“Hökumət  fövqəladə iş rejiminə keçməlidir”
Müsahibə
8330
28 Dec 2015 | 11:20

“Hökumət fövqəladə iş rejiminə keçməlidir”

Vahid Əhmədov: “İnhisarçılıq hökumətin ən zəif yeridir”

 

Millət vəkili Vahid Əhmədov manatın ikinci devalvasiyası və bunun ölkə iqtisadiyyatına, xalqın sosial həyatına mümkün təsirləri ilə bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə müsahibə verib:

 

-Vahid müəllim, öncə  ikinci devalvasiya və bunun cəmiyyətdə yaratdığı narahatlıqla bağlı fikirlərinizi bilmək istərdik.

 

-Ümumiyyətlə, bununla bağlı mənə edilən zənglər və müraciətlər xeyli çoxalıb. Elə iki gün öncə mən Qubada idim, Gənclər və İdman Nazirliyinin böyük bir tədbiri var idi, tədbir iştirakçıları da xahiş etdi ki, ikinci devalvasiyadan sonra yaranmış durumu şərh edim, onun neqativ təsirlərinin qısa zamanda aradan qaldırılması yolları barədə fikirlərimi bölüşüm. Mən də çıxışımı bu məsələlərin üzərində qurdum. Təbii ki, bir ildə iki dəfə devalvasiyaya gedilməyə məcbur olmağımız vəziyyətin ciddiliyindən xəbər verir və Azərbaycan iqtisadiyyatı dünyada baş verən bəlli proseslərin mənfi təsirlərindən minimum itkilərlə çıxması üçün hökumətin çevik antiböhran tədbirləri həyata keçirməsinə ehtiyac var. Dövlət büdcəmizin faktiki olaraq neftdən asılı olması şəraitində dünya bazarında neftin qiymətlərinin bir ildə 3 dəfə aşağı düşməsi təbii ki, məsələlərə yeni yanaşma tələb edir. Təbii ki, biz birinci devalvasiyadan öncə də, 21 fevraldan sonra da dəfələrlə mətbuatda fikirlərimizi bildirmişik və bu cür şok devalvasiya tərəfdarı deyildik. Biz ilk gündən yumşaq devalvasiya xəttini irəli sürürdük ki, insanlar əziyyət çəkməsinlər. Onu da etiraf etmək lazımdır ki, 21 dekabr devalvasiyasının nəticələri ilə 21 fevral devalvasiyasının nəticələri arasında xeyli fərqlər var. Təsəvvür edin ki, 21 fevral devalvasiyasından sonra hökumət hərəkətə keçdi və təxminən bir ay müddətində qiymətləri stabil saxlamaq mümkün oldu. Amma sonuncu devalvasiya qərarının səhərisi günü bütün məhsulların qiymətləri qaldırıldı. Mən Qubada qəbula gələn bütün insanlardan qiymət artımı ilə bağlı soruşurdum. Məsələn, Qubada 25 qəpiklik çörəyi 40 qəpiyə qaldırıblar. Bakının özündə də demək olar ki, bütün market və digər ticarət obyektlərində qiymətlərdə ciddi artımlara əl atılıb. Hesab edirəm ki, bu, sahibkarlar tərəfindən kəmfürsətlikdir, çünki adamdan soruşarlar ki, sən hansı əsasla köhnə qiymətə aldığın məhsulu alıcıya yeni qiymətlə təklif edirsən?

 

-Sizcə qiymətlərin süni şəkildə artırılmamasına hansı qurum nəzarət etməlidir? Ümumiyyətlə, market və ticarət mərkəzlərini nəzarətdə saxlamaqla, sırf inzibati üsullarla bu prosesin qarşısını almaq mümkündürmü?

 

-Təbii ki, bu məsələləri tənzimləyən dövlət qurumları var və İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq strukturu bu istiqamətdə ciddi monitorinqlər həyata keçirməlidir ki, niyə köhnə qiymətlərlə alınıb anbarlara doldurulan məhsullar yeni qiymətlərlə satılır. Etiraf etmək lazımdır ki, yalnız inzibati metodla bazardakı qiymətləri stabilləşdirmək mümkün olmayacaq. Əsas məsələ bazara daha çox mal çıxarılması və rəqabət mühiti şəraitində təbii yolla qiymətlərin tənzimlənməsidir. Mən millət vəkili olaraq belə hesab edirəm ki, Azərbaycan hökuməti vəziyyətin ən qısa zamanda stabilləşməsi üçün kompleks tədbirlər həyata keçirməlidir. Bir tərəfdən Mərkəzi Bank pul kredit siyasətində, hökumət isə digər sahədə böhranın təsirlərini minimuma endirən islahatlara getməlidirlər. Məsələn, mən təklif etmişəm ki, 10 min dollara qədər olan kreditlərin qaytarılmasında fərqli yanaşma sərgilənsin. Yəni bunlar əsasən istehlak kreditləridir və aztəminatlı ailələr istər övladlarına toy etmək üçün, yaxud təhsil haqlarının ödənilməsi, evə zəruri məişət avadanlıqlarının alınması üçün bu borclanmaya getməyə məcbur olublar. Məhz bu kreditlərin elə köhnə məzənnə ilə, yəni 1,05 nisbətində ödənilməsi daha ədalətli yanaşma olardı. Mərkəzi Bankda bizim bu təklifimizi araşdırırlar və bunun həyata keçirilməsi olduqca vacibdir. Bilirsiniz ki, dünən Naxçıvanda Naxçıvanbank belə bir qərar verdi və kreditlərin köhnə məzənnə ilə qaytarılması haqqında tədbirlər görüldü. Doğrudur, Naxçıvanda bir milyon dollarlıq bu cür kredit var və 400 nəfərə yaxın kreditorun probleminin həllindən söhbət gedir. Təbii ki, Naxçıvandan fərqli olaraq ölkə miqyasında istər kredit götürənlərin sayı, istərsə də məbləğ dəfələrlə çoxdur. Amma istənilən halda presedent var və düşünürəm ki, Mərkəzi Bank çəkinmədən anoloji qərar verməlidir. Ola bilsin ki, hökumət də bu istiqamətdə Mərkəzi Banka yardım etsin. Çünki etiraf etmək lazımdır ki, heç bankların özlərinin də vəziyyəti ürəkaçan deyil və bir ildə iki dəfə devalvasiyaya getmək onları xeyli zəiflədib.

Başqa bir vacib məqam da sığorta olunan kreditlərin məbləğinin olduqca aşağı olmasıdır. Yəni bu gün yalnız 30 min manatadək əmanətlərin sığortalanması yolveriməzdir və bu məhdudiyyət milyardlarla vəsaitin əhalinin əlində, obrazlı desək, balış və döşəyin altında saxlanılmasına səbəb olub. Həmin vəsaitlərin banklara yənəldilməsi üçün Mərkəzi Bank bu siyasətə yenidən baxmalıdır. Mən təklif etmişəm ki, qorunan əmanətlərin miqdarı 10 dəfədən çox artırılsın, lap 500 min manat həcmində olsun ki, insanlar pullarını bankalara etibar etsinlər.

Eyni zamanda əmanətlərin qorunacağı ilə bağlı zəmanət verilsin ki, istənilən halda tutaq ki, bir neçə il müddətində kimsənin bir manatı da bata bilməz. Buna gedilsə kredit portfelindən əziyyət çəkən banklar da, banka pul qoyan vətəndaş da, bankdan ucuz kredit alacaq sahibkar da qazanar. Başqa bir təklifimizsə dəfələrlə deyilsə də, nəticə verməyən bankların sayının həddindən artıq çox olmasıyla bağlıdır. Azərbaycan kimi ölkələrdə 42 banka ehtiyac yoxdur və heç kimə sirr deyil ki, az qala hər bir iri məmurun bir bankı var. Bu azmış kimi burada rəqabət kredit faizlərinin daha aşağı olması deyil, əksinə, daha da yuxarı faizlə verilməsi üzərində qurulub. Bu isə tamamilə ədalətsizlikdir. Necə olur ki, sən mənim əmanətimi 9 faizdən qəbul edirsən, amma səndən kredit istəyəndə həmin pulu gətirib mənə 30-35 faizlə verirsən, bu nə dərəcədə doğrudur? 

 

-Sonuncu devalvasiyadan Mərkəzi Bankın əldə etdiyi 3 milyard manatdan artıq vəsaitin heç olmasa 1 milyardını kommersiya banklarına verməklə kredit faizlərinin aşağı salınması təklifi səsləndirilir. Amma Mərkəzi Bank 3 -cü devalvasiya xofundan həmin pulları “dar gün” üçün saxladığını və  heç nəyə xərcləmək niyyətində olmadığını bildirir. Doğrudanmı 3-cü devalvasiya təhlükəsi var?

 

-Belə bir təhlükə həmişə var və bunu danmaq olmaz. Devalvasiyanın əsas səbəbkarı neftin sürətlə düşən qiymətləridir. Digər səbəbsə, etiraf etmək lazımdır ki, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına nəzərəçarpacaq diqqət ayımamasıdır. Bunun nəticəsidir ki, hələ də ixracımızın 90 faizindən yuxarısını neft və qaz təşkil edir. Yəni ötən bu dövr ərzində nə yazıq ki, biz ixrac yönümlü məhsulların istehsalı ilə məşğul olmamışıq. Təbii ki, bu gün ixracda qeyri-neft sektorunun payı heç olmasa 30-40 faiz olsaydı, bu cür şok effektli devalvasiyaya da getməyə gərək qalmazdı. Konkret olaraq 3-cü devalvasiyaya gəldikdə isə bəllidir ki, neftin qiyməti 20-25 dollar həddinədək aşağı ensə, 3-cü devalvasiyanın baş verməsi də qaçılmaz ola bilər.

 

-İndi hamı maaş və təqaüdlərin simvolik də olsa artırılması zərurətindən danışır. Maraqlıdır, qəpiyə güllə atan hökumətimiz o boyda vəsaiti hardan tapacaq?

 

-Yox, mən o cür deməzdim və hökumətimiz heç də sizin dediyiniz kimi, qəpiyə güllə atmır. İmkanlar var və lazımi resursların cəlbini təmin etmək heç də çətin deyil. Amma bütün bu məsələlərə paket şəklində baxılmalıdır və ilk növbədə vəziyyətdən çıxmaq üçün konkret hədəflər və müddətlər qoyulmalıdır ki, neçə ildən sonra qeyri-neft sektorunun ixrac potensialını tutaq ki, 20, 30 və ya 40 faiz edəcəyik, bunun üçün mərhələ-mərhələ hansı prosslərdən keçmək lazımdır, məsuliyyəti kimlər və ya hansı qurumlar öz üzərinə götürməlidir. Yəni bu elə bir məsələdir ki, burada cavabdehlik ilk növbədə olmalıdır ki, sabah nəticə də onlardan tələb olunsun. Mən hesab edirəm ki, Azərbaycan hökuməti  fövqəladə iş rejiminə keçməlidir və gecə-gündüz işləməlidir. Əhalini də mütəmadi məlumatlandırmaq lazımdır ki, hansı tədbirlər görülür. Hər şeyi cənab prezidentin üstünə yıxmaq doğru deyil. Çevik hökumətə gərək var və hər gün ciddi qərarların verilməsinə ehtiyac yaranıb. Kimsəni qorxutmaq və ya vahiməyə salmaq istəmirəm, amma əminəm ki, hökumət tərəfindən qeyri-neft sektorunun sürətli inkişafı üçün radikal qərarlar verilməsə, 3-cü devalvasiyanı gözləmək lazımdır. Amma məndə olan məlumata görə, dövlət başçısı Azərbaycan hökumətinə bu istiqamətdə ciddi tapşırıqlar verib və düşünürəm ki, vəziyyətin dramatikləşməsinə imkan verilməyəcək. 

 

- Prezident inhisarçılığın aradan qaldırılmasının zəruriliyinə növbəti dəfə toxundu və gömrük-vergi orqanlarında maksimum şəffaflıqla bağlı tapşırıqlarını verdi. Sizcə ölkə başçısının xəbərdarlığından sonra bu sahədə fərqli mənzərənin şahidi olacayıqmı?

 

- Bayaq dediyim kimi, devalvasiyanın mənfi təsirlərini aradan qaldırmaq üçün kompleks tədbirlər görülməlidir. Rəqabət mühitinin yaradılması, inhisarçılığın aradan qaldırılması, gömrük-vergi orqanlarında ciddi islahatların aparılması bu gün ikiqat aktuallıq kəsb edir. Mən sizə bir faktı deyim. Cənab prezident oktyabrda bir fərman verdi. Fərmanda qeyd olunurdu ki, əhali sərhəddən gömrük rüsumu ödəmədən 10 min dollar civarında mal keçirə bilər. Amma həmin fərmanda yazılıb ki, istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilə bilər. Amma indi siz fikir verin. Bizim vətəndaşları gedib İrandan və ya Rusiyadan nisbətən ucuz ərzaq məhsulu və ya gündəlik tələbat malları alıb gətirir, bunun nəyi pisdir ki? Amma dünən mən Qubada soruşdum. Deyirlər ki, yox, hələ də 10 kiloqramdan artıq mal buraxmırlar sərhəddən. Niyə? Qoy bu yazıq yağ, düyü və ya digər ərzaqları alıb gətirsin öz balasına və lap bir neçə qonşusuna da versin, lap mağazaya da satıb yol pulunu çıxarsın. Buna imkan yaratsa, hökumət kasıb düşəcək? İnhisarçılığa gəldikdə isə hamı bilir ki, bu çox ciddi məsələdir və hökumətin ən zəif yeridir. Mən həmişə deyirəm ki, bizim camaatımız diribaşdır, ona mane olmasan yetər, o gedib öz dolanışığını tapacaq, yetər ki, ona mane olma, işinə əngəl törətmə. Cənab prezidentin son vaxtlar verdiyi bir sıra sərəncam və fərmanlar, Milli Məclisdə qəbul olunan qanunlar əhalinin vəziyyətinin yaxşılaşmasına hesablanıb. Amma bu qanunların, fərman və sərəncamların icrasına çox ciddi nəzarət olmalıdır. 

 

-İnhisarçıların kimlər olduğunu nəinki media və iqtisadçı ekspertlər, hətta xırda ticarətçilər də bilir. Elə isə hökumət niyə bu istiqamətdə kəsərli addımlar atmağa tələsmir?

 

-Bilirsiniz, fikirlərim bir qədər sərt alınsa da deməliyəm ki, bunlar hökumətin istəyib-istəməməsindən asılı deyil və artıq ayrı çıxış yolu da yoxdur. Yəni vəziyyət elə həddə gəlib ki, başqa yol yoxdur və nəhayət hökumət inhisarçılığın qarşısına sədd çəkməlidir ki, iqtisadiyyat bu fırtınadan salamat çıxa bilsin.

 

Seymur Əliyev

 

Link kopyalandı!
Son xəbərlər