan torpaqlarına - Qərbi Zəngəzur, İrəvan, Göyçəyə köçürülməsi hansı zərurətdən yaranmışdı?
 
- 1828-ci ildə Rusiya ilə İran (Qacarlar dövləti) arasında imzalanan Türkmənçay müqaviləsindən sonra Rusiyanın nəzarətinə keçən Şimali Azərbaycan ərazilərini əlində saxlamaq üçün Rusiyanın köçürmə siyasətinə start verildi. Burada yaşayan müsəlman-türk çoxluğu və əhalinin cənubdakı soydaşları ilə eyni kökə sahib olması Rusiyanı belə bir tədbirə əl atmağa sövq etdi. İran coğrafiyasında və Osmanlı ərazisində yaşayan ermənilərin İrəvan, Qarabağ və Naxçıvan torpaqlarına köçürülməsi siyasətinə start verildi. 1829-cu ildə İran ərazisindən 90 min, Osmanlı torpaqlarından 40 min erməni köçürüldü və bu tarixi qaynaqlarda və o dövrdə bu işi həyata keçirən şəxslərin yazdıqlarında da təsdiq olunur. Ona qədər Cənubi Qafqazın bəzi ərazilərində ermənilər yox deyildi. Amma onların sayı o qədər az idi ki, Rusiyanın buradakı xristian əhali ilə bağlı siyasət həyata keçirmək imkanları yox idi. İrəvan xanlığının ərazilərinə erməni əhali köçürüləndən sonra buranı bir müddət “Erməni vilayəti” adlandırdılar, amma bu addan sonra imtina edildi. Çünki köçürülənlərin sayı İrəvan xanlığının ərazisində yenə azlıqda idi. Türkmənçaydan sonra da Rusiya buraya ermənilərin köçürülüb yerləşdirilməsini davam etdirdi.
 
- Bəs hayların Naxçıvana və Qarabağa köçünün qarşısı niyə alınmadı?
 
- Hayların bu ərazilərə köçürülməsinin qarşısını almaq imkanları məhdud idi. Rus hakimiyyətinə buna görə dirəniş göstərən qüvvə yox idi, onlar da istədiklərini edirdilər. Erməniləri İrəvanın, Qarabağın, Zəngəzurun, Naxçıvanın münbit torpaqlarına dağınıq şəkildə yerləşdirirdilər. Rusiya onlardan yerli əhaliyə təsir etmək, nəzarətdə saxlamaq məqsədilə istifadə etməyi hədəfləyirdi. Bir sıra məşhur tarixçilər də, elə erməni millətindən olan müəlliflər də - Acaryan, İonisyan, Qorqodyan və başqaları ermənilərin köçürülmə əhali olduğunu və onların Qafqaz xalqı olmadığını yazıblar.
 
- Əslində bu gün Ermənistanın deyil, məhz Azərbaycanın onlara qarşı ərazi iddiaları irəli sürməyə haqqı çatır. Bunu reallaşdırmağın mexanizmi necədir?
 
- Birdəfəlik bilmək lazımdır ki, ermənilər Cənubi Qafqaza gəlmə xalqdır və onların İrəvan xanlığının ərazisində 1918-ci ildə elan etdikləri dövlət təbii olaraq klassik dövlət yaradılması anlayışına ziddir. Burada Ermənistan elan olunması da tarixi ədalətsizlik idi. Ermənilərin özləri də tarixi proseslərin bu şəkildə davam etməsini gözləmirdilər və indiki Ermənistan Respublikası 1918-ci ildə süni surətdə ortaya çıxmış qurum idi. İlk illərində də bu dövlətin 9 min kvadrat kilometrlik ərazidə yaşama şansı yox idi və bəzi erməni siyasi xadimləri həmin vaxt Azərbaycan Xalq Cümhuriyyəti tərkibinə konfederativ əsaslarla daxil olmağı təklif edirdilər. Əgər 1920-ci ildə bolşevik istilası olmasaydı, 9 min kvadratkilometrlik bu ərazinin Azərbaycanın tərkibinə daxil olmaqdan başqa seçənəyi olmayacaqdı. Sovet hakimiyyəti Rusiyanın erməni siyasətini davam etdirərək burada özünə bir dayaq nöqtəsi kimi Ermənistanı himayə etdi, onun ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirərək 9 min kvadratkilometrdən 29,7 min kvadratkilometrə çatdırdı. Nəticədə Azərbaycana, bölgəyə bir təhdid ocağı yerləşdirildi. Əlbəttə bu ərazilərin bizim olduğunu bilirik, ermənilər də bunu bilir və buraya erməni əhalinin köçürülməsindən 200 il keçsə də, onlar oranı özlərinə vətən hesab etmir. İndi əhalinin 3 milyondan 1,5 milyona düşməsinin tək səbəbi də budur.
 
- 1988-də 300 minə yaxın soydaşımız tarixi torpaqlarımızdan, Ermənistan deyilən ərazidən min bir zülmlə qovulub. O torpaqlara mütləq qayıdışımızı nələr şərtləndirir?
 
- Yalnız 1988-89-cu illərdə deyil, Ermənistan dövlətinin mövcud olduğu yüz ildən çox müddətdə, hələ ondan əvvəl də buradakı Azərbaycan türkləri basqıya məruz qalıb və öz dədə-baba yurdunu tərk ediblər. İndi oradan çıxan əhali və nəsillərin sayı 5 milyona qədərdir. Bəziləri bu rəqəmə şəkk gətirir, amma nahaq yerə. İndiki Ermənistan ərazisi o dövrdə Azərbaycan Türklərinin ən sıx yaşadığı ərazi olub. Ayrı-ayrı dövrlərdə qovulan, çıxarılan əhalinin sayına, onların köç etdikləri ərazilərdə məskunlaşma xəritəsinə baxsaq bu mənzərə açıq görünər. Təkcə 1918-ci ildə Ermənistan elan olunandan sonra bu əraziləri 550 mindən çox əhali tərk edib. Sürgünlər, deportasiyalar bütün SSRİ dövründə davam edib. Bunu biz demirik, ermənilərin özləri deyir. 1988-1989-cu illərdə qovulan əhalinin sayı kimi 300 min rəqəmi səsləndirilir. Məncə, bu rəqəm də doğru deyil, daha artıqdır. Bütün bunlar haqq verir ki, bu yerlərin əsl sahibləri bizlərik və bu torpaqlarda ermənilər uzun illər yaşaya bilməzlər, bu torpaqların sahibləri var və onlar öz tarixi Vətənini unutmayıblar.
 
- Siz İrəvan Türk Cümhuriyyəti qurumunun ideoloqu və parlaman sədrisiniz. Bu istiqamətdə hansı işləri görürsünüz?
 
- 2020-ci ilin 9 mayında mənim rəhbərliyimlə bir qrup Qərbi Azərbaycandan olan ziyalıların elan etdiyi İrəvan Türk Cümhuriyyətinin də əsas hədəfi insanlarımızın bu ərazilərə geri dönüş arzusunu reallaşdırmaqdır. Başqa sözlə, burada vaxtilə mövcud olan dövlətimizi bərpa etməkdir. İrəvan xanlığı bütün atributları olan bir dövlət idi. Tarixi ədalətsizlik nəticəsində indi onun ərazisində bölgəmizə bəlalar gətirən bir faşist dövlət bərqərar olub. İTC Ermənistan adlı dövləti tanımır və mücadiləmizi də onun ortadan qaldırılmasına və əhalimizin öz Vətəninə geri dönüşünə qədər davam etdirəcəyik. Bu dövr ərzində İTC təşkilatlanıb, strukturlarını formalaşdırıb və geri dönüşün ideoloji, siyasi bazasını yaradıb. Bu ideya ətrafında beynəlxalq səviyyədə mübarizəmizi aparmaqdayıq...
 
Link kopyalandı!
Son xəbərlər