“Laçının Minkənd kəndindən olsaq da şəhərin özündə yaşamışıq. Torpaqlar azad olunandan demək olar ki, Laçındayam. Hələ ki, bizə ev verilməyib. Çünki tikinti başlamayıb. Yəqin ki, tikinti başlayanda bizim evimiz də hazır olacaq.Bu elə bir hisslərdir ki.. 30 il idi bu həsrətlə yaşayırdıq. Şükürlər olsun ki, arzularımız çin oldu. Bizə bu günləri yaşadan insanlara təşəkkür edirəm. Həftədə 1-2 gün çəkilişlərə Bakıya gedirəm, sonra Laçına qayıdıram. Laçınsız qala bilmirəm, darıxıb tez gəlirəm”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Rauf Şahsuvarov deyib.
O, daha sonra əlavə edib:

“Mən birinci Qarabağ müharibəsində iştirak etmişəm. 1991-ci ildə Şuşa Dövlət Musiqili Dram teatrına gəldim. Orda işləyirdim, həftədə bir neçə dəfə Laçına gedib-gəlirdim. Sonra müharibə başladı, mən də hamı kimi könüllü cəbhəyə yollandım. Müharibə vaxtı Laçında, Şuşa ilə Laçın arasında Kirs kəndində, Güləbir kəndində xidmət etmişəm” deyə aktyor bildirib.
Rauf Şahsuvarov bildirib ki, ən böyük arzusu Laçında yaradıcılıqla məşğul olmaqdır:

“Mən həmişə deyirdim ki, Laçında yaşayıb, öz işimlə də burada məşğul olacam. Mənim Laçına, laçınlılara öz sahəmdə borcum var. İstəyirəm öz sahəmdə də Laçında çalışım. Laçında teatr studiyamız var. Bir tamaşamız var. İlqar Cahangirlə birlikdə İranın Əhər şəhərindəki festivala getmişdik. Gələcəkdə də fikirlərimiz var ki, teatrı inkişaf etdirək. Torpağın alınmağını gözləyirdik. İndi hər kəs öz sahəsindəki işlə məşğul olmalıdır. Laçında vaxtilə dövlət yox, xalq teatrı mövcud olub. Gələcəyinə burada teatr açılacaq ya yox bilmirəm. Mən 2011-ci ildə qədər Şuşa teatrında işləmişəm. Sonra yer olmadı. Əlbəttə ki, bu gün teatrda çalışmaq istərdim” deyə aktyor bildirib.
Rauf Şahsuvarov bildirib ki, bugünki gündə ümidverici aktyor və rejissorlar var:

“Bizim dövrümüz elə vaxta təsadüf etdi ki, biz nəinki işimizi, gəncliyimizi də itirdik. Müharibə oldu, keçdi dövrünə düşdük. Həmin o korifey müəllimlərdən aktyorlar sənətinin sirlərini öyrənənlər var ki, həmin sənətkarlar universitetdə dərs deyirlər. Yavaş-yavaş inkişafa qədəm qoyuruq. Bu təbii prosesdir. Yaxşı gənc aktyorlarımız var. Son illərdə “Vətəndaş A”, “Qırmızı zona” seriallarına çəkilmişəm. Həmin ekran işləri çox baxımlıdır. Rövşən İsax, Elxan Cəfərov, Elçin Musaoğlu, Elvin Rüstəmzadə, Emil Quliyev və s. kimi istedadlı rejissorlarımız var. Həmçinin də aktyorlarımız. Sadəcə olaraq bir az bu sahəyə diqqət lazımdır” deyə aktyor bildirib.
Rauf bəy şəcərəsindən də danışıb:

“Təvazökarlıqdan uzaq da olsa deyim ki, Şahsuvarovlar tanınmış nəsildir. Hər biri oxuyub, ali təhsil alıb. Nurməhəmməd bəy Şahsuvarov mənim atamın əmisidir. Bəzi mənbələrdə yazılıb ki, mənim babamdır. Əslinə qalanda hər ikisi sayılır. O Üzeyir bəy Hacıbəyovla birlikdə Qori seminariyasını bitirib. Cumhuriyyət dövrü Dini etiqad və Maarif naziri işləyib. İndiki adla desək Təhsil naziri olub. 20 gün vəzifədə olub. Sonra istefa verib. Yenidən onu çağırıb nazir müavini vəzifəsini tapşırıblar. Bakı Dövlət Universitetinin yaranmasında böyük rolu olub. Onun qardaşı Mürsəl Şahsuvarov 21 il sürgündə olub. Almaniyada oxuyub. Surxay Şahsuvarov da qardaşı oğludur. Biri Frankfurtda dağ-mədən üzrə mühəndisliyini, Mürsəl isə Almaniyanın Münhen şəhərində tibb universitetini bitirib. Azərbaycanın ilk malyaroloqu olub. Maleriya xəstəlikləri üzrə parazitalogiyada işləyib. Bizim nəsildən repressiya qurbanı olanlar da var. 8 nəfər həbs edilib” deyə aktyor bildirib.
