Elxan Süleymanov:
Mədəniyyət
605
11:54, Bu gün

Elxan Süleymanov: "Böyük sənətkar Rasim Balayevin vəfatı mənim üçün ağır dost itkisidir..."

Böyük sənətkar, vətənpərvər ziyalı, dünya şöhrətli aktyor, nəhayət, tələbəlik illərindən bəri dostluq etdiyim Rasim Balayevin vəfatı milli mədəniyyətimiz üçün böyük itkidir. Bu mənim üçün sədaqətli, etibarlı, ağır dost itkisidir. Rəhmətliklə son dəfə görüşəndə o Türkiyəyə, müalicəyə getməyə hazırlaşırdı.

Rasim Balayevin fəaliyyəti, varlığı yalnız aktyorluq, teatr və kino çərçivəsinə sığmırdı, o, ümummilli və bəşəri dəyəri olan yüksək amallarla yaşayan sadə və adi, nüfuzlu, ləyaqətli, milli adət və ənənələrimizə sadiq, azərbaycançılığı yaşadan, nəməviyyət və mərifət məktəbinə sadiq sənət adamı idi. O öz yaradıcılığı ilə milli mədəniyyətimizə şərəflə xidmət edirdi.

Mən indi özümə təsəlli verməyə çalışıram...

Xatırladım ki, ötən il işıq üzü görmüş “Gərəkli olmağı seçdim – Həyatım. Xatirələrim. Düşüncələrim” adlı kitabımda Rasim haqqında da yazmışam. Kitabda böyük Sənətkarla görüşlərimiz, söhbətlərimiz öz əksini tapıb.

Düşündüm ki, bu söhbətləri dəyərli oxucularla bölüşmək yerinə düşər.

... Mənim sıx və səmimi dostluq etdiyim böyük sənətkarlardan biri də Xalq artisti Rasim Balayev olmuşdur. Onunla tez-tez görüşür, müxtəlif mövzularda, o cümlədən sənətdən, sənətə, sənətkara verilən qiymətdən, dəyərdən söhbət edirdik. Söhbətlərimizin birində dedi:

– Elxan, sən bilirsən, mənim ilk şeirim televiziyaya necə gedib çıxıb?

– Necə?

– Yadındadır, sənin də müəllimin olub – Müxlis Cənizadə. Nitq mədəniyyətində əvəzedilməz aktyor və müəllim idi. Qardaşı da o vaxt daxili işlər nazirinin müavini idi. Müxlis Cənizadə mənə dedi ki, Rasim, sənin böyük gələcəyin var. Mən istərdim ki, sən televiziyada çıxış edəsən. Mən də onun tələbəsi idim. Televiziyada çıxışım üçün müvafiq adamlara zəng vurdu. Məni televiziyanın bədii şöbəsində qəbul etdilər. Əvvəl redaktor dinlədi, sonra baş redaktorun yanına apardılar. Sonra isə Radio və Televiziya Komitəsi sədrinin yanına apardılar. O da məni qəbul etdi və şeirimi dinlədi. Hər üçü bəyəndi. Sonra mənə dedilər ki, üç gündən sonra yazılış olacaq. Sonradan mənə bəlli oldu ki, üç gün sonra yazılması hansı məqsədi daşıyırmış! O vaxt müvafiq Təhlükəsizlik Xidməti vasitəsilə (o dillə desək, “KQB“ vasitəsilə) radio və televiziyada çıxış edən hər bir adamın ətrafı, ailəsi, özünün kim olması dəqiq öyrənilirmiş. O özü, ailəsi, atası, anası, qardaşı, bacısı cəmiyyətdə müsbət görünən adamlardırmı? Yoxsa uyğun adam deyil, oğrudur, cinayətkardır, əqidəsi düzgün deyil, əxlaqi keyfiyyətləri aşağıdır və s. Belə adamlar o vaxt televiziya və radioya buraxılmazdılar... Üç gündən sonra məni dəvət etdilər... İlk çıxışım belə oldu. Bax, o vaxt televiziyaya necə diqqət yetirirdilər.

Bu əhvalat Rasim Balayevin xatirələrindəndir.

Rasim Balayevin digər bir xatirəsi Ulu Öndər Heydər Əliyevin sənətə, sənətkara verdiyi qiymət, dəyər haqqındadır:

– Mən Nəsimi rolundan sonra məşhurlaşdım. Mənə dərhal Əməkdar artist adı verdilər. Ya da artıq “Əməkdar artist“ idim, daha da məşhurlaşdım. Lakin o dövrdə Əməkdar artist adını almış sənətkara tez bir zaman çərçivəsində Xalq artisti adı vermirdilər. Baxmayaraq ki, aktyor parlaq istedada malikdir, istər kinoda, istər teatrda çətin rolları yüksək səviyyədə oynayır, yaxud müğənni və ya xanəndə geniş auditoriyanın məhəbbətiniqazanıb, belə fəxri ad yalnız 10-15 ildən sonra verilə bilərdi. Əməkdar artist adı almağımdan çox az vaxt keçmişdi. Belə oldu ki, 1982-ci ildə Heydər Əliyev Siyasi Büroya üzv seçildikdə və SSRİ Nazirlər Sovetinin birinci müavini təyin olunduqda Moskvaya yola düşmə ərəfəsində bir çox aktyora, sənət adamına, alimə fəxri adlar verildi. Bu, tarixi faktdır. Mən də çox gənc idim. Mənə yeni ad veriləcəyini heç gözləmirdim də. Ağlıma belə gəlmirdi. Əməkdar artist adı almağımdan cəmi beş il keçmişdi. Günlərin bir günü, vaxtilə bizdə qrimlərdə, dekorasiya qurulanda fəhlə işləyən gənc adam vardı. Biz də rütbəmizdən, adımızdan, şöhrətimizdən asılı olmayaraq həmin insanlarla, sadə adamlarla bir ailə kimi yaşayırdıq. Çünki həmin adamların bizim sənətimizdə böyük zəhməti vardı. Onların içində bir nəfər var idi, yaxın idik. Özü də yeyib-içən oğlan idi. Vaxt gəldi, bir binada yaşayası olduq. O, üçüncü mərtəbədə, mən də yuxarı mərtəbədə yaşayırdım. Artıq 1982-ci il idi. Gecə saat 2 tamamda o mənə zəng etdi: “Rasim müəllim, bilirsən (o artıq kinostudiyada yox, “Kommunist“ nəşriyyatının mətbəəsində işləyirdi), sənə Xalq artisti adı veriblər? Səni təbrik edirəm“. Mən də dedim ki, axmaqlama, yenə içmisən, qoymursan məni yatmağa. Telefonun dəstəyini qoydum yerə. Bir saat keçdi, yenidən zəng elədi: “Rasim müəllim, təbrik edirəm. Sən bayaq mənə qulaq asmadın. Xalq artisti adı verilib sənə“. Onu bərk acıladım: “Nə danışırsan?!“ Yenə dəstəyi asdım. Amma daha yata bilmədim. O vaxt qəzetlər köşklərə səhər saat 5-6 arası gəlirdi. Yata bilmədiyimə görə düşdüm qəzet almağa. Bir az gəzişdim ki, vaxt keçsin və qəzetləri gətirsinlər. Tanışım oğlan təkidlə mənə deyirdi ki, bu saat gəl, mətbəədə bax. Saat 6-nın yarısı idi, qəzet köşkü açıldı. Qəzeti aldım və gördüm ki, doğrudan da, Rasim Balayevin Azərbaycan Xalq artisti adına layiq görülməsi ilə bağlı sərəncam var. Sevincimdən qanad taxıb uçmaq istədim.

Bir müddət keçdikdən sonra düşündüm ki, bu necə olub. Axı Əməkdar artist olmağımdan cəmi beş il keçib. Kinostudiyadan çıxanda kadrlar şöbəsinin müdirini gördüm. Mənə dedi: “Sən bilirsən, Xalq artisti adını necə almısan?!“ Dedim: “Yox, xəbərim yoxdur“. “Mədəniyyət Nazirliyindən, Kinematoqrafiya Komitəsindən, Kinematoqrafiya İttifaqından, Kinostudiyadan Xalq artisti adı veriləcək şəxslərin siyahısı Heydər Əliyevə təqdim olunanda sən siyahıda olmamısan. Heydər Əliyev kino və teatr aktyorlarına Xalq artisti adının verilməsi üçün təqdim olunan siyahıya baxanda sənin adını görməyib. Heydər Əliyev təəccüblənib, soruşub: “Bəs Rasim Balayev bu siyahıda yoxdur?! Onun da adını yazın. Bu hadisə belə olub“. Soruşdum ki, sən bunu haradan bilirsən? Dedi: “Sən Xalq artisti adı almamışdan bir həftə əvvəl Mərkəzi Komitənin ideoloji işlər üzrə şöbəsindən mənə zəng edib dedilər ki, maşın göndərirəm, təcili Rasim Balayevin şəxsi işini göndərin“. Mən sənin şəxsi işini verəndə öyrəndim ki, Heydər Əliyev dedikdən sonra sənin adın siyahıya əlavə edilib“. Heydər Əliyev sənətə belə qiymət verirdi. Mən Babəki, Nəsimini təzəlikcə oynamışdım. Ulu Öndər də mənim əməyimi belə qiymətləndirmişdi. Çox maraqlıdır ki, ani bir baxışdan belə Heydər Əliyevin gözündən heç nə qaçmırdı. Mən də bundan dəhşətə gəlirəm. “Babək“ filminin rejissoru Eldar Quliyev, bilirsən ki, mənim yaxın dostum olub. İndi rəhmətə gedib. Allah rəhmət eləsin. Eldar Quliyev Babək rolunu ifa etməyə bir neçə nəfər seçmişdi. Siyahıda o cümlədən mən də var idim. Mən ondan soruşdum ki, bəs “Babək“ filminin çəkilişləri nə vaxt olacaq? Dedi: “Düzdür, rejissor kimi mənim gözümdə bu rola ən yararlı sənsən, ancaq gərək bu, Heydər Əliyevlə razılaşdırılsın. Son qərar üçün 3-4 namizəddən ibarət ümumi siyahını göndərəcəyəm. Mən Heydər Əliyevin fikrini mütləq bilməliyəm“. Aradan üç gün keçdi. Heydər Əliyev o vaxt “Drujba Molodyoji“ küçəsində olan iqamətgahında yaşayırdı. İşə oradan gedibgəlirdi. Yay aylarında isə ancaq Zuğulbada olurdu. May ayı idi. Oğlumun əlindən tutub yolu keçirdim. Bu məqamda Heydər Əliyevin maşını keçəcəkdi deyə yolu bağladılar. Mən də oğlumla birlikdə yolun kənarında gözlədik ki, maşın gəlib keçsin. Gördüm ki, maşın bizə yaxınlaşanda Heydər Əliyev pəncərənin pərdəsini azca araladı və mənə baxdı. Maşın böyük sürətlə hərəkət edirdi. Gəldi, keçdi. Bir neçə gündən sonra axşam Eldar Quliyev mənə zəng etdi: “Rasim, mən səndən çox incimişəm. Sən səmimi adam deyilsən. Biz qardaşıq, dostuq. Mən filmin rejissoruyam. Sən gedib Heydər Əliyevlə görüşürsən və mənə demirsən“. Dedim: “Gülməlidir. Mən Heydər Əliyevlə necə görüşə bilərəm?! Heydər Əliyev məni qəbul edərmi?! O, Mərkəzi Komitənin birinci katibidir, mən isə sadə, gənc aktyor. Bu nə söhbətdir?!“ Dedi: “Necə yəni?! Bəs o haradan bilir ki, sən Babək rolu üçün kökəlmisən?! Haradan bilir?! Sən onunla görüşmüsən. Heydər Əliyev bu gün məni çağırmışdı. Soruşdu ki, Babək rolu üçün kimi seçmişəm. Mən də dedim ki, filankəs, filankəs, bir də Rasim Balayev. Dedi ki, rejıssor sənsən, özün bilirsən kimi çəkəcəksən. Bu sənin qərarındır, mən bura müdaxilə edə bilmərəm. Ancaq Rasim Balayevi çəkməyə qərar vermisənsə, o, bir az kökəlib. Mütləq 7-8 kilo arıqlamalıdır.“ Mən məsələni dərhal başa düşdüm. Dedim ki, o, işə gedərkən maşının pərdəsini araladı və məni gördü. Demək ki, mən Nəsimi rolunu ifa edən zamandakı Rasim Balayev deyiləm, kökəlmişəm. Amma daha “Nəsimi“ deyiləm. Axı Babək sərkərdə olub. Belə bir qəhrəmanın rolunu oynayan da cazibədar və cüssəli qamətə malik olmalıdır. Mən bunu danışandan sonra biz barışdıq və film çəkildi. Heydər Əliyevin gözündən heç nə qaçmazdı. O, sənətə necə qiymət verirdi?! Bir dəfə qulaq asmaqla, bir dəfə izləməklə sənətə və sənətkara dəyər verirdi.

Böyük məmnuniyyətlə deyim ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Prezident İlham Əliyev də atasının dövlətçilik yolunu ləyaqətlə davam etdirməklə yanaşı, mədəniyyət sahəsinə də həmin məram və diqqətlə yanaşır. Bu yaxınlarda Rasim Balayevin yubileyi münasibətilə onu qəbul edib “İstiqlal“ ordenini təqdim etməsi, sənətkarla səmimi söhbəti, aktyorun sənətinə verdiyi dəyər bütövlükdə milli mədəniyyətimizə olan münasibətin təzahürüdür.

(“Gərəkli olmağı seçdim – Həyatım. Xatirələrim. Düşüncələrim.” – səh.150, 151, 152, 153, 154)

... Mənim ən çox sevdiyim dostlardan, aktyorlardan biri, çox gözəl insan, tələbəlik illərindən isti münasibətlərimizi qoruyub saxladığım Rasim Balayevdir. O, vaxtilə Kinematoqrafiya İttifaqının sədr müavini, sonra isə sədri olub. Hökumət evinin ikinci mərtəbəsində ittifaqın gözəl şəraitli otaqları var idi. Düzdür, otaqların sayı az idi, amma akt zalları var idi, orada filmlər nümayiş olunurdu. Kinematoqrafiya İttifaqının kino evi olmalıdır. Orada filmlərə baxış keçirilirdi. O dövrdə heç bir film ssenarisi Kinematoqrafiya İttifaqından razılıq almadan çəkilə bilməzdi. Bu, çox gözəl addım idi, çünki filmlər milyonlarla insanı öz əhatə dairəsinə alır – kitab auditoriyası ilə filmin auditoriyası müqayisə edilə bilməz. Kino sənəti ən incə sənətdir. Leninin bu sözləri heç vaxt yaddan çıxmamalıdır: “Bütün incəsənətlərdən bizim üçün ən əhəmiyyətlisi kinodur“. Dostumun yenidən Kinematoqrafiya İttifaqına sədr seçilməsinə çox sevindim və onu təbrik etməyə gəlmişdim. O, Azərbaycanın ən yaxşı aktyoru olmaqla yanaşı, həm də kino sənətinin içində bərkimiş, bu sənəti ən dərindən, mükəmməl bilən insanlardan biridir. Belə bir şəxsiyyətin Kinematoqrafiya İttifaqına sədr seçilməsi tək ona şərəf gətirməklə qalmır, həm də Azərbaycan kino sənətinin inkişafında böyük rol oynayırdı. Mən ona dedim: “Rasim müəllim, Sizi ürəkdən təbrik edirəm. Ən çox sevindiyim isə budur ki, bilmirəm, bəlkə də, Kinematoqrafiya İttifaqının artıq belə məsələlərə girişməsi bir az çətindir, ancaq hər halda, Siz televiziyada, ekranlarımızda göstərilən biabırçı, əxlaqa uyğun olmayan filmlərin nümayişinə qarşı öz mübarizənizi aparacaqsınız“. O mənimlə razılaşdı, lakin dərindən ah çəkib təəssüflə dedi: “Elxan!!! İttifaq indi tam başqadır. Bizim indi buna müdaxilə etməyə səlahiyyətimiz yoxdur. Ancaq əlbəttə, mən İttifaqın rəhbəri kimi, aktyor, sənət adamı kimi sənin dediklərini müsbət qiymətləndirirəm və bu məsələdə öz imkanlarımı əsirgəməyəcəyəm“.

(“Gərəkli olmağı seçdim – Həyatım. Xatirələrim. Düşüncələrim.” – səh.171, 172)

Düşünürəm ki, bu fraqmentlər oxuculara Rasim Balayev itkisinin böyüklüyünü və əvəzolunmazlığını bir daha aşkarlayacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər