“Türkiyənin bölünməsinin əleyhinəyik, amma...”
Müsahibə
5774
27 Feb 2016 | 23:16

“Türkiyənin bölünməsinin əleyhinəyik, amma...”

Azərbaycan Kürdləri İctimai Birliyinin sədri, “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman Moderator.az-a müsahibə verib.

 - Cəmiyətdə sizin təşkilata qarşı olan münasibət birmənalı deyil. Hətta Azərbaycan Kürdləri İctimai Birliyinin Türkiyəyə, yaxud da Azərbaycana qarşı ərazi iddiaları olmasıyla bağlı fikirlər də var...

- Nə burdakı kürdlərin, nə də ki, bizim liderlərin heç zaman Azərbaycana qarşı ərazi iddiası olmayıb. Əksinə, biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Mən getdiyim bir sıra xarici ölkələrdə konfranslar keçirərək, erməni daşnaklarının hələ 1897 - ci ildən başlayaraq xalqımızın başına gətirdikləri faciələri dünya mediasına, konfrans iştirakçılarına çatdırmışam. Qatıldığım bir çox tədbirlərdə ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlər barədə məlumat vermişəm. Biz dünyanın istənilən yerində müharibələrin, qarşıdurmaların əleyhdarları olmuşuq. Türkiyənin də bölünməsinin əleyhinəyik. Türkiyədə müxtəlif xalqlar var. Onlara bəzi siyasi-mədəni hüquqlar verilməsi şərti ilə Türkiyə konfederativ bir ölkə ola bilər. Hesab edirəm ki, bu baş versə Türkiyədə axan qan da dayanar, Türkiyənin ərazi bütövlüyünə də heç bir xələl gəlməz.

- Hazırda Türkiyə, İraq və Suriyada yaşayan kürdlər müharibəyə cəlb olunublar. O ərazilərdə nə baş verir?

- Dünyanın aparıcı dövlətləri 15 il bundan öncə İsrailə arxa olması üçün Kürdüstan dövləti planını hazırlayıblar. Bu ABŞ Administrasiyasının planı idi. Bu gün baş verənlər həmin planın tərkib hissəsidir. Nə ABŞ, nə Rusiya, nə də dünyanın başqa aparıcı dövlətləri kürdlərin ala gözlərinə vurulmayıblar, hamısı silah sataraq öz mənfəətlərini güdür, köhnəlmiş silahlarını yerləşdirərək məkrli siyasətini həyata keçirir.

- Türkiyə iqtidarının hazırkı siyasətini necə qiymətləndirirsiniz?

- Seçki öncəsi Rəcəp Tayyip Ərdoğan açıqlamalar verərək bildirmişdi ki, Osmanlı dönəmində Kürdüstan, Lazıstan dövlətləri olub, bu haqda açlqlamalar verərək kürdlərin haqlarının tanınacağını deyirdi. Seçkidən sonra isə o, tamamən 180 dərəcə çöndü. Dediklərinin tam əksini etməyə başladı. Türkiyənin kürdlər kompakt yaşadığı şəhər və qəsəbələrinə tanklı, toplu ordu yeritdi, şəhərlərdə küçəyə çıxmaq qadağası tətbiq etdi, körpələrin, qocaların, insanların kütləvi  həlak olmasına səbəb oldu. Zirzəmilərdə kütləvi qətllər törədildi. Meyitlər küçələrdə qaldı, gedəni də, gələni də kəskin nişançılar vurdu. Bu vəhşətə, vəhşiliyə qarşı türk xalqı da, sənət adamları da, ziyalıları da, bir vaxtlar Ərdoğanla bir cəbhədə olan Türkiyənin sabiq prezidenti Abdulla Cül, bir partiyadan olan Bülənt Arınc kimi siyasətçilər də bu gün AKP - yə qarşı qalxaraq bu qardaş qırğınının qarşısının alınmasını tələb edirlər.. Həftələrlə insanlar küçəyə çıxa bilmir. Mən belə hesab edirəm ki, dünyanın aparıcı dövlətlərinin planına uyğun olaraq, Ərdoğan yüz il heç kimin edə bilmədiyi bir addım ataraq türk və kürd xalqını iki yerə böldü.

- Bu gün Türkiyə parlamentində kürdləri təmsil edən Xalqların Demokratik Partiyasında (HDP) təmsil olunur. Azərbaycan kürdləri bu partiyanın mövqeyini birmənalı olaraq dəstəkləyirmi?

- Biz HDP - nin mövqeyini dəstəkləyirik. Bu partiya Türkiyənin bölünməsinə qarşıdır. Türk və kürd xalqlarının, eləcə də Türkiyədə yaşayan başqa xalqların bu ölkədə bir yerdə qardaşcasına yaşamasını ön plana çəkir. 

- Siz necə hesab edirsiniz, hazırkı durumdan çıxış yolu nədir?

- Belə hesab edirəm ki, tərəflər arasında olan problem gec olmadan, indi bu saat masa arxasında həll edilməlidir. Bir neçə il bundan öncə barış sürəci imzalanmışdı. Kürd və türk xalqları yeddi  ilə yaxın bir müddətdə qardaş kimi yaşadı, heç kim heç kimə güllə atmırdı. Hər iki tərəfdən insanlar ölmürdü. Bunu indi elə bu saat da edə bilərlər. Çünki bütün dünya müharibələrinin sonu barışla qurtarıb. O da qaldı Çanaqqalada, Sarıqamışda,Vanda, Ağrıda, Amasiyada, Dersimdə yağı düşmənə qarşı qardaşcasına vuruşaraq bu Cumhuriyyəti quran iki qardaş xalqlar arasında indi saziş bağlanaraq barış əldə olunmalıdır ki, mənfur düşmənlərimiz öz məqsədlərinə çatmasın, sevinməsinlər.

- Rusiyanın regiona müdaxiləsini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, ruslar hər zaman ölkələrə təsir etmək üçün onun daxilində bir qığılcım yaradırlar. Özlərinə lazım olanda da bundan məharətlə istifadə edirlər. Rusiya kiminsə qara qaşına, qara gözünə aşiq olub minlərlə kilometr məsafə qət edərək regiona gəlməyib. Onların regioda bəlli, kimsəyə qaranlıq olmayan maraqları var. Ona görə belə hesab edirəm ki, barış sürəci təcili başlanmalı və tərəflər arasında olan qarşıdurma dayanmalıdır. Sadə kürd və türk insanları barışın tərəftarıdır. Çünki, hər iki tərəfdə də, ölənlər də, öldürənlər də sadə insanların övladlarıdır. Heç vaxt nə Ərdoğanın, nə Davudoğlunun, nə də AKP - lilərin övladları bu kirli muharibədə iştirak etməyəcək və keflərindən qalıb döyüşdə getməyəcəklər. Bu gün Sur şəhəri, Sılopi, Cizrə, İdil, Musabin yaşayiş məntəqələri mühasirə altındadır, insanlar çoxmərtəbəli binalar qarışıq məhv edilir. Meyitlər küçələrdə, evlərdə, zirzəmilərdə çürüyür. Bunu hansı insanlığın ayağına yazmaq olar? Yüz minlərlə insan bu qışın günü isti ocağından köçürülür, qaçqın, səfil həyata bilmir hardan başlasın.
Link kopyalandı!
Son xəbərlər