“Hazırda Bakı Uşaq və Gənclər Teatrında çox maraqlı dramaturq, pyesləri bir vaxtlar Azərbaycan teatrlarında mütəmadi hazırlanan Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” əsərinin məşqlərini edirik. Amma maliyyə məsələsinə görə tamaşanı tamamlaya bilmirik. Ona görə də əsəri hələ təhvil verməmişik. Bütün bu problemlər həll olunandan sonra tamaşa nümayiş olunacaq. Tamaşanın tərtibatına, aktyorların səhnə geyimlərinə, paltarlarına, musiqi tərtibatına, baletmeystr işinə görə maddiyat lazımdır. Əvvəllər, Sovetlərin vaxtında teatrlara quruluş xərclərinə görə lazım olan qədər Mədəniyyət Nazirliyi tərəfindən maliyyə xərcləri ayrılırdı. Həmin vaxtlar mən də teatr rəhbəri işləyirdim. Ayrılan bu pullarla biz hər il ən azı 4-5 tamaşa hazırlayırdıq. Ona görə də teatrların quruluş xərclərinə görə heç bir problem olmurdu. Hətta həmin vaxtlar teatrların kommunal xərclərinə, işığa, qaza da lazım olam qədər pul ayrılırdı. Əmək haqları da yüz faiz verilirdi. Amma çox əfsus ki, 1991-ci ildən-müstəqillik əldə olunandan sonra Mədəniyyət Nazirliyi tərəfindən quruluş xərcləri, kommunal xərclər verilmədi. Hətta əmək haqqının da cəmi 70 faizi verildi və qalan 30 faizini isə teatr özü qazanmalı idi ki, işçilərinə versin. Bu da teatrlara böyük zərbə oldu. Elə bununla da Azərbaycan teatrları durğunluq bataqlığına düşdü və hələ də çıxa bilmirlər. Axı teatrlar tamaşalara satdıqları bilet pullarından elə də böyük qazanc götürə bilmirlər ki, həmin pullarla tamaşalar hazırlasınlar, kommunal xərcləri, işıq, qaz, su pulunu versinlər. Bakı teatrlarında bu problem qisməndir, amma əyalət teatrlarının vəziyyəti dözülməzdir. Onlara hökmən dövlət dəstəyi lazımdır”.
Bunu Moderator.az-a açıqlamasında yazıçı, dramaturq və rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu bildirib.

O daha sonra hazırkı iş prosesindən danışıb:
“Bakı Uşaq və Gənclər Teatrının kollektivi “Axirətdən gələn zəng” tamaşasının məşqlərində peşəkar səviyyədə, böyük həvəslə iştirak edirlər. O teatrda adətən uşaqlar üçün tamaşa hazırlanır. Bu səhnə əsəri teatrda böyüklər üçün hazırlanan ilk tamaşalardan biridir. Başda teatrın direktoru, Əməkdar artist İntiqam Soltan olmaqla bütün kollektiv peşəkar səviyyədə olan aktyorlardır. Əfsus ki, belə maraqlı kollektiv “gözdən kənarda” qalıb. Heç birinə bu günə kimi fəxri ad verilməyib. Pyesin mövzusu da günümüzün tələblərinə uyğundur. Dünya səviyyəsində olan mövzudur. Çünki biz özümüz də bu gün var-dövlətə görə ən yaxın adamlarınını məhv etməyə hazır olan insanlarla bir cəmiyyətdə yaşayırıq. Əlbəttə, canavar xislətli insanlardan söhbət gedir. Ona görə də bu əsər hazır olandan sonra böyük maraqla qarşılanacağına əminəm” deyə o bildirib.
Ağalar İdrisoğlu daha sonra bildirib ki, dramaturqu əsasən teatr yetişdirir:

“Teatrın əsas işlərindən və məqsədlərindən biri və ən başlıcası dramaturqların yetişməsinə kömək etməkdir. Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun, İlyas Əfəndiyev, Elçin, Anar, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Əli Əlmirli, Firuz Mustafa, Rafiq Rəhimli, Elçin Hüseynbəyli, İlqar Fəhmi dramaturq kimi harada yetişib? Əlbəttə ki, teatrda! Amma bunun üçün teatra pyes təhvil vermək lazımdır. Əlbəttə, zəif pyesdən söhbət getmir! Pyes elə bir vəziyyətdə olmalıdır ki, tamaşa da yüksək səviyyədə olsun. Bəzən dramaturqlar həddindən artıq zəif pyesi teatra təqdim edirlər. Əlbəttə, ondan tamaşa hazırlamaq çox çətin olur. Pyes heç olmasa 70-80 faiz lazımı səviyyədə olmalıdır ki, artıq rejissor da, kollektiv də ondan maraqlı bir tamaşa ortaya çıxartsın. Tamaşanın ideyası, qayəsi maraqlıdırsa, artıq rolları obraz səviyyəsinə qaldırmaq mümkündürsə, onda əlbəttə ki, tamaşa yetişir. Hər bir dramaturq və rejissorun müştərək işi əsasında pyes yetişir və tamaşa hazır olur. Rejissor da tamaşanın müəllifi olmaqla lazım olan şərait yaratmalıdır ki, hər bir aktyor rolu obraz səviyyəsinə qaldıra bilsin. Əvvəllər dramaturgiya üzrə müsabiqələr keçirilirdi. Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi bu müsabiqələrdə ən yaxşı pyesləri seçirdi və həm onlara mükafat verilirdi, həm də həmin əsərlər teatrlara tövsiyyə olunurdu. Mənim “İnan mənə” pyesim 1985-ci ildə və “Şah ismayıl” pyesim 2010-cu ildə keçirilən müsabiqələrin qalibi oldu. Buna görə mənə həm qonorar verdilər, həm də əsərlərimin Dövlət Gənclər Teatrında, Qazax Dövlət Dram Teatrında və Gəncə Dövlət Dram teatrında tamaşaya qoyulmasına şərait yaratdılar” deyə o bildirib.
Ağalar İdrisoğlu müasir dövrdə teatrlarda keçirilən islahatlardan da danışıb:

“Bu gün Azərbaycan teatrlarında keçirilən islahatlardan çox razıyam. Bu müasir islahatlardır. Avropa və dünyanın aparıcı ölkələrində bu islahatlar çoxdan olub. Azərbaycanda teatrlarında da bu islahatların keçirilməsi teatr sənətimizə təkan verəcək. Çünki əvvəllər teatrlarda direktor və baş rejissor arasında həmişə konfliktlər olurdu və kollektiv də iki yerə bölünürdü. Bir qismi direktoru və bir qismi də baş rejissoru müdafiə edirdi. Beləliklə, teatr konflikt yuvasına çevrilirdi və yaradıcılıq kölgədə qalırdı. Çox sevindirici haldır ki, Mədəniyyət Nazirliyində bu gün gənc dramaturqların pyeslərinə üstünlük verilir. Çünki gənclərə şərait yaratmaq lazımdır ki, onlar həvəslənsinlər və daha da maraqlı pyeslər yazıb ortaya qoysunlar. Belə olanda əlbəttə ki, Azərbaycan dramaturgiyası çox inkişaf edə bilər. Amma mənim bir yazıçı, dramaturq, rejissor kimi arzularımdan biri budur ki, müasir dramaturgiya adlı bir jurnal olsun və həmin dramaturqların əsərləri orada çap olunsun. Bu cavanlarda pyes yazmaq üçün bir maraq oyadar. Bu gün yaxşı yazıçılarımız çoxdur. Dramaturgiya sahəsində onların səriştələri çox olmadığına görə maraqlı pyeslər yazıb ortaya qoya bilmirlər. Mən çox arzulayardım ki, Yazıçılar Birliyi dramaturqlar üçün mütəmadi seminarlar keçirsin. Mən Sovetlərin dövründə 5 il Azərbaycanı “SSRİ dramaturqların seminarında” təmsil və təbliğ etmişəm. Həmin vaxt 5 pyesim yaranıb. Həmin pyeslərin üçünü SSRİ Mədəniyyət Nazirliyi, ikisini də Azərbaycan Mədəniyyət Nazirliyi alıb. Həmin pyeslərə görə mənə yaxşı qonarar da verilib. Bu əsərlərim tamaşaya qoyulub. Ona görə dramaturq seminarları mütləqdir. Sevindirici bir haldır ki, Mədəniyyət Nazirliyi Teatr Xadimləri İttifaqı ilə birlikdə böyük labaratoriyalar yaradıblar. Dramaturgiya, rejissor, aktyor labaratoriyası Teatr Xadimləri İttifaqında yerləşir. Orda da bizim tanınmış mütəxəssislər labaratoriyalara rəhbərlik edirlər. Adlarını çəkdiyimiz sahələrdə cavan mütəxəssislər yetişir. İnanıram ki, az bir vaxtda bunlar da öz bəhrəsini verəcək. Bu sahədə görülən işlərdən mən çox razıyam. Bu işin başında da bizim Mədəniyyət Nazirimiz, cənab Adil Kərimli dayanıb. Yenilikçi insandır. O böyük həvəslə işləyir” deyə Ağalar İdrisoğlu bildirib.
Ağalar İdrisoğlu bildirib ki, aktyor ansamblı peşəkar olandan sonra rejissorun hansı teatrda tamaşa hazırlamağının bir önəmi yoxdur:

“Mən 140-dan çox tamaşa hazırlamışam. 50 ildir ki, teatr sahəsindəyəm. Mənim üçün teatrın fərqi yoxdur. Hansı teatr olursa-olsun mən tamaşaları səhnələşdirirəm. Hazırda Milli Gənc Tamaşaçılar teatrının quruluşcu rejissoruyam. Sumqayıt Dövlət Dram Teatrında düz 29 ildən sonra yeni bir tamaşaya başlayacam. Bilirsiniz ki, mən doqquz il bu teatrda aktyor, on il isə bədii rəhbər-direktor işləmişəm. Təvazökarlıqdan uzaq olsa deməliyəm ki, mən bu teatra rəhbərlik etdiyim vaxtı teatra əlavə 80 ştat alıb, bu teatrı Musiqli-Dram Teatrı etmişdim. Həmin vaxtı teatrda 180 nəfər işləyirdi. Baxmayaraq xaos dövrü idi. Amma biz böyük həvəslə işləyirdik. Və bu teatr respublikanın ən aparıcı teatrlarından biri sayılırdı. Amma mən teatrdan çıxandan sonra bu teatrı musiqili teatr kimi işlədə bilmədilər və Maliyyə Nazirliyi də 80 ştatı geri aldı. İndi teatr dram teatrdır. Bu şəhərdə konsert müəssisələri olmadığına görə bizim musiqili tamaşalara tamaşaçılar daha çox gəlirdi və aktyorlar bu sahədə də öz istedadlarını göstərə bilirdilər. Bəli. İyirmi doqquz ildən sonra teatrın direktoru, çox təşkilatçı və bacarıqlı insan, əsl teatr mütəxəssisi Samir Şəfiyev məni bu teatrda tamaşa qoymağa dəvət edib. Mən bir neçə gündən sonra bu teatrda Xalq şairimiz Sabir Rüstəmxanlının “Sürgün sevgi” pyesinə quruluş verəcəm. Bu pyes xalqımızın başına gətirilən dəhşətli repressiya illərinə həsr olunub. Repressiya ilə bağlı hələ ki, çox az yazılıb. Əslində bu mövzuda bizim yazıçıların çoxlu nəsr əsərləri, pyesləri və kinossenariləri olmalıdır. Bütün bunlar da çap olunmalı, tamaşaya qoyulmalı və kinofilmlər çəkilməlidir. Xalqımız bilsin ki, 1920-ci ildə Qızıl Ordu Azərbaycanı işğal edəndən sonra yetmiş ildə millətimizin başına hansı faciələri gətiriblər. Rusların türkdilli xalqlara qarşı necə böyük düşmənçiliyi olub. Bu tamaşanı may ayının əvvəlində təhvil verməyi planlaşdırmışıq. Bu tamaşa həm də sevimli Xalq şairimiz, böyük ziyalı, qanı və canı ilə əsl azərbaycanlı olan Sabir Rüstəmxanlının 80 illik yubileyinə bizim töhfəmiz olacaq. Bundan başqa Teatr Xadimləri İttifaqında çox istedadlı aktrisa, Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə xanım Şərifova ilə, çox istedadlı dramaturq, Əməkdar mədəniyyət işçisi Rafiq Rəhimlinin “ Anaların harayı” mono tamaşasını hazırlayacam. İnanıram həmin tamaşa da maraqlı olacaq. Mən bir vaxtlar Qusar, Mingəçevir Dövlət Dram Teatrlarında tamaşalar hazırlamışam. Şabran rayonunda da vaxtilə teatr-studiyası yaratmışdım və orada da tamaşalar hazırlayırdım. Mənim üçün əsas olan istedadlı aktyorların, aktrisaların olmasıdır. Əslində bu gün mən yaşlı, təcrübəsi olan bir rejissoram. Yaşlı, təcrübəsi olan rejissorlardan bu gün Azərbaycan teatrlarında lazım olan kimi istifadə olunmalıdır. Çünki onların hər biri bir məktəbdir. Çox sevindirici bir haldır ki, cavan rejissorlara da Mədəniyyət Nazirliyi yaxşı şərait yaradıb. Mən bunu da təqdirəlayiq bir hal kimi qiymətləndirirəm. Həmin cavan rejissorlar ayrı-ayrı teatrlarda tamaşalar hazırlayır. Bizə də vaxtilə cavan rejissor olanda şərait yaradılırdı, tamaşa hazırlayırdıq. O zaman da özümüzə inam çox artırdı. İndi mən böyük yaradıcılıq əhval-ruhiyyəsindəyəm. Hansı teatr olursa-olsun gedib tamaşa hazırlaya bilərəm” deyə o bildirib.
Ağalar İdrisoğlu bildirib ki, bu gün mədəniyyət sahəsində ən böyük problemlərdən biri rejissorların az olmasıdır:

“Bu gün Azərbaycan teatr və kino aləmində rejissor böyük problemdir. Düzdür, hər il Mədəniyyət və İncəsənət Universietində rejissorluq fakültəsini bitirənlər var, amma onların əksəriyyəti nədənsə teatrlarda gəlib işləmək istəmirlər. Eləcə də kino sahəsində işləməyə böyük həvəsləri olmur. Əslində kinomuz da bərbad bir vəziyyətdədir. Amma onu da vurğulayım ki, kino industriya bu gün dünyada ən çox pul gətirən sahələrdən biridir. Nəyin bahasına olursa-olsun Azərbaycan kinosunu dirçəltmək lazımdır. Axi Sovetlərin vaxtında bizim artıq dünya səviyyəsində tanınan çox maraqlı kinolarımız vardı. İndi də nəyin bahasına olursa-olsun dövlət səviyyəsində kino sənayemizi dirçəltmək üçün böyük maliyyə ayrılmalıdır. İstedadlı gənclərimizi xarici ölklərdəki institutlara göndərmək lazımdır ki, onlar orada kino ssenari, rejissor və operator kurslarında təhsil alsınlar. Eləcə də tanınmış xarici rejissorları Azərbaycana dəvət etmək lazımdır ki, gəlib burada kinofilmlər çəksinlər və bizim cavanlar da onlardan bu işi mükəmməl öyrənsinlər. Əlbəttə, teatr və kino sahəsində rejissor işləmək üçün ilk növbədə böyük səbr, savad, təşkilatçılıq və bacarıq lazımdır. Bu da asanlıqla yetişmir. Əvvəllər rejissura sahəsində çalışanlar çox idi. Bu gün teatrlarda və kinoda çalışan gənc rejissorlar da var. Onların da fəaliyyətləri təqdirəlayiqdir. Sadəcə onlara böyük qayğı lazımdır. İnanıram ki, tezliklə bu problemlər də həll olunacaq. Yenə də Azərbaycan teatrları və kinosu dünya səviyyəsində öz sözünü deyəcək. Axı teatr və kino millətin güzgüsüdür. Bu güzgü nə qədər parlaq, aydın olsa, onda millətə baş ucalığı gətirər. Axı biz böyük mədəniyyəti, ədəbiyyatı olan xalqıq” deyə Ağalar İdrisoğlu bildirib.
