Moderator. az millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmanının əsas məqamlarına və həmin fərman veriləndən sonra ortaya çıxan suallara, mülahizələrə, eləcə də problemli kreditlər məsələdinin köklü surətdə çözülmasinə nail olmaqdan ötrü zəruri olan əlavə tədbirə həsr olunmuş müsahibəsini oxuculara təqdim edir.
- Əli müəllim, mətbuatdan məlum olduğu kimi, Siz problemli kreditlərlə bağlı “Təkliflər Paketi” hazırlayıb bir neçə il bundan öncə hökumətə, ötən il isə Prezidentə təqdim edən və bu ciddi məsələni davamlı olaraq Milli Məclisdə, eləcə də mətbuatda qaldıran, bir sözlə problemin çözülmasinə daha çox səy göstərən iki deputatdan biri olduğunuzdan, yəqin ki, ən çox siz sevinirsiz...Bu konteksdə Prezidentin problemli kreditlərlə bağlı fərmanını obyektiv dəyərləndilməsini necə görürsüz?
- Prezidentin problemli kreditlərlə bağlı fərmanı banka 10 min dollara qədər borcu olan şəxslərin devalvasiyadan sonra yaşadığı problemlərin ədalətli şəkildə həllini özündə əks etdirən və gerçəkdən ölkədə böyük rezonansa səbəb olmuş çox əhəmiyyətli bir sosial layihədir. Problemli kreditlərin bütün ağırlığı əhalinin üzərində idi. Ona görə də əhalinin güzəranının yaxşılaşdırılması qarşısında çox ciddi maneəyə çevrilmişdi. Dövlət bu fərmanla problemli kreditlərin əsas ağırlığını çox geniş miqyaslarda öz üzərinə götürməklə əhaliyə devalvasiyadan dəyən ziyanı özü ödəyəcək. Fərmanın ədalətli cəhətlərindən biri də budur ki, öz borclarını səliqə-sahmanla ödəyib, bağlayan şəxslər də itkiyə məruz qalmayacaq və devalvasiya nəticəsində əmələ gələn məzənnə fərqindən doğan artıq ödəmələr həmin şəxslərə qaytarılacaq. Bu baxımdan fərmanın önəmli cəhətlərindən biri odur ki, problemli kreditlərlə bağlı cəmiyyətdə gedən diskussiyalar zamanı irəli sürülən çoxsaylı təkliflərdən və beynəlxalq praktikanın ən yaxşı nümunələrindən yaradıcılıqla, çox əhatəli şəkildə istifadə edilməklə yanaşı, həm də bir sıra məqamlarına görə, həmin təkliflərdən də irəli gedilərək, xüsusən də devalvasiya nəticəsində manatın dollara nisbətdə 0,78 manatdan 1,70 manata qədər məzənnə fərqinin maliyyə yükünün 92 qəpiyindən 85 qəpiyini, yəni 92 faizinin,dövlətin öz üzərinə götürməsi ilə, əhaliyə və banklara daha artıq güzəştlər nəzərdə tutulur.
Bəli, çoxdan gözlənilən bu qərara görə və həm də bu dərəcədə sosal ədalətə əsaslandığından, yetərincə pozitiv olduğuna görə təbii ki, deputat həmkarım Vahid Əhmədovla birlikdə biz daha çox sevinirik və elə bu fərman çıxan günü isti-isti televiziya çıxışlarımızda dövlət başçısına təşəkkürümüzü ifadə etmişik.
Problemlli kreditlər əhalinin güzəranını pisləşdirən ciddi amillərdən biri olduğundan, bu fərmanın reallaşdırılması yüz minlərlə ailənin büdcəsinə müsbət təsir edəcək. Bu fərman say baxımından banka borcu olan şəxslərin 90 faizindən çoxunu sarsıdıcı bir maliyyə sıxıntısından azad edir. Banka borcu olanlardan əlavə kredit alanlara zəmanət verən 1 milyona yaxın adam da borc tələsin düşərək əziyyət çəkir. Onların da xeyli hissəsi bu bu fərmana aid vətəndaşlara zamin duran insanlardır. Bu baxımdan sözügedən fərmanın əsas əhəmiyyəti ondan ibarətdir ki, dövlət 2015-ci ilin iki şok devalvasiyası nəticəsində yaranan məzənnə fərqini öz üzərinə götürməklə,100 minlərlə insanı banka olan əlavə borc yükündən azad edir, Borca görə yaranan dəbbə pulları-peniya və cərimələr silinir.Əsas borcun qaytarılması işini isə ildə 26- 28 və daha yüksək faizlə götürülən kreditlərin yeni müqavilə əsasında ildə 1 faizli kredit hesabına ödənilməsini əmin etməklə vətəndaşların işini asanlaşdırır və beləliklə borclunu gələcək risklərdən də qoruyur. Ona görə də çoxdan gözlənilən bu qərar həm əhalinin böyük bir kəsimi, həm banklar, həm də dövlət üçün faydalıdır.
- Bəs beynəlxalq praktikada problemli kreditlər məsələsinin həllində daha çox hansı üsüllardan istifadə olunur?
- Beynəlxalq praktikada da problemli kreditlər məsələsinin həlli daha çox dövlətin aktiv roluna əsaslanır. Amma dövlət bu məsələdə öz fəaliyyətini daha çox bankların likvidliyinin qorunub saxlanılmasınina yönəldir. Problemli kreditlərin idarə olunması üçün xüsusi qurumlar yaradılır, bu sahədə ixtisaslaşmış qurumlar da cəlb edilir və açıq satışlar da daxil olmaqla problemli kreditlər balans dəyərinin 40 faizinindən 100 faizi intervalında olan qiymətlərlə satın alınır.Restrukturizasiya variantından geniş istifadə olunur. Lazım gələndə borcalanın müflisləşməsi mexanizmi də tətbiq edilir. Bununla belə onu da qeyd etmək lazlmdır ki,son illərin devalvasiyaları zamanı yaranan problemli kreditlərin kompleks həllinə yönəlik sistemli tədbirləri özündə əks etdirən sənədlərə rast gəlmək çətindir. Məlumatlar daha çox ipoteka kreditlərinə görə güzəştlərin edilməsi və məhdud dairədə borcların silinməsi, bir də prezident seçkiləri ilə bağlı verilən vədlərə uyğun olaraq Gürcüstanda əhalinin problemli kreditlərinin silinməsinin maliyyə yükünün ağırlığını iri kapital təmsilçilərinin öz üzərinə götürməsi variantı daha qabarıq görünür.
- Fərman verilsə də, onun ətrafında müzakirələr davam edir, ekspertlər fərqli şərhlər verirlər və bir sıra aktual suallar da yaranaıb. Bununla bağlı sizə daha çox fərmanın hansı məqamları ilə bağlı suallar verilir?
- Çox vacib sualdır. Fərman çıxandan sonra daha çox verilən sual budur ki, Prezidentin problemli kreditlərlə bağlı fərmanı manatla olan kreditlərə də şamil edilirmi? Bəli, sözügedən fərman 10 min dollar kreditin manatla olan ekvivalentinə, yəni 17 min AZN-ə də şamil edilir.Amma milli valyutada olan kredditin devalvasiya xərcləri olmadığından, məntiqi surətdə fərmanın restrukturizasiyaya həsr olunmuş 2-ci hissəsi,yəni bir il möhlət verilməklə 5 il müddətinə güzəştli şərtlərlə illik 1 faizə kredit verilməsi, eləcə də dəbbə pullarının (cərimə,peniya) silinməsi nəzərdə tutulur.
İkinci daha çox verilən sual bu fərmanın 10 min dollardan artıq olan kreditlərə də şamil-edilib-edilməməsi ilə bağlıdır. 28 fevralda verilən fərmanda 10 min dollardan artıq olan kreditlərə kompensasiya verilmsi nəzərdə tutulmur.Amma islahatlar davam edir, fərmanda göstəriləndən artıq kreditlərə,xüsusən də devalvasiya nəticəsində ağır duruma düşən kiçik və orta sahibkarlara da kömək etmək məqsədəuyğun olardı.
Üçüncü, insanlar ehtiyac üzündən bir neçə bankdan kredit götürüblər. Elə adamlar var ki,birinci krediti bağlamaq üçün digər banklardan da kredit alıb.Beləliklə bir neçə banka borcu yaranıb.Bu halda da fərman yalnz bütün borcların cəmi olaraq 10 min dollar kreditə və onun manatla olan ekvivalentinə, yəni 17 min AZN-ə də şamil edilir. Vətəndaşa verilən kompensasiya isə 5 min dollar,yəni indiki məzənnə ilə 8500 manat olacaq.Vətəndaşın borcu artıq bağlanıbsa,həmin pul vətəndaşın hesabına köçürülməklə ,ona veriləcək, borcu qalıbsa, həmin pul borcun əsas hissəsnin bağlanması üçün banka,artıq qalan məbləğ yaransa,onda həmin artıq hissə vətəndaşa veriləcək.
Dördüncü qəbildən olan suallar isə fərmanın icrası ilə bağlıdır. Bu məsələ Fərmanda öz əksini tapıb: Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə 1 ay müddətində,yəni martın sonlarından geç olmayaraq, restrukturizasiya olunmalı,yəni əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi məqsədi ilə kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edəcək. Eyni zamanda martın sonlarına qədər məhkəmədə olan işlərin geri çağrılması tamamlanmalıdır.10 min dollara(17 min manata) qədər borcu olanların xarici ölkələrə çıxışını məhdudlaşdıran qadağaların da götürülməsi gözlənilir. Hər bir vətəndaşa veriləcək kompensasiyanın məbləği 45 gün müddətində, yəni aprelin ortalarınadək məlum olacaq. Vətəndaşlara kompensasiyalar isə 3 ay müddətinə, yəni bu ilin may ayının 28-dək ödəniləcək. May ayının 28-i isə Azərbaycan tarixinin çox möhtəşəm bir tarixi gününə- Demokratık Cümhuriyyətimizin yaranmasının 101-ci ildönümünə düşür.
- Bayaq qeyd etdiyimiz kimi, problemli kreditlərlə bağlı fərman ətrafında xeyli əlavə fikir və rəylər yaranıb.Bu baxımdan problemli kreditlər məsələsinin köklü surətdı həll etməkdən ötrü daha nələr edilməlidir?
- Sualınıza ümumiyyətlə yanaşdıqda, Azərbaycanda problemli kreditlər məsələsinin etibarlı şəkildə həll etməkdən ötrü, hər şeydən əvvəl bank sistemində əsaslı islahatlara gedib bir sıra banklar üçün xarakterik olan bank soyğunçuluğunu aradan qaldırmaq lazımdır.
Suala Prezidentin problemli kreditlərlə bağlı fərmanı kontekstindən yanaşdıqda isə öncə onu demək lazımdır ki, Prezidentin problemli kreditlərlə bağlı fərmanı mahiyyət etibarı ilə xalqın və bankların xeyrinə olan cox zəruri və ciddi sənəddir. Bu fərman problemli kreditlər məsələsinin ədalətli həllinə hüquqi yol açdı. Bundan sonra qarşıda müvafiq hüquqi-normativ aktlar və təşkilatı tədbirlər kompleksi vasitəsilə həmin fərmanın reallaşdırma mexanizminin hazırlanması, daha sonra isə 3 ay ərzində onun layiqincə gerçəkləşdirilməsi məsələsi gəlir.
Əvvəla, bizə verilən sullardan hiss edirik ki,fərmanın yazılış dili ağır olduğundan, əhalinin bu fərmanı sonacan razılılıqla qarşılamasından ötrü, onun əsas məğzini və müddəalarını xalqa sadə dildə izah etmək lazımdır ki, həmin sənəd banka kredit borcu olan insanlara necə təsir edəcək və nə dərəcədə kömək edəcək.
İkincisi, yəqin ki, Maliyyə Nazirliyində başlanıldığı kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və digər aidiyyatı qurumaların da internet portalında xüsusi bölmə yaradılacaq və həm əhalinin qaldırdığı suallara aydın cavablar veriləcək. Bu zaman həm də əhalinin müraciətləri sistemləşdirilməli və aktual məqamlar fərmanın reallaşdırılma mexanizmi hazırlanarkən bu sənədin imkan verdiyi parametrlər dairəsində nəzərə alınmalıdır. Fərmanın nəzərdə tutulan səviyyədə həyata keçirilməsi, əhalinin borc bataqlığından çıxarılmasında ağırlıq mərkəzinin vətəndaşların üzərindən götürülməklə dövlətin,bankların və əhalinin birgə səylərinin effektiv kombinasiyasını tələb edir. Fərmanın reallaşdırma mexanizmi və bilavasitə gerçəkləşdirilməsi ondan süni bəhrə götürmək cəhdlərindən, idarə maraqlarından kənar olmaqla dolğun şəkildə,maksimum səmərəli,insanları razı salan tərzdə həyata keçirilməli,siyahılar düzgün hazırlanmalı və əhaliyə kompensasiya verilməsi işi nəzərdə tutulan müddətdə tamamalanmalıdır ki, Prezidentin bu məsələyə növbəti dəfə müdaxilə etməsinə ehtiyac yaranmasın.
Üçüncüsü, bu fərman 800 mindən artıq insanı əhatə edir.Əgər nəzərə alsaq ki,Azərbaycanda orta statistik ailə 5 nəfərə yaxındır,onda bu fərmanın gerçəkləşməsi ailə büdcəsinə müsbət təsir etməklə, borcalanla yanaşı, ailənin digər üzvlərinə də pozitiv təsir edəcək.Bununla belə Fərmanda təbii surətdə yazılır ki, kompensasiya borcalana ödənilir. Ancaq elə borcalanlar var, bank qarşındakı öhdəliyini vaxtlı-vaxtında yerinə yetirməyə maddi imkanı tükəndiyindən, banklar təkcə onun yox, eyni zamanda həm də ona zamin duran şəxsin də əmək haqqı kartına əl qoyub və beləliklə həmin adamın borcunun çox hisəsini ona zamin duran şəxs ödəyib. Sosial ədalət prinsipi əsasında hazırlanan fərmanın reallaşdırılması zamanı belə bir ciddi məsələ açıq qalıb, ədalətsizlik yaratamasın deyə, belə hallara zaminlik müqaviləsi və digər işlək mexanizm yaratmaq əsasında baxılıb həll edilməsini zəruri hesab edirik.
Dördüncüsü, hazırda problemli kreditlər 1,6 milyard manata yaxın olub, kredit portfelinin 12 faizini təşkil edir. Əvvəla bu sahədəki statistika dəqiqləşdirilməlidir. 28 fevral tarixli fəramanın reallaşdırılması 1, 6 milyard manata yaxın problemli kreditlərlərin hamısının yox, onun xeyli hissəsinin problemini həll etmiş olacaq. Ötən ilin sentyabrında Konstitusiya Məhkəməsi real vəziyyəti təhrif edən qərar verdi ki, devalvasiya - şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsi deyil, buna görə də banklar güzəştə getməli deyil. Həmin qərar da nəzərə alınaraq 28 fevral fərmanı ilə dövlət konüllü olaraq məzənnə fərqini üzərinə götürdü. Amma görünən odur ki,bir sıra banklar yenə də məişət texnikası,insanların ölkə daxildində müalicəsi və sair məqsədlərlə aldığı kreditlərə, forması bir qədər dəyişdirilmiş variantlarda yenə də dollar ifadəsini də əlavə etməklə verirlər. Ona görə də elə bir mexanixm yaratmaq lazımdər ki,28 fevral tarixli fərmanın reallşadırılması, həm 10 min dollara qədər olan kreditlər problemini həll etsin,həm də vətəndaşları “manat/ dollar məzənnə oyunu”nun gələcək risklərindən qoruya bilsin. Bundan ötrü Konstitusiya Məhkəməsinin problemli kreditlər məsələsində real vəziyyəti təhrif edib, sırf maliyyə oliqarxiyasının xeyrinə çıxardığı qərarları da islah etmək lazmdır ki, kredit məsələsində vətəndaşlardan əlavə banklar da adekvat məsuliyyət daşımış olsunlar.Çünki problemli kreditlərin xeyli hissəsini banklar özləri yaratsa da və Konstitusiya Məhkəməsinin məlum qərarı risklərin bölüşdürülməsində kommersiya banklarını məsuliyyətdən kənarda saxlayır. Çətin olsa da, mümkün olmayan şey yoxdur prinsipindn çıxış edib, həmin qərara yenidən baxılmasının hüquqi mexanizmin tapılması məqsədəuyğun olar.Yeri gəlmişkən, otən ilin sentyabında problemli kreditlər məsələsinə dair Konstitusiya Məhkəməsinin çıxardığı qərara KM-in hakimi İsa Nəcəfovun dövlətçilik və kredit məngənəsində sıxılan xalqın yanında olan mövqeyi bu məsələyə xeyli aydınlıq gətirir: “Xüsusi rəydə bildirilib ki, Konstitusiyanın 16-cı və 149-cu maddəsinə əsasən, vətəndaşın devalvasiyadan sonra bankdan müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsini tələb etmək hüququ var. Bank bu müraciətə məhəl qoymadıqda, vətəndaş məhkəməyə müraciət edərək müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsini tələb edə bilər. Mülki Məcəlləinin 422-ci maddəsində nəzərdə tutulub ki, şəraitin əhəmiyyətli dəyişilməsi nəticəsində tərəflər bağlanmış müqavilənin şərtlərini dəyişdirə, yaxud ləğv edə bilərlər.
28 fevral fərmanı problemli kreditlərin həlli yolunda çox ciddi və zəruri addımdır.Amma bu fərman yalnız 10 min dollar(17 min manata) qədər olan kredit borclarından artıq olan borclara şamil edilmir. Hüquqi şəxslərin,biznes strukturlarının probelmi kreditlərinin həlli zamanı fərqli yanaşma tələb olunacaq. Amma Konstitisiya Məhkəməsinin çıxardığı qərar ədalətli qərarlar verməyə mane ola bilər.Ona görə də bu fakt da sözügedən məsələyə yenidən baxılmasını zəruri edir.
Bununla bağlı digər vacib məqam da var: sözügedən fərman 10 min dollar və 17 min manata qədər olan borclarla bağlı məsələni həll etsə də, daha iri digər borclar yenə də sahibkarların və vətəndaşların üzərində qalmaqda davam edir. Ona görə də ümumiyyətlə problemli kreditlər məsələsinin köklü həllinin mükəmməl bir normativ-hüquqi bazasının yaradılmasına ehtiyac var. Bu baxımdan “Problemli kreditlərlərin restrukturizasiyası” haqında qanunun hazırlanıb qəbul edilməsinin vacib hesab edirik. Bundan əlavə Mülki Məcəllədə və digər qanunlarda kreditlərlə bağlı hissəslər Azərbaycan Konstitusiyasının milli valyuta ilə bağlı mövqeyini birmənalı ifadə edən vəziyyətə gətirilməkdən ötrü yenidən işlənib birmənalı şəkildə anlaşılan hala salınmalıdır ki, bundan sonra heç vaxt Konstitusiya Məhkəməsinin 2015-ci ilin mayında və 2018-ci ilin sentyabrında bankların xeyrinə çıxardığı və bu fərmandan sonra da qüvvədə olan şərh və qərarlarına yer qalmasın.
Beşincisi, problemli kreditlərin sürətlə artmasının və bu vəziyytə gəlib çatmasının əsas səbəbi 2015-ci ilin 2 şok devalvasiyası olsa da, onun mürəkkəbləşdirilib,əhalinin borc tələsinə salınmasının bir sıra nüansları həm də kredit verilərkən valyuta seçimi və məzənnə məsələsində əhalinin bu sahədə lazımı səviyyədə bilgilərinin olmamasında sui istifadə edən bankların manipulyasıyaları oldu. Bu hal devalvasiyadan sonra indiyədək yeni bağlanan kredit müqavilələrində də yer alır. Ona görə də “İstehlak kreditləri” haqqında qanun da qəbul edilməsini zəruri sayırıq ki,bu sahədə də qətiləşdirilmiş bir hüquqi baza yaransın ki, banklar bir də vətəndaşlara məişət texnika və avadanlıqları almaq,ev təmir etdirmək, xəstəsinin Azərbaycanda müalicə xərclərini qarşılamaq və sair bu kimi məsələrə dollarla kredit vermək kimi absurd yollara əl ata bilməsin.
Altıncısı, bu fərmanın reallaşdırılması bütün bankların tam sağlaşdırılmasına gətirib çıxarmasa da,hər halda bankların likvidliyini artırmaqla onların durumuna müsbət təsir göstərəcəyi şəksizdir. Banklar illik 0,1 faizlə,yəni əslində faizsiz güzəştli kredit əldə edəcəklər. Banklar onlara veriləcək 682 milyon manat kredit və 215 milyon dollarlıq qiymətli kağızlar, xüsusən də dövlər dəstəyi hesabına əhalidən borclarını geri almaqla maliyyə imkanlarını xeyli yaxşılaşdıracaqlar. Bu yöndə ən vacib məqamlardan biri də budur ki, fərmanın reallaşdırəlmasına yönəldilən böyük maliyyə resursları və onun multiplikativ effekti hesabına həm də müəyyən dərəcədə ucuz kredit resurları yanacaq Bu baxımdan banklar faiz dərəcələrinin aşağı salınmasına yönəlik və deməli bu əsasda həm də bankların iqtisadiyyatın real sektoru ilə əlaqələrinin gücləndirilməsi istəqamətində səylərinin artırılmasını zəruri hesab edirik.
Yeddincisi, problemli kreditlərlə bağlı fərmanı reallaşdırarkən çalışmaq lazımdır ki,onun gerçəkləşdirilməsindən yarana biləcək yan effektlər pozitiv effeklərin əhəmiyyətinə xələl gətirməsin. Belə ki, bu fərmanın reallaşdırılması 3 aydan sonra dövriyyəyə əlavə pulların daxil olmasına səbəb olacaq. Mart ayından etibarən isə maaşların artmağa başlaması da dövriyyəyə əlavə pulların daxil olmasına səbəb olacaq. Həmin məbləğlər qısa zaman kəsiyində daxil olsa, inflyasiya təzyiqini real inflyasiya çevirə bilər. Amma həmin məbləğlər pərakəndə əmtəə dövriyyəsinin 3 faizi ətrafında bir rəqəmi təşkil etdiyindən, gözlənilən təzyiq daha çox psixoloji amillə bağlı olacaq və bu da dediyimiz təbii qiymət artımından əlavə, həmişə olduğu kimi bu dəfə də süni qiymət artımı da yarada bilər. Ona görə də aidiyyatı qurumlar əllərində olan rıçaqlardan səmərəli istifadə etməklə suni qiymət artımın qarşısının alınması istiqamətində təsirli tədbirlərin görülməsini zəruri hesab edirik.