Uzun Həsən yox, Həsən padşah - Şöbə müdirindən SƏRT ETİRAZ
Müsahibə
2033
03 Feb 2022 | 17:41

Uzun Həsən yox, Həsən padşah - Şöbə müdirindən SƏRT ETİRAZ

Son günlər adı açıqlanmayan bir tarixçinin öz kitabında Ağqoyunlu hökmdarı Həsən padşahla bağlı yazdıqları sosial şəbəkələrdə geniş müzakirə olunur. Yayılan məlumatlara görə, tarixçi öz əsərində bu cür qeyd edib: “Uzun Həsən deyiləndə, onun uzun olması və Ağqoyunlu tayfasının başçısı olması yada düşür”.

Bəs, dövlət qurmuş bir şəxsiyyətə bir tarixçi tərəfindən bu cür yanaşma doğrudurmu? Uzun Həsən, onun nisbəsi, titulu ilə bağlı tarixi mənbələrdə hansı faktlar var? Ümumiyyətlə, Ağqoyunlu hökmdarının bizim tariximizdə rolu necədir?

Suallarımıza tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta Əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli ilə cavab tapmağa çalışdıq. 

Tofiq Nəcəfli Publika.az-a müsahibəsində bildirib ki, Ağqoyunlu dövlətinin qurucusu Həsən padşah Azərbaycan tarixində müstəsna rola malik şəxsiyyət olub. 

- Əslində, Ağqoyunlu hökmdarı Uzun Həsən tarix kitablarında necə təqdim olunmalıdır?

- Uzun Həsən Ağqoyunlu Bayandur sülaləsinin ən görkəmli nümayəndəsidir. XV əsrin 60-cı illərində Azərbaycanda Ağqoyunlu sülalə dövlətinin yaradıcısıdır. Nəzərə alaq ki, onun dövründə Azərbaycanın beynəlxalq əlaqələri genişlənib. Avropa ilə geniş siyasi, diplomatik əlaqələrin yaradılması da məhz onun dövrünə düşür. Eyni zamanda, Uzun Həsən bu əlaqələri təmin edən bir şəxsdir. Uzun Həsən oğuz boyundandır və o, orta əsr türk hökmdarları içərisində milli kimliyini nümayiş etdirən tək-tək şəxslərdən biridir. Bu da onun adı ilə bağlıdır. Uzun Həsən həmişə türk olması, Oğuz boyuna mənsubluğu ilə fəxr edib. Rəsmi sənədlərində və məktublarında, eyni zamanda diplomatik sənədlərdə Ağqoyunlu Bayandur boyunun tamğasını vurdurub. Zərb etdirdiyi pulların üzərində bunu nümayiş etdirib. Bayrağının üzərində də bu tamğa əks olunmuşdu. Yəni, Uzun Həsən belə bir şəxsiyyət idi. Düşünürəm ki, belə bir şəxsi boyunun uzun olmasına görə bu cür adlandırmaq, “Uzun” kimi ifadə eləmək cılız görünür. Həmçinin, yersiz ifadədir. 

- Bəs onun “Uzun Həsən”, “Həsən Draz” adı ilə adlandırılması nə ilə əlaqədardır?

- Onun “Həsən Draz”, “Uzun Həsən” adı ilə tanınması məhz XV əsrin 60-cı illəri ilə bağlıdır. Həsən padşah 1567-ci ildə Cahan şah üzərindəki qələbədən sonra Osmanlı hökmdarı ikinci Mehmedə məktub göndərir. Mehmedə göndərdiyi məktubda adıçəkilən qələbə haqqında ona məlumat verir. İkinci Mehmed isə Qaraqoyunlular dövləti ilə müttəfiq idi. Onlar öz aralarında ittifaq bağlamışdılar. İkinci Mehmed Ağqoyunlu padşahına “Həsən Draz” adı ilə müraciət edir. Təəssüflər olsun ki, tariximizə də Həsən padşahın adı həmin dövrdən etibarən “Uzun Həsən”, “Həsən Draz” adı ilə düşüb. 

- Bəs Uzun Həsənin adı orta əsr qaynaqlarında daha çox necə keçir?

- Orta əsr qaynaqlarında Ağqoyunlular dövlətinin adı daha çox “Həsən padşah”, “Həsən bəy” adı ilə tanınıb. Yəni, hökmdar olana qədər “Həsən bəy Bayandurlu” deyə müraciət olunub. Bundan sonra - hökmdar olduğu dönəmdə daha çox Həsən padşah adı ilə tanınıb. Elə onun dövründə, XV əsrin 60-cı illərində Həsən padşahın tərtib etdiyi və XVI əsrin 60-cı illərinə qədər həm Səfəvilər dövlətində, həm də Osmanlı İmperiyasında istifadə olunan “Həsən padşah Qanunnaməsi” məhz onun adı ilə bağlıdır. Biz həmin dövr hökmdarlarında ondan başqa heç kimdə belə bir ənənəni görmürük. Bu da Həsən padşahın kimliyini bizə tanıtdıran nüanslardandır. Həsən padşah bizim milli kimliyimizin möhkəmlənməsində izi olan dövrün tanınmış sərkərdəsi, dövlət xadimidir. Eyni zamanda, biz onun qoyduğu ənənələrin uzun illər ərzində geniş istifadə edildiyini görürük. Bütün Şərqi Anadolunun 12-yə yaxın vilayətində “Həsən padşah Qanunnaməsi” Osmanlı və Səfəvilərdə, eləcə də Şah Təhmasib dönəmində geniş formada istifadə olunub. Ona görə də biz belə bir hökmdarla bağlı yalnız fəxr eləməliyik. O, orta əsrlər dövründə Azərbaycanın tanınmış hökmdarıdır. Həsən padşah Qurani-Kərimi türk dilinə tərcümə etdirib. Onu məclislərində türk dilində oxutdurub. Belə bir hökmdarın cılız səviyyədə təqdim edilməsi heç şübhəsiz ki, yolverilməzdir.  

- Bəs orta məktəblərdə Ağqoyunlu hökmdarı şagirdlərə necə təqdim olunmalıdır?

- Həsən padşahın tarixi kimliyi həm dərsliklərimizdə, həm də tədqiqatlarımızda öz təsdiqini tapmalıdır. Təəssüflər olsun ki, sovet dövrü araşdırmalarında və ondan sonrakı dövrün tədqiqat əsərlərində biz onu daha çox “Uzun Həsən” kimi tanıtdırmışıq. Artıq bu ənənədən çəkinmək lazımdır. Yəni, Həsən padşahın tarixi kimliyi özünə qaytarılmalıdır. 

- Bir çox tarixçilər deyirlər ki, onun qurduğu dövlət də Ağqoyunlular dövləti kimi yox, Bayandurlular dövləti kimi təqdim olunmalıdır. Siz necə düşünürsünüz?

- Belə bir şey yoxdur. Yəni, orta əsr mənbələrində elə bir şeyə rast gəlinmir. Daha doğrusu, mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyi dövründə və ərəbdilli qaynaqlarda “Bayanduriyə” adı ilə keçib. Ancaq sonrakı dövrlərdə biz onu görmürük. Nə farsdilli, nə də orta əsr türkdilli qaynaqlarında onun adı “Ağqoyunlu Həsən bəy”, “Ağqoyunlu Həsən padşah” kimi tanınıb. Buna görə də biz həmin ənənəni saxlayırıq. Doğrudur, vaxtilə universitet dərsliklərində dövləti və padşahı siz dediyiniz kimi təqdim etməyə çalışırdılar. Ona qalsa, Qaraqoyunlu dövlətinin padşahı Qara Yusif Barani sülaləsinin ən böyük hökmdarıdır. Bütün XV və XVI əsrin həm farsdilli, həm ərəbdilli, həm də Osmanlı qaynaqlarında daha çox Baranlı kimi tanınıb. İndi bizdə onu dəyişib Baharlı ediblər. Baharlı isə Qaraqoyunluların 13 tayfasından biridir. Axı, sülalə baranilərdir. Onunla bağlı Azərbaycanın həm şimalında, həm də cənubunda tarixi yer adlarımız, kəndlərimiz, şəhərlərimiz mövcuddur. Hətta Mərkəzi Asiyada da bununla bağlı yer adlarına rast gəlmək mümkündür. Qayıdaq mövzumuza, Uzun Həsənin hakimiyyəti qısa olsa da, onun hakimiyyəti dövründə etdikləri bizim üçün tarixşümul işlərdir. Bu da tarixdə kifayət qədər öz yerini tapan bir mərhələdir. Həmin dövr ədəbi dilimizin inkişafı, eyni zamanda, Azərbaycanın Avropa ölkələri ilə siyasi, iqtisadi, diplomatik əlaqələrinin inkişafı ilə bağlı mühüm dövrdür. Şübhəsiz ki, bu baxımdan Həsən padşahın tariximizdə yeri əvəzsizdir. Onun adını da özünə qaytarmaq lazımdır.

Link kopyalandı!
Son xəbərlər