“Azərbaycan - ABŞ əlaqələrində problemlər yaşana bilər” – Natiq Cəfərli demokratlardan danışdı
Müsahibə
1559
04 Nov 2026 | 13:38

“Azərbaycan - ABŞ əlaqələrində problemlər yaşana bilər” – Natiq Cəfərli demokratlardan danışdı

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli cavablandırıb. Mövzu ABŞ-dəki aralıq seçkilərinin hazırkı nəticələridir.
 
Müsahibəni təqdim edirik:
 
- Natiq bəy, demokratların qələbəsi ABŞ-nin Ukrayna və İran siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?
 
- İndidən aydın proqnoz vermək çətindir. Amma bu seçkilərdə İran müharibəsi daha ağır müzakirə olunurdu, nəinki Ukrayna münaqişəsi. Çünki amerikalı seçici İran müharibəsinin nəticələrini daha çox hiss etdi. Söhbət dizel yanacağının bahalaşması və 6 dolları keçməsi idi ki, cəmiyyətdə şok effekti yaratdı. Bu iqtisadi vəziyyətə səbəb də İran müharibəsi oldu. Halbuki Tramp ölkə iqtisadiyyatında yaranmış problemləri Ukrayna müharibəsinin üzərinə atmaq istəyirdi, amma insanlar buna inanmadı. Ona görə amerikalılar son seçkilərdə İranla müharibənin əleyhinə çıxdı. Hazırda Trampın iki ay vaxtı var. Yəni Konqres və Senatın yenidən formalaşmasına qədər İranla müharibənin qızışmasının şahidi ola bilərik.
 
Amma Ukrayna müharibəsinə münasibətdə fərqlilik görmək olar. Demokratlar Kiyevə dəstəyin tərəfdarıdır, lakin partiyada əleyhinə olanlar da var. Həmin qüvvələr müharibənin başa çatmasını istəyirlər. O baxımdan Konqres və Senatda müharibənin qurtarmasını dəstəkləyənlər olacaq. Çünki Ukrayna müharibəsindən hamı yorulub. Eyni zamanda, Rusiyaya təzyiqlərin artması realdır. Bir sözlə, dünya üçün önəmli dövr qarşıdakı iki aydır. Bu iki ayda isə Tramp axsaq yox, “aqressiv ördəyə” çevrilə bilər. Amerikalılar seçkilərdə uduzana “axsaq ördək” deyirlər, yəni həmin siyasətçi qərar qəbul edə bilmir. Ona görə Tramp bu müddətdə aqressiv qərarlar qəbul edə bilər.
 
- Sizcə, bundan sonra Trampın impiçmenti mümkündürmü?
 
- Əvvəla, ABŞ prezidenti iki il əvvəl verdiyi vədlərə əməl etmədiyi üçün xalq tərəfindən belə mənfi qarşılandı. Tramp “müharibə olmayacaq”, “vergilər azalacaq”, “enerji ucuzlaşacaq” şüarları ilə gəlmişdi. Lakin tam əksinə oldu: İranla müharibəyə girdi, enerji məhsulları bahalaşdı, ABŞ iqtisadiyyatına mənfi təsir göstərdi. Ona görə seçici ABŞ liderinə “sarı kart” göstərdi və Trampı cəzalandırdı. Hər halda, nəticələr respublikaçılara bir xəbərdarlıqdır. Əgər respublikaçılar növbəti prezident seçkilərində dəstək qazanmaq istəyirlərsə, vədləri yerinə yetirməlidirlər. İmpiçmentə gəldikdə, bəli, buna cəhdlər olacaq. Amma nəticəsini söyləməkdə çətinlik çəkirəm. İmpiçment üçün üçdə iki səs alınmalıdır. Onda gərək respublikaçılar da prosesdə iştirak etsinlər. Amma partiya daxilində impiçment məsələsi silaha çevrilə bilər. Yəni Trampa təzyiq edəcəklər ki, seçicilərin gözləntilərinə əməl etsin, yoxsa demokratlara qoşula bilərlər. Xüsusən də vitse-prezident Vensə böyük simpatiya bəslənir. Həmçinin jurnalist Taker Karslon Trampın seçkisində böyük rol oynamışdı, indi isə Vensi dəstəkləyir. Odur ki, respublikaçılar impiçment məsələsində Trampa böyük təzyiq göstərəcəklər.
 
- Bəs Azərbaycan-ABŞ əlaqələri bundan sonra necə ola bilər?
 
- TRİPP layihəsi ilə bağlı demokratlar respublikaçılarla eyni mövqedədir. ABŞ-də əksəriyyət bu layihəni müsbət qarşılayır. Ümumiyyətlə, regionumuzda nəqliyyat kommunikasiyalarının açılması ABŞ-də dəstəklənir. Bu səbəbdən, Zəngəzur dəhlizinin adı Trampa aid olsa da, demokratların əngəl olacağını gözləmirəm. Azərbaycanla münasibətlərdə isə problemlər yaşana bilər. Konqres və Senat Bayden dövründə olduğu kimi, bəyanatlar, sənədlər yaysa, əməkdaşlıqda müəyyən problemlər yaşanacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər