“Atam filmdə özünü yaratmışdı, Cəbiş müəllim kimi hər şeyə inanırdı” -FOTO+ÖZƏL
Mədəniyyət
226
17:45, Bu gün

“Atam filmdə özünü yaratmışdı, Cəbiş müəllim kimi hər şeyə inanırdı” -FOTO+ÖZƏL

“Atam kinomuzun Cəbiş müəllimi kimi tanınsa da, teatr səhnəsində 300-ə yaxın obrazın ifaçısı olub. 83 yaşında dünyasını dəyişdi, 63 il fasiləsiz Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxdı. Mən ailədə böyük sevgi ilə böyümüşəm. Bizim ailə balaca idi. Atam, anam və mən. Bizim evimiz kiçik bir mədəniyyət ocağı olub. Mən atamın əziz-xələfi idim. Bunu onun sözü ilə deyirəm. Həmişə işdən evə gələndə deyirdi ki, “mənim əziz xələfim hanı, niyə qapıya gəlib məni qarşılamadı?”.

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib.

O atasını tamaşaçılara sevdirən Cəbiş müəllim rolundan da danışıb:

“Elə bil ki, “Cəbiş müəllim” filmində atam özünü yaratmışdı. Cəbiş müəllim kimi sadə, hər şeyə inanan, rəhmli belə bir insan idi. O filmdə özünü yaratdığı üçün Cəbiş müəllim inandırıcı çıxmışdı. Düzdür, atamdan əvvəl Cəbiş müəllim roluna görə 5-6 aktyor çağırmışdılar. Eyni zamanda Rza Təhmasibi də sınaq çəkilişlərinə dəvət etmişdilər. Həsən Seyidzadə hətta atama onda demişdi ki, “Süleyman müəllim düzdür, biz kino sınaqa çox aktyor çağırmışıq, ancaq Cəbiş müəllimə sən çəkiləcəksən, bu rola səni layiq bilirəm”. Demək olar ki, 6-7 aya çəkildi həmin film. Mən 9-cu yaxud da 8-ci sinifdə oxuyurdum. Oxuduğum məktəbin yanında çəkirdilər, dərsdən qaçıb, çəkilişlərə gedib baxırdım” deyə sənətkarın qızı bildirib.

Sevil xanım atasının ölümündən sonra çox ağır günlər yaşadığını bildirib:

“Bir müddət atam üçün çox nisgilli gəzdim. Elə hara baxırdım atamı görürdüm, çünki vaxtımın çoxunu onunla keçirirdim. Biz bir-birimizə elə bağlanmışdıq ki.. Mən gözümü açıb atamı görmüşdüm, atam da həmişə mənim yanımda olub. Bu gün də hər yerdə gözüm onu axtarır” - deyə sənətkarın övladı bildirib.

Link kopyalandı!
Son xəbərlər