Şəhriyar Musayev:  “Yaradıcı insan gördüyü işləri ilə ön planda olmalıdır” + VİDEO
Müsahibə
2876
16 Dec 2020 | 13:36

Şəhriyar Musayev: “Yaradıcı insan gördüyü işləri ilə ön planda olmalıdır” + VİDEO

Moderator.az-ın qonağı kamança ifaçısı, bir çox beynəlxalq musiqi layihələrinin müəllifi Şəhriyar Musayevdir. Onun Turan ölkələrinin sənətkarlarını bir araya toplayaraq ərsəyə gətirdiyi TÜRKCAN layihəsi isə yaradıcılığının ən gözəl nümunələrindən hesab edilir. 

-  Musiqinin dili yoxdur deyirlər. Sizcə istənilən musiqi dilindən, dinindən asılı olmayaraq hər insanın zövqünü oxşaya bilərmi?
- Əlbətdə, bu mümkündür. İfa sehri deyilən bir hiss var. Əgər onunla tamaşaçını fəth etməyi bacarmısansa demək ki, ifa gücünü dinləyiciyə ötürmüsən. 2018-ci ildə Braziliyada konsert səfərində olarkən braziliyalı dinləyici konsertdən sonra hisslərini bildirərkən demişdi ki, “Siz sanki kamança alətinizlə ifa zamanı bizimlə insan dili ilə söhbət edirsiniz”

-  28 illik tarixi qələbəmizdən sonra hansı layihələr etməyi düşünürsünüz?

- Yaradıcılığımda qələbə ruhunda musiqilərə xüsusi yer ayıracağım şühbəsizdir. Mövzuya bir az fərqli prizmadan yanaşaraq mərhum bəstəkar Ələkbər Tağıyevin “Sən Gəlməz Oldun” mahnısını instrumental ifa olaraq bütün şəhidlərimiz üçün ithaf edəcəm. Artıq klip çəkilişləri də yekunlaşıb. Məlumdur ki, bu tarixi qələbə bizə heç də asan başa gəlməyib. Bizə bu qələbəni yaşadan şəhidlərimizə şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Biz onlar üçün nə qədər layihələr hazırlasaq da azdır.

-  Bu istiqamətdə musiqiləriniz varmı?  

- Qələbə mövzusunda  instrumental solo ifam yoxdur. Amma yaxın zamanlarda yaradıcılığımda mütləq buna yer ayıracam və düşünürəm hər bir yaradıcı insanın yaradıcılığında bu səpkidə musiqilər olmalıdır. 

-  Füzuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısında 27 il sonra skripka ilə mahnı ifa edildi və bununla da dünyaya sülh mesajı verildi. Sizcə  burda milli alətlərimizlə dünyaya sülh mesajı ötürülməsi daha yaxşı olmazdımı? 

- Əlbətdə ki, niyə də yox? Məhz elə bu layihədə balaban alətimizin dünyaya mesajı yerinə düşərdi. Burada kamança, tar, ud və s. digər milli alətlərimiz də ola bilərdi. Amma mənfur qonşumuz bizə aid olan milli mətbəximizdən tutmuş, alətlərimizə kimi balaban alətini belə mənimsəyib, bütün dünyaya onlara məxsus olduğunu car çəkirlər. Bu istiqamətdə dayanmadan xidmətlər göstərirlər. Ona görə də bu tip mesajlarda məhz balaban alətimizin ön planda olmasını çox istərdim.

 - TÜRKCAN layihəsində Turan ölkələrinin ifaçılarını, musiqiçilərini bir araya gətirmək çətin olmadımı? Sizcə belə layihələr nə kimi əhəmiyyət kəsb edir? 

- Çalışdığım hər bir layihəyə  sevgi  ilə yanaşıram. Orda yaranan çətinliklər artıq mənim gözümdə olmur. Bəli, kordinasiya işləri çox məsuliyyətli və çox da çətin bir işdir. Bizim bu lahiyələrimizin önündə Azərbaycan milli musiqisinə xidmət dayanır. Və bu kimi layihələrin əhəmiyyəti məhz Azərbaycan milli musiqisi ilə yanaşı, milli alətlərimizin, musiqimizin necə əzəmətli bir musiqi olmasını, instrumental ifaçılarımızın, müğənnilərimizin istedadlarını və bütün Turan ölkələrinin iştirakçılarını dünyaya öz birliyimiz ilə musiqilərimizdə nümayiş etdirməkdir. Belə  layihələr həm gələcək nəsilə örnək, eyni zamanda tariximizə xidmət edən musiqi nümunəsidir.  

- Adətən musiqi aləti ilə məşhur olmaq bir qədər çətindir. Belə ki, hər zaman ifaçılar öndə olur və belə olduqda onlar daha çox tanınırlar. Bu sizi daha da ruhdan salmır ki? 

- Qətiyyən ruhdan salmır. Hər bir ifaçının özünəməxsus bir uğuru var. Öndə olub, tanınmaq da onların uğurudur. Təbii ki, biz də ifaçıyıq, amma instrumental ifaçı. Arxa planda olmağımızı uğursuzluq kimi qiymətləndirmirəm. Mənə görə ön planda olmaq kimi hisslər yaddır. Yaradıcı insan gördüyü işləri ilə ön planda olmalıdır və bu işlərin uğuru ona həm motivasiya verəcək, həm də önə aparacaq.

 Xəyalə Məmmədova
Link kopyalandı!
Son xəbərlər