“Əliağa Ağayev toyumda mikrofonu götürüb dedi ki, Rafiq səhnəyə çıxanda əsir”- FOTO+ÖZƏL
Mədəniyyət
212
17:37, Bu gün

“Əliağa Ağayev toyumda mikrofonu götürüb dedi ki, Rafiq səhnəyə çıxanda əsir”- FOTO+ÖZƏL

“Aktyorluq sənəti çox çətin sənətdir. Universitetdə, teatrda dərs dediyim vaxtlarda tələbələrimə tövsiyyə edirdim ki, siz aktyor olsanız gərək yaxşısının yaxşısı olasız. Ortabab aktyor heç kimə lazım deyil. Tamaşaçının sevgisini qazanmaq istəyirsənsə bütün duyğularını işə salmalısan. Əgər bunlar varsa bizim sənətimizin tavanı yoxdur, əlçatmazdır. Qəbir evinə qədər oxumaq, öz üzərində işləmək lazımdır. Əgər bunlar varsa aktyorluq sənətinə gələ bilərsən, bunlar yoxdursa gedin özünüzə başqa sənət seçin”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aparıcı aktyoru Rafiq Əzimov deyib.

O daha sonra əlavə edib:

“Mən o illərdə teatra gələndə böyük, korifey sənətkarlarla tərəf müqabili idim. Sadıq Saleh, Fatma Qədri, Ağasadıq Gəraybəyli və s. sənətkarlarla səhnəyə çıxırdım. İnanın ki, səhnədə əsim-əsim əsirdim. Əliağa Ağayev mənim toyumda sağlıq dedi ki, “Rafiq səhnəyə çıxanda əsir, mən də səhnəyə çıxanda əsim-əsim əsmişəm. O sənətkar ki, səhnəyə çıxanda əsmir, ondan sənətkar olmaz. Mən arzulayıram ki, Rafiq səhnəyə çıxanda həmişə əssin”. Bu nə deməkdir? Bu o qədər o ciddi sənətdir ki, tamaşaçı qarşısına çıxanda gərək başqalaşasan, məsuliyyət daşıyasan” - deyə sənətkar bildirib.

Rafiq Əzimov teatrdakı islahatlardan da danışıb:

“Bilirsiniz ki, teatrda yeni strukturlar yaradılıb. İnanıram və ümid edirəm ki, teatrımız beynəlxalq aləmə böyük arzularla, məhəbbətlə, böyük tamaşalarla çıxacaq. Aktyorlarımızın səsi yüksək yerlərdən gələcək. Hər dövrün öz islahatları olub. İslahatlar teatrın inkişafına yönəlib” deyə sənətkar bildirib.

Link kopyalandı!
Son xəbərlər