Milli Məclisin payız sessiyasının iclaslarında bir-birinin ardınca kənd təsərrüfatı, sahibkarlıq və digər sahələrin, ümumilikdə qeyri-neft sektorunun inkişafına təkan verəcək qanun layihələri müzakirə edilərək, qəbul olunur. Ölkə rəhbərliyinin özəl sektorun, kənd təsərrüfatının və digər sahələrin inkişafı, paytaxtın ağır yükdən azad olması, regionlardan iri şəhərlərə axının qarşısının alınması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi əlavə imkanlar yaradır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev Musavat.com-a müsahibəsində bu və digər mövzularda sualları cavablandırıb və faydalı təkliflərini səsləndirib:
- Razi bəy, bildiyimizə görə, 2027-ci ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi artıq parlamentə daxil olub və bir müddət sonra komitələrdə büdcə müzakirələri başlayacaq. Sənədlə tanış olmaq imkanınız olubmu? Ümumiyyətlə, büdcə müzakirələrində hansı məsələləri qaldırmaq niyyətindəsiniz?
- Hələ ki, büdcə sənədi deputatlara təqdim olunmayıb, ona görə də tanış deyiləm. Amma büdcə müzakirələrində qaldıracağım bir neçə vacib məsələlər var. Onlardan ən önəmlisi kiçik istehsalçıların məhsullarını sata bilməməsi ilə bağlı problemidir. Əgər biz bu gün elan saytlarına diqqət etsək görərik ki, müəyyən məhsulların istehsalı üçün avadanlıqlar qiymətindən də aşağı satılır. Bu cür elanların demək olar ki, az qala kütləviliyini görmüşdüm bir aralar. Bu, məni narahat eləmişdi ki, nəyə görə insan hər hansı bir avadanlığı alıb, məhsul istehsal eləyib, indi isə o avadanlığı dəyərindən də ucuz qiymətə satır? Sonradan araşdırmam nəticəsində məlum oldu ki, Azərbaycanda bəlkə də kiçik yerli istehsalçıdan 100 nəfərdən 99-u narazıdır, əziyyət çəkir. Çünki məhsulunu satmağa bazarı yoxdur. Hal-hazırda bütün bazar ticarət şəbəkələri tərəfindən idarə olunur. Azərbaycanda da bir neçə ticarət şəbəkələri var, onlar supermarketlərə, hipermarketlərə, balaca marketlərə malikdirlər və bütün Azərbaycanın az qala kəndləri daxil olmaqla o bazarı əldə ediblər. Onlar da həmin yerli istehsalçıdan məhsulunu satmaq üçün 30-40% civarında pul istəyirlər. Hətta bunun müqabilində belə o həmin o məhsulları yenə də vitrinin görünən yerinə qoymağı qadağan edirlər. Başa düşürəm ki, o şəbəkə sahibləri də biznesmendir, daha çox məhsul satmaq, daha çox pul qazanmaq, daha tanınmış məhsulları satmaq, brend məhsulları satışa çıxartmaq istəyirlər. Bu, onların hüququdur. Ona görə də bu məsələdə bir az dövlət tənzimləməsi vacibdir.
- Bu problemlə əlaqədar hansısa ünvanlara müraciət etmisiniz?
- Bu məsələ ilə bağlı mən bir dəfə çıxış etmişəm, problemi qaldırmışam. Artıq iş adamları, sahibkarlarla da görüşmüşəm, onlarla müzakirə etmişəm, indi bu məsələni yenə də qaldıracağam və konkret təkliflərim var, o konkret təkliflərimi də səsləndirəcəyəm. Milli Məclisdə Baş nazirdən də xahişlərimi edəcəyəm ki, bu gün əgər biz yerli istehsala nail olmaq, iş yerləri açmaq və kiçik sahibkarlığı ayağa qaldırmaq, onların sayını dəfələrlə artırmaq və vergilər toplamaq istəyiriksə, mütləq şəkildə yerli istehsalçıların mallarını satmaq üçün onlara meydan, bazar verməliyik. Alıcı var, bazar yoxdur. Özü də bəzən Azərbaycanda istehsal olunan kiçik sahibkarların kiçik sexlərdə istehsal etdiyi məhsullar analoqlarından daha keyfiyyətli, daha maraqlı, daha gözəgəlimli olur. Amma onlar məhsulu sata bilmir və qiymətləri də böyük istehsalçıların məhsulunun qiymətlərindən daha ucuzdur, insanlarımızın cibinə uyğundur. Sonda o məhsullar niyə evlərdə, sexlərdə məhv olur, onu bazarda sata bilmirlər, niyə alıcısına tapa bilmirlər? İndi deyə bilərlər ki, onlar internet üzərindən online satış eləsinlər, düzdür, bu istiqamətdə də çalışırlar, amma həll yolu deyil. Onlar çalışırlar, amma bütövlükdə buradan qazanc götürə bilmirlər. Yəni o onlayn sistemi qurmaq da çətindir. Əlavə olaraq hər bir balaca sahibkarın imkanı yoxdur ki, gedib özü bir yer alıb, oranı icarəyə götürüb, öz mağazasını açsın. Belə bir istehsalçılar da var ki, özlərinin mağazalarını açırlar, öz mağazalarında məhsullarını satırlar, amma bunu hər kəsin buna imkanı yoxdur və eyni zamanda da o bir – iki mağaza aça bilər, iki mağaza aça bilər. Amma bütövlükdə Azərbaycanı əhatə etmək üçün onun o qədər vəsaitləri olmayacaq. Bunun üçün də dövlət tərəfindən elə tənzimlənməlidir ki, bütün yerli istehsalçıların malları yerli ticarət şəbəkələrində satıla bilsin. Bir yol budur.
- Yeri gəlmişkən, belə bir durum həm də Rəqabət Məcəlləsinin pozulması demək deyilmi?
- Təbii ki, indi bu məsələlər ciddi şəkildə araşdırılmalıdır, ondan sonra konkret nəsə demək olar, amma təbii ki, o problemlər var. İkinci həlli yollarından biri də fikrimcə, ayrıca bir ayrıca bir şəbəkənin yaradılmasıdır. Bunun üçün dövlət hər hansı bir sahibkara güzəştli kredit ayıra bilər. Dövlətin özünün iştirakı ilə hansısa bir yollar düşünülə bilər ki, ancaq və ancaq o yerli şəbəkə yerli məhsulların satışı ilə məşğul olsun. Əgər onlar o məhsullara sata bilsələr, mən düşünürəm ki, bir il ərzində yerli istehsalçıların sayı onlarla dəfə artar, qazancları da dəfələrlə çoxalar. Eyni zamanda işə götürülən insanların da sayı onlarla dəfə artar və dövlət büdcəsinə ödədikləri vergilərin həcmində də ciddi artım baş verər. Bu sahibkarlar yaxın üç-dörd il ərzində Azərbaycan iqtisadiyyatında inqilabi şəkildə dönüş edə bilərlər. Çünki iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi vergi ödəyiciləri, iqtisadiyyatın hərəkətverici qüvvəsi, eyni zamanda iqtisadiyyatın dayağı kiçik və orta sahibkarlardır. Amma faktiki olaraq kiçik və orta sahibkarlarda məhsullarını sata bilmirlər, problem buradadır.
- Çox vacib məsələlərdən bəhs etdiniz. Əslində dövlətin də prioritet istiqamətlərindəndir, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı uzun müddət güzəştlər də tətbiq olunub. Ümid edirik ki, təklifləriniz “hava”da qalmaz.
- Mən də ümid edirəm.
- Razi bəy, sosial şəbəkədə fəal deputatlardansınız, davamlı şəkildə fəaliyyətiniz barədə paylaşımlar edirsiniz. Bu günlərdə sizi pambıq sahəsində gördük. Bir az da o sovet illərini xatırlatdı həmin kadrlar. Pambıqçının gözü ilə sizin yanaşmanız eyniyyət təşkil edirmi, Azərbaycan pambıqçılığı köhnə şöhrətini özünə qaytara biləcəkmi?
- Bəli, o kadrlar Sabirabadda çəkilmişdi. Aqrar sahə haqqında qanun layihəsi müzakirə olunan zaman parlamentdə keçirilən ictimai dinləməyə sabirabadlı pambıqçı fermerlər də dəvət olunmuşdu.
- Yeri gəlmişkən, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü və tapşırığı ilə ictimai dinləmələr parlament fəaliyyətinin çox mühüm qoluna çevrilib. Bu müzakirələrə hətta bölgələrdəki sahibkarların, fermerlərin dəvət olunması da gözəl ənənədir.
- Bəli. Parlamentdə gözəl bir ənənə yaranıb və buna görə xanım spiker Sahibə Qafarovaya təşəkkür edirəm ki, belə bir ənənənin əsasını qoyub. Sədrimizin tapşırığı ilə ictimai dinləmə mədəniyyətini daha da inkişaf etdirməkdəyik.
- Sonuncu plenar iclasda sədr dinləmələrin əhatə dairəsinin daha genişləndirilməsi zərurətindən də bəhs etdi…
- Bəli, mənim çıxışımdan sonra belə bir tapşırıq verdi. Bu, sevindiricidir. Daha çox ekspertlər, fermerlər, vətəndaşlar, ictimai təşkilatların nümayəndələri gəlib, dinləmələrdə fikir və mülahizələrini söyləyə bilərlər. Pambıqçılıqla bağlı sualınıza gəldikdə, demək olar ki, pambıq artıq öz qüdrətini və şöhrətini qaytarmaqdadır. Azərbaycanda artıq demək olar ki, kifayət qədər böyük həcimdə pambıq istehsalı var. Müstəqillik dövründə pambıqçılıqla bağlı inqilabi dönüş 2016-cı ildə başlayıb, cənab Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədən sonra. Bu işin əsası orada qoyuldu və 2016-cı ildən sonra pambıqçılıqla məşğul olan sahibkarlara subsidiyalar verilməyə başladı. Həmin o subsidiyaların əsasında da bu gün Məhsul sertifikatı adlı bir qanun layihəsi müzakirəyə təqdim olunub, artıq birinci oxunuşda qəbul etdik. Bu gün Azərbaycan kəndlərini, rayonlarını ayaqda saxlaya bilən sahələrdən biri pambıqçılıq ola bilər. Pambığın da kifayət qədər gəliri var, pambıq valyuta bazarındadır, birjalarda satılır. Bu məhsula daim tələbat var və dövlətimiz də bununla bağlı iradəyə malikdir. Kifayət qədər də məhsul var.
- Bəs sahibkarlar pambığın alış qiymətindən razıdırmı?
- Qiymətlərdən hələ ki, o qədər də narazılıq eləmirlər, amma yenə də qiymətin heç olmasa 5 qəpik də olsa, artırılmasını istəyirlər. Digər məsələ: pambıq istehsal olunur, amma biz onu son məhsula qədər istehsal edə bilmək, sadəcə xammal kimi göndərilir. Bunun özü böyük bir problemdir. Fabriklər yaradılmalıdır və sairə. Bununla bağlı təlimlər keçirilməlidir, iş adamları bunu öyrənməlidirlər ki, elə pambığı özümüz də son məhsula çevirə bilək. Tam olaraq bunu son məhsula çevirib, məsələn, geyimə çevirsək, yüngül sənayedə istehsal olunan başqa məhsullar əldə etsək, bu, əlavə gəlir demək olacaq. Bu məhsullar rəqabətə davamlı olacaq, olmayacaq, bu, başqa məsələdir. Çünki ola bilsin ki, biz burada məhsul istehsal edək, bizə 5 manata başa gəlsin, amma başqa ölkədən gətirilən məhsul isə 3 manata satılsın. Təbii ki, onda o məhsulu dəyər zəncirində son məhsula çevirməyin bir faydası olmur. Hansı mərhələ bizə sərf edirsə, o mərhələyə qədər onu dəyər zəncirə çevirmək olar. Bu, vacibdir.
Pambıqçılıqla bağlı digər bir ağrılı məsələ isə - bunu elə fermerlər də səsləndirirlər - tez yetişən və quraqlığa davamlı toxumların gətirilməsidir. Əgər bax, bu çiyid toxumları, hansı ki, quraqlığa davamlı və tez yetişəndirsə, tez yetişənin seçilməsi vacibdir. O zaman pambıq tarlalarında indikidən daha çox məhsul əldə etmək olar və eyni zamanda məhsulun yetişməsi ilə yığılması arasındakı məsafəni də 3-4 dəfə qısalda bilərik. Amma məhsuldarlıq daha da çox ola bilər. Pambıq yığımına sentyabrda başlayırlar və az qala yanvara qədər davam edir. Amma yağıntılar imkan vermir və eyni zamanda o torpaq da məşğul qalır və fermerlər ikinci məhsulu əkə bilmirlər. Əgər məhsul yığımı tutaq ki, oktyabrın sonunda, noyabr ayında yekunlaşsa, ora pambıqdan sonra başqa bir məhsul da əkə bilərlər. Dörd ay ərzində pambıq yığımına davam etmək, bu, böyük bir rəqəmdir. Ona görə də tez yetişən məhsul sortunun toxumlarının gətirilməsi vacib məsələlərdir. Bunlar həll olunarsa, elə bilirəm ki, Azərbaycan kəndlərinin və rayonlarının inkişafı tamamilə yeni bir mərhələyə qədəm qoyar və pambıqçılıqdan gələn gəlir kəndlərin inkişafına, oradakı vətəndaşların da həyat şəraitinin yaxşılaşmasına ciddi töhfə verər.
- Sizin seçki dairənizdə yaşayan vətəndaşların iri şəhərlərə axını məsələsi necədir? Bununla bağlı narahatlıq varmı?
- Əlbəttə. Ümumiyyətlə, kənddən şəhərə axın hamımızı narahat edir. Bu, artıq dövlət səviyyəsində müzakirə olunan bir məsələdir. İnsanlarımızın kəndlərdən şəhərə axının qarşısını almaq üçün bir neçə yollar mövcuddur. Bu yollardan biri kənd təsərrüfatının inkişafı idi, hansı ki, bununla bağlı artıq ciddi addımlar atılıb. Dövlət səviyyəsində yeni qanunlar qəbul olunub, maliyyə imkanları, maliyyə alətləri yaradılıb. Aqrar sahə haqqında qanun da qəbul olunur. Həmçinin Məhsul sertifikatı haqqında yeni qanun qəbul olunur və bununla bərabər də əvvəldən mövcud olan çayçılıq haqqında, pambıqçılıq haqqında, taxıl haqqında, kooperativlər haqqında olan qanunlar da qüvvədən düşmüş sayılır. Vahid bir qanunda demək olar ki, hər şey cəmləşir. Dövlət yaxın 4-5 il ərzində 6 milyarda yaxın vəsaiti kənd təsərrüfatına yatırmağı nəzərdə tutub. Yəni maliyyə alətləri yaradılıb və bu, o deməkdir ki, artıq bir çox insanların kəndə gedib, torpaqla məşğul olması üçün ciddi stimul və motivasiya yaradılıb. Ona görə də indi bu addım kənddən şəhərə axının qarşısını müəyyən qədər ləngidə, dayandıra bilər. Amma bütün bunların fövqündə kənddən şəhərə axının qarşısını almaq üçün bir neçə təklifi mən parlamentdə də səsləndirmişəm. Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır. Kənddə yaşayanla şəhərdə yaşayan eyni şəkildə qaz, işıq, su və digər kommunal xidmətlərə görə eyni məbləğ ödəməli deyil. Ən azından heç olmasa, kəndlilər üçün bu məbləğ bir dəfə az olmalıdır.
- Ötən iclasda deputat həmkarınız Zahid Oruc da bu barədə danışdı...
- Bəli. Biz bu məsələdən bir ildir danışırıq. Mən bir il öncə bu barədə təklifləri səsləndirmişəm.
- Reaksiyalar necə olub?
- Mənə elə gəlir ki, bu elə də asan məsələ deyil. Söhbət kəndlərdə həmin o operatorların qazancının azalmasından gedir. Amma bu qərar nəticəsində ora daha çox əhali qayıda bilər və şəhərin də yükünün azalması demək olar. Yəni bir sahədə dövlət itirəcəksə, digər sahədə qazanacaq. Ona görə də bu qazancı tərəzinin gözünə qoyub, onları ölçmək lazımdır ki, ona hansı şəkildə getmək olar. Ondan sonra bu məsələnin müsbət həlli yönündə addım atmaq olar. Kənddə yaşayanların kredit faizlərinə çıxışı daha az məbləğdə olmalıdır. Vətəndaş bilməlidir ki, mən gedib kənddə yaşayıb, kənddə işləyirəmsə, mənim bank faizim daha az olacaq. Eyni zamanda kənddə və rayonda yaşayanların ipoteka xərcləri az olmalıdır. Məsələn, orada ipoteka ilə kimsə ev tikib, ev alıb, orada yaşamaq istəyirsə, kredit şərtləri aşağı səviyyədə olmalıdır. Həmçinin, kənddə, rayonda işləyib, yaşamaq istəyənlər üçün də ipoteka kreditləri daha asanlaşdırılmalıdır və ucuzlaşdırılmalıdır. Əgər bax, bu stimullar onlar üçün verilsə, yaradılsa, təbii ki, bir çox insan da kəndlərə qayıdar. Əvvəllər yanaşma fərqli idi, deyirdilər kənddən gəlmisənsə… Kəndliyə bir az geridə qalmış adam kimi baxırdılar, kəndiyə bir az dünyagörüşü az olan adam kimi yanaşırdılar. Kəndlərə belə gözdən-könüldən uzaq bir məkan kimi yanaşırdılar. Şəhərli kəndlidən üstün sayılardı ki, şəhərdən gəlibsənsə, sən mədənisən, sən elitasan. Amma indi vəziyyət dəyişib. İndi kənd insanı çəkir və kəndlər daha böyük hörmətə sahibdir, kəndlər daha böyük elitar bir yerə çevrilib və kənd məhsulları daha böyük elitarlıq statusu qazanıb, daha gözəl organik məhsullar hesab olunur və hər kəs o məhsulları əldə etmək istəyir. Həmçinin imkanı olan insanlar kənddə yaşamağa çalışır və kənddə yaşayanlara indi hamı həsədlə, qibtə ilə yanaşır. Amma kənddə yaşamaq üçün də gərək kəndin qazancı ola. O baxımdan kənddə bu stimullar yaradılsa, insanlar da kəndə qayıdar. Bu gün, mən düşünürəm ki, kənddə yaşamaq həqiqətən də gözəldir.
- Razi bəy, səmimi deyin, Bakının bu qaynar mühitindən, tıxaclı yollarından, karbonlu havasından baş götürüb, kəndinizə, İmişliyə köçmək istəyərdiniz?
- Şəxsən mənim ruhum həmişə kənddə, rayonda olub. Yəni belə şəhər mühitinin bu sıxıntısını, bu şəkildə gərginliyini heç vaxt sevməmişəm. Maşınla gedirəm, qalıram tıxacda, şüşəni endirirəm ki, bir az hava gəlsin. Amma pəncərəni açan kimi, içəri zəhərli qaz dolur. Yəni şəhərdə artıq sən maşının pəncərəsini belə aça bilmirsənsə, şəhərdə yaşamağın nə zövqü qalıb ki? Ona görə də mən adamlar tanıyıram ki, rayonlara, kəndlərə qayıtmağı planlaşdırırlar. Məsələn, bu yaxınlarda bir dostum şəhərdən rayona köçdü. Mənim tələbə yoldaşımdır. Burada yaşaya bilmədi. Amma o, məsafədən işləyən insandır. Getdi: başqa bir rayonda bir özünə kirayə ev tutdu, indi orada yaşayır və xoşbəxtdir. Bu cür düşünən insanların sayı çoxalır və mən düşünürəm ki, bəli, insanlarımız kəndə, rayona qayıtmalıdır. Bunun üçün də mən düşünürəm ki, dövlət bax, o kənd təsərrüfatı ilə bağlı o stimulları yaratdı. Mən buna görə çox sevinirəm, bu, kənd təsərrüfatının inkişafına da əlavə imkanlar deməkdir. Bu addımlar insanların əlavə qazanc götürməsinə, iş yerləri yaratmasına təkan verəcək. Bu gedişlə digərləri də qayıdacaq.
- Bəs siz necə, təqaüdə çıxandan sonra kəndə qayıtmaq istəyərdiniz?
- (Gülür) Mənim təqaüd yaşına hələ çox var. Amma imkan düşdükcə… Rayon, kənd mənim üçün əziz yerdir. Tək mənim üçün yox, düşünürəm ki, bütün şəhərdə yaşayan insanların hamısının kənd, rayon üçün burnunun ucu göynəyir.
- Sizin həmkarınız Elman Məmmədov artıq Xocalıda yaşayır və dogma yurdundan o qədər zövqlə danışır ki…
- Əlbəttə…Qarabağ cənnətdir, Elman müəllim də cənnətdə yaşayır.
- Sizin İmişlidə eviniz var?
- Yox, İmişlidə evim yoxdur.
- İnşallah, ata yurdunda bir ev tikmək lazımdır yəqin ki. Özü də kəndə bu qədər bağlı insansınız. Bəs, rayona gedəndə harada qalırsınız, qonaq evində?
- İnşallah! Vaxtilə bizim Xəlifəli kəndimizdə evimiz, böyük həyətimiz var idi. İndi qohum - əqrəbanın yenə də orada evləri var. Bakıda bəzən heç fəsilləri də ayırd eləmək olmur. Yarpaqlar nə zaman açılır, nə zaman xəzəl olur, bilmək olmir, ömürdən də gedir. Şəhərdə ancaq uca binalara, şüşələrə baxırsan, çox darıxdırıcıdır. Şükür ki, son zamanlar Bakı şəhərində də gözəl parklar tikildi. Bulvar var, parklar salındı və o parklarda gəzəndə artıq heç olmasa fəsilləri müəyyən eləyə bilirsən. Amma indi hər dəfə də gedib parklarda gəzmək imkanı da yoxdur. Çünki hər tərəf tıxacdır. İnsan ancaq güclə iş çatır və çətinliklə gedib evinə yetişə bilirsən. Bəzən sənin yollarda iki - üç saatın gedir. Ona görə də əvvəlki qədər, sərbəstliyimiz də yoxdur.
- Parlamentə çox uzaqdan gəlirsiniz?
- Bəli, mən Novxanıda yaşayıram. Gəlib-getməyə elə vaxt olar ki, iki saat, bəzən iki saat yarım vaxt gedir. Amma peşman deyiləm, çünki şəhərin mərkəzində yaşamaq mənim üçün çox çətindir. Yəni onsuz şəhərin mərkəzində də tıxaclar olur, Novxanı yolunda da.
- Həyət evindəsiniz, eləmi?
- Bəli.
- Həyətinizdə bir şeylər əkirsiniz, yoxsa ona vaxtı olmur?
- Yox, bu işlərə vaxt qalmır. Heç nə isə əkmək üçün həyətdə geniş yer də yoxdur…