Müsahibə
3374
14 Apr 2020 | 14:03

"Allah qorxusu ilə bunun arasında nəsə bir oxşarlıq var..."

Dünyada və ölkəmizdə koronavirus pandemiyası, həm də bu pandemiyaya görə tətbiq edilən xüsusi karantin rejimi davam edir. 

Koronavirus, pandemiya, karantin - yazıçı Saday Budaqlı ilə söhbətimizin mövzusu da elə budur.

- Pandemiyanın evdən çıxmağa qoymadığı yazıçıdan ötrü karantin yazmaq fürsətidir, yoxsa gələcəkdə yazılacaq əsərin mövzusu?

- Adam gərək əvvəlcə düşdüyü vəziyyəti özü üçün aydınlaşdırsın. Ancaq nə baş verdiyini mən hələ başa düşəmmirəm. Yerə-göyə meydan oxuyan insanı bir günün içində itaətkar bəndəyə döndəriblər. Əvvəl ölkələrin, sonra evlərin qapısı bağlandı. Bu da çox təbii qarşılandı. Belə görünür ki, insanın yemək-içməyini versən, o daha heç nə tələb etməz, ölənə qədər damından çıxmayıb sakitcə oturar. Hər şey sanki eyni ssenariylə baş verir: hamı hazır vəziyyətdə dayanıb dirijorun işarəsini gözləyirmiş. Bizim o yaşımız deyil ki, qar yağıb yol bağlananda dərs olmayacağına sevinək. Biz hələ yazıçı yox – tamaşaçıyıq, hələ koronavirus öz əsərini yazır. Qoy yazsın, görək ortaya nə çıxarır... 

- Yazıçı duyumunuz nə deyir, bu bəla bioloji silahın fəsadıdır, yoxsa yox?

- Bioloji yox, daha çox psixoloji silahdır. Böyük oyunun kiçik məşqi – ilk ağlıma gələn bu olub. İrəlidə bizi daha böyük, daha dəhşətli “oyunlar” gözləyə bilər. Mən insanı bu qədər zəif bilməzdim. Daha doğrusu, insanın bu qədər zəif olduğuna inanmıram. Amerika prezidenti bu basabasda Ayın, ya hansısa planetlərin resurslarından istifadə etmək haqqında qərar verir. Bunlar göylə əlləşir, amma bir xəstəlik dünyanın düzənini bircə anın içində pozur, hər şeyi alt-üst eləyir. Bu necə olur? Buna inana bilirsiniz? 

- Bəzən qanunlara tabe olmaq da insana əzab verir, xüsusilə yaradıcı insana. Evdə oturmaqdan çox bezmisinizmi?

- “Təklik tənhalıq deyil, səni gözləyən varsa...” (Əli Kərim). Mən heç vaxt təklikdən bezməmişəm. Bir yana qalsa, biz onsuz da təkik. Oturub işimi görürəm, yazı-pozumu eləyirəm, kitab oxuyuram. Təbii ki, belə davam eləməz, hər şey öz axarına qayıdar. 

- Saday Budaqlıdamı bu pandemiyanı qiyamət əlaməti sanır?

- Məni qorxudan başqa şeydir. Demə, dünyanı, insanı (insanları) idarə eləmək çox asanmış. İnsan qorxaq deyil. Lazım gəlsə, ölümün üstünə gedər. Ancaq bilmədiyi nəyinsə qorxusu, xofu onu itaətkar bir məxluqa çevirirmiş. Allah qorxusu ilə bunun arasında nəsə bir oxşarlıq var... 

- Şər Xeyirə qalib gələcək, yoxsa Xeyir Şərə? Ümumiyyətlə, gələn bəlanı Şərin hücumu adlandırmaq olarmı?

- Şər də, Xeyir də bizdəndi. Bizi qorxutmaq istəyirlər, hər gün üstümüzə neqativ informasiyalar axıdırlar: dağıldı, batdı, qırıldı... Özümü hərdən ruhi xəstəxananın pasienti kimi hiss edirəm. Dədə-babadan pis şeyi imkan olduğu qədər gizlədərdilər, pis xəbəri çalışıb yumşaq deyərdilər. Bunlar yox, başını qaldırmağa imkan vermirlər, bütün günü üstünə çirkab axıdırlar. Məsləhətim budur ki, elə xəbərləri oxumasınlar, onlara baş qoşmasınlar. Onsuz da problemlər çox olacaq. Pozitiv enerji almağa çalışın.

- Hamı əl açıb dua edir, yalvarır, dua edirsinizmi?

- Əllərini göyə qaldırıb yağış diləyən Misir xalqı yadıma düşdü... Bir-birimizə xoş söz desək, xoş üz göstərsək kifayətdir. 

- Bu qadağalı günlərdə kimlərdən ötrü darıxırsınız?

- Təbii ki, dostlar üçün. Öz pisliyi, yaxşılığı ilə vərdiş etdiyimiz həyat var. Hamı öz həyatına dönsün. Bu günlərdən nəticə çıxarıb yaxşı olaq. Ancaq ağlım kəsmir. Pis şey tez unudulur. Yenə əvvəlki adam olacağıq.

Söhbətləşdi: Oqtay Qorçu
Link kopyalandı!
Son xəbərlər