“Səfirlikdən Heydər Əliyevə ismarıç gəldi ki,  ABŞ qanuni Prezident Elçibəyi dəstəkləməkdə davam edir...”
Müsahibə
9023
20 Jun 2020 | 18:59

“Səfirlikdən Heydər Əliyevə ismarıç gəldi ki,  ABŞ qanuni Prezident Elçibəyi dəstəkləməkdə davam edir...”

Ötən il tanınmış Amerika araşdırmaçı jurnalistinin Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün  maraqlı olar.

"...Bir gecə Bakıya qayıdışından az sonra Heydər Əliyev ABŞ-ın Azərbaycandakı səfirliyinin  nümayəndəsini görmək istədi ki,  rəsmi Vaşinqtonun gündən-günə vüsət alan qiyam barədə nə fikirdə olduğunu öyrənsin. Onun xahişi səfirliyi çətin vəziyyətdə qoydu. Heydər  Əliyev şübhəsiz siyasi şəxsiyyət idi, lakin o, əslində dövlət başçısı deyildi – ağlım kəsmir ki, onun Amerika səfirini çağırmağa səlahiyyəti çatırdı. Belə olan tərzdə səfirlik  bu cür rəsmi bir qərara gəldi: nə səfir Dik Maylz( iş elə gətirmişdi ki, o Bakıda deyildi;  nə də səfirliyin səlahiyyətli nümayəndəsi göndəriləcək... Dəqiq desək, səfirlik Heydər Əliyevə birinci katib Filip Remlerin vasitəsilə ismarıç  yolladı. Bu, onu açmadı... 

“O, məni görməyindən əsla məmnun olmadı”- Filip dedi –Hətta mənə Robert Finin( tanınmış ABŞ diplomatı,  Əfqanıstandakı keçmiş səfir – S.L.)  lakeyi nəzəri ilə baxdı... Lakin Heydər Əliyev Filippin çatdırdığı ismarıçı heç bəyənmədi...


(Bəs ABŞ səfirliyinin ismarıçı nədən ibarət idi?..)

O, bundan ibarət idi ki, ABŞ hökuməti demokratik plüralizmin müddəalarını, ümumbəşəri insan hüquqlarını və müstəqil Azərbaycan Respublikasının azad bazar iqtisadiyyatına əsaslanan iqtisadi sistemə keçidini və həmçinin,  ölkənin qanuni seçilmiş Prezidentini – Əbülfəz Elçibəyi dəstəkləməkdə davam edir. 

Onu aşağılayan etinasız münasibətə rəğmən Heydər Əliyev deyilənlərin hər bir kəlməsi ilə razı olduğunu bildirdi: 

“Hökumətinizə deyin ki, mən də qanunvericiliyin hüquq konsepsiyalarını, demokratik plüralizmi,  beynəlxalq insan hüquqlarını -  sonra nə- hə, azad bazar iqtisadiyyatına əsaslanan iqtisadi sistemə keçidi dəstəkləyirəm. Demokratik qanunçuluğu da dəstəkləyirəm...”

Danışığında istədiyi həmahəngliyi yaradaraq o, Filippə qapını o üzdən bağlamağı əmr etdi.

“O, sözləri bir-birinin ardınca düzməkdə bir qədər çətinlik çəksə də, son nəticədə vəziyyətdən çıxmaqda çox çevik oldu”- son dərəcə üzgün Filip belə dedi.

Bəs o, nə demək istəyirdi? Əgər Əliyev doğrudan da Rusiyanın adamı idisə(və çoxları belə düşünürdü), onda nə üçün o, sadəcə olaraq Moskvaya zəng etmir ki, xüsusi təyinat dəstəsinin sifarişlə adam öldürən məxfi qatillər qrupunu Elçibəyi öldürməyə göndərsinlər və özü də başda olmaqla diktatura qursunlar? Heç kim(hətta amerikalılar da) belə etdiyinə görə onun haqqında pis fikirləşməyəcəkdi. Əslində adamlar onun məhz bunu etməyini gözləyirdi. Lakin o, bunu etmədi. Heydər Əliyev Tomas Cefersonun siyasi doktrinasını üstün tutdu. Burda nə isə bir uyğunsuzluq vardı...

Heydər Əliyevlə çox şey bir-birinə uyğun gəlmirdi: birincisi, onun ictimai və şəxsi siması arasındakı ziddiyyətlər; sonra onun ruslar, türklər, iranlılar və amerikalılar arasında tarazlıq yaratmaqla yanaşı, gələcəkdən istifadə edərək keçmişi yenidən qaytarmaq cəhdləri və bunun əksi... Lakin Elçibəyin çılğın tərəfdarları hamını Heydər Əliyevin neo-kommunist planın başında durduğuna və onun qayıdışının Mütəllibovla əlaqələndirilən keçmiş kommunistlər arasında az qala bayrama çevrilməsinə inandıracaqlarına ümidlərini itirməmişdilər...

Əvvəlcə yavaş-yavaş, sonra isə sürətlə Heydər Əliyev korrupsiyaya uğramış fabrik-zavod direktorlarına, qorxaq komandirlərə və onun yolunun üstündə duran başqa tör-töküntülərə qarşı açıq ictimai kampaniyaya başladı. Ehtiyatda yalnız ona bütünlüklə, müti qul kimi tərəfdar olanlar qaldı...

...Bir gecə “Burbon” şərabının şüşəsi boşalmağa yaxın Vəfa Quluzadə izah etdi ki, Heydər Əliyevin problemi və dahiliyi özünün dövlətlə eyni bir şey olduğuna inanmasıdır. Onun üçün yaxşı olan hər nə vardısa, birmənalı olaraq bu formuldan irəli gəlirdi: Azərbaycan-Dövlət – mən!

Amma Vəfa özü də tezliklə bu işlərə cəlb olundu. Görüşlərin birində Respublika Prezidentinin( müvəqqəti olaraq Prezidenti əvəz edənin)  Xarici İşlər üzrə baş müşaviri kimi Prezident ilə amerikalılar arasında oturmuş Vəfa Quluzadədən Heydər Əliyev soruşdu ki, nə üçün onunla yanaşı yox, masanın qarşı tərəfində - amerikalılarla birgə əyləşib...

“Siz bu kişini görürsünüz?” –deyə Heydər Əliyev iş başında öz fenomenal yaddaşını nümayiş etdirərək Vəfaya işarə edib dedi: “Mən onu ilk dəfə 1968-ci ildə, iyul ayının 27-də Qromıkonun( keçmiş SSRİ Xarici İşlər Naziri-S.L.) görüşü zamanı Qahirədə, Sovet səfirliyində görmüşdüm! Bu, günortadan sonra idi – saat 3: 43...”

Vəfa yalandan şahidlik etdiyi həmin saatdan özünü ertbarlı məlumat mənbəyi kimi nüfuzdan saldı. Biz yaxşı dost idik, dost olmaqda da qalırıq(Kitabın siqnal nüsxəsi hazır olanda Vəfa  Quluzadə hələ həyatda olub-S.L.). Lakin mən tamamilə əminəm ki, Vəfanın mənimlə və başqa köhnə dostlarla bölüşdüyü məlumatların böyük bir hissəsi nəinki həmsöhbətlərini, eyni zamanda özünü də çaşdırmaq və təəccübləndirmək məqsədilə düşünülmüş cəfəngiyyat idi... 

Bir gün o mənə dedi ki, Əliyev Moskvanın adamıdır və Azərbaycana onun müstəqilliyini içəridən dağıtmaq üçün göndərilib. Ertəsi gün isə o Heydər Əliyevin ölkəni xilas etmək kimi tarixi missiyasına şəksiz inanırdı. Üçüncü gün hakimiyyəti əlinə keçirmiş “dəli”dən yaxa qurtarmaq üçün siyasi sığınacaq axtarmağından söz açırdı...

Onun Surət Hüseynov haqqında düşündükləri də eyni dərəcədə ziddiyyətli idi. Surət müxtəlif zamanlarda müxtəlif idi; o gah Mütəllibovu yenidən vəzifəsinə bərpa etməli olan “QRU” generalı(yaxud polkovniki), ya da Heydər Əliyevə sadiqliyi şübhə altında olanların sədaqətini yoxlamaq üçün xüsusi tapşırıqlar yerinə yetirən agent olurdu...

Vəfa Quluzadənin konspirasiya məqsədilə danışdığı əhvalatların bəziləri inanılmaz dərəcədə dolaşıq idi. Bu əhvalatlardan mənim ən çox xoşuma gələnlərdən biri o idi ki, Heydər Əliyev  çoxdan, lap çoxdan, 1950, yaxud 1960-cı illərdən  Süleyman Dəmirəli DTK agenti olmağa cəlb edə bilmişdi və indiyə qədər də yaxşı gələcək naminə DTK-nın rəhbərliyi altında SSRİ-nin bərpası üçün  onunla əməkdaşlıq edir...

Heydər Əliyevə qəfil sədaqət nümayiş etdirən tək Vəfa deyildi. Barələrində uzun müddət “sərbəst” deyərək düşündüyüm insanların çoxu – akademiklər, müxbirlər və hətta Prezident Aparatında vəzifə tutmağın nə olduğunu dadmış lakeylərin də həmişə gizli Əliyevçilər olduğu bilindi...

Onlar ikiüzlü idilər? Əsla, yox; sadəcə olaraq sağ qalmaq üçün sözlə izahı mümkün olmayan altıncı sovet hissiyyatına malik idilər və öz qayğılarına qalırdılar... 

Heydər Əliyev fenomeninin ən yaxşı izahını isə bir dəfə  parlament binasının qarşısında rastlaşdığım Xalq Cəbhəsinin köhnə qızğın tərəfdarı verdi. 

“Yaxşı, Heydər Əliyev haqqında bu günə qədər nə fikirdəsiniz?” sualımdan sonra cəbhəçi bir qədər düşündü, sonra isə rusca bilib-bilməməyimlə maraqlandı.

“Paydyot”- deyə rusca cavab verdim- Nəyə görə soruşursan ki?”

“Rusların yaxşı bir deyimləri var”- dedi,- burda lap yerinə düşür. Çalışıram ki, onu Azərbaycan dilinə çevirim, lakin ekvivalent tapa bilmirəm”.

“Yaxşı, rusca de”- deyə razılaşdım. 

“Protiv loma net priyoma”- dedi- Başa düşdün?”

“Nəyə qarşı nə yoxdur?”- mən çaşıb qaldım. 

Cəbhəçi yenidən məni başa salmağa cəhd etdi, lakin müvəffəq olmadı...

(Bundan sonra müəllif izah edir ki, xeyli vaxt öz linqvistindən, lüğətlərdən  və s. “lom” sözünün düzgün tərcüməsini tapa bilməyib. Nəhayət, rus dilinin böyük izahlı lüğətindən bunun qədim kənd təsərrüfatı aləti olduğunu və təxminən ling kimi tərcümə olunduğunu öyrənib. Yəni “lingə qarşı müdafiə üsulu yoxdur”)

Protiv loma net priyoma... 

Bu, əlbəttə ki, originalda daha gözəl səslənir, lakin ingilis dilində də gözəl məna kəsb edir..."

(Davamı var)

Təqdim etdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər