ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “Putinə və Rusiyaya onu işğaldan çəkindirmək üçün sanksiyaların tətbiq olunması artıq çox gecdir”
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç hal-hazırda davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Moderator.az-ın suallarını cavablandırıb.
- Cənab Kozlariç, Ukraynada yaşanan mövcud vəziyyətdən xəbərdarsınız. Müharibədən öncə də sizdən gərginləşən Ukrayna-Rusiya münasibətləri mövzusunda müsahibə almışdıq. İndi necə düşünürsünüz, hadisələr hansı məcrada davam edəcək?
- Müstəqil və suveren Ukrayna Putinin əli ilə işğal olunur. Putin səbəb olduğu qətliamı dayandırmaq üçün qərar verməlidir. Bunun yaxın zamanda baş verə biləcəyinə, yəni müharibənin tezliklə dayanacağına dair heç bir işarə görmürəm.
- Rusiyaya tətbiq olunan artan xətt üzrə davam edən sanksiyalar Putini Ukraynanı işğal etməkdən çəkindirə bilərmi?
- Putinə və Rusiyaya onu işğaldan çəkindirmək üçün sanksiyaların tətbiq olunması artıq çox gecdir. Düşünürəm ki, heç nə Putini işğaldan çəkindirə bilməz. İndi sanksiyalar artıq Putinə dəstək olan qüvvələri və insanları cəzalandırmaq üçün nəzərdə tutulub. Biz sanksiyaların sadəcə bunlara doğru hesablandığını görə bilərik.
- Nə üçün Ukraynanın israrlı müraciətlərinə baxmayaraq, NATO Ukraynanı üzvlüyə qəbul etmədi və NATO-nu indi Ukraynaya daxil olmaqdan çəkindirən əsas səbəb nədir?
- Əvvəlcə onu qeyd edim ki, NATO-nun qapıları ora üzv olmaq istəyən ölkələr üçün hər zaman açıqdır. Bu, 2008-ci ildə Buxarestdə keçirilən NATO Sammitində bir daha təsdiqləndi. Mənim bildiyim qədər Ukrayna rəsmi olaraq NATO-ya üzvlüklə bağlı müraciət etməyib.
- Əgər Putinin Ukrayna ilə bağlı planı baş tutarsa Amerika Rusiya ilə diplomatik münasibətləri tam olaraq kəsə bilər?
- Bu məqamda rəsmi Vaşinqtondan heç kim Rusiya ilə diplomatik münasibətləri tamam pozmaqdan danışmır. Lakin hadisələrin gedişindən asılı olaraq situatsiyalar və yanaşmalar dəyişə, heç zaman düşünmədiyimiz bir məcraya yönələ bilər.
- Ukrayna Rusiyanın hücumlarına nə qədər müqavimət göstərə bilər? Sizcə, sonda qalib və məğlub tərəflər kimlər olacaq və nə üçün?
- Ukraynanın bu ədalətsiz işğala qarşı müqaviməti müstəqillik və demokratiyanı dəstəkləyən bütün insanları ilhamlandırıb. Rusiya işğalı dayandırıb bütün hərbi qüvvələrini Ukraynadan çıxarmasa, Putin sivil dünyadan tamamilə təcrid olunmaqdan başqa heç nə qazana bilməyəcək.
Leyla Şah